Siyasət

Paşinyanın sorğu fırıldağı – ŞƏRH + FOTO

Sharing is caring!

Son günlər Ermənistanın ictimai-siyasi həyatı növbəti təlatümlü dövrünə qədəm qoyub. Ölkə daxilində siyasi hava o qədər gərginləşib ki, strateq və texnoloqlar yeni üsullar fikirləşmək və gərginliyi azaltmaq üçün aciz qalıblar.

Eyni zamanda, Ermənistanın demokratiya və bir sıra göstəricilərdə dünya reytinqlərində geriləməsi, Respublikaçılar Partiyasının sədr müavini, hazırda həbsxana həyatı yaşayan Armen Aşotyanın bu məsələ ilə bağlı tənqidi çıxışı da gərginliyi artıran faktorlardan sayılır. Bu sıraya müxalifətin artıq aktivləşməsi, bir sıra partiyaların birgə iclas keçirərək hökumətin addımlarını tənqid etməsi, yeni blok və koalisiyaların yaranması, keçmiş siyasilərin partiya qurmaq üçün sıraya düzülməsi də əlavə edilməlidir.

Bu yaxınlarda Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın istefa verməsinə də məhz bu hadisələr prizmasında baxmaq lazımdır. Marukyan hakimiyyətin xarici siyasətini bəyənmədiyi üçün istefa etdiyini bildirib. Əslində isə növbədənkənar parlament seçkisinə hazırlaşan Nikol Paşinyanın sifarişi ilə Marukyan bu yaxınlarda yeni partiya ilə siyasətə qayıda bilər və seçkidə müxalifətin səsini parçalamaq üçün cib müxalifəti rolunu üzərinə götürə bilər.

Bütün bunlarla yanaşı, daxili gərginliyi azaltmaq, gələcəkdə baş verə biləcək istənilən problemi xalqa yükləmək “International Republican Institute” (IRI) tərəfindən Ermənistanda yeni sosial sorğu keçirilib. Ancaq açıqlanan nəticələrdən məlum olur ki, sorğu küçələrdə, xalq arasında keçirilməyib, sırf Vətəndaş Sazişi Partiyasının baş qərargahında hazırlanıb.

Məsələn, guya sorğuda iştirak edənlərin 50 faizi bildirib ki, Ermənistan düzgün yolda irəliləyir, 12 faizi cavab verməkdə çətinlik çəkib, 38 faizi isə dövlətin düzgün yolda hərəkət etmədiyini vurğulayıb. Seçkidə də 50, 51 faizlik baryerlə müxalifətə qalib gələn Paşinyan hökuməti bu sorğuda məhz xalqın 50 faizinin dəstəyini aldığını şüuraltı yeritməklə gələcəkdə yaranacaq problemdə “xalq da bizi dəstəkləyirdi” yalanının arxasında gizlənməyə çalışır.

 

Qeyd etmək yerinə düşər ki, son dövrlər sərhəd təxribatları törədərək sülh danışıqlarını sabotaj edən Ermənistan hökuməti sorğuda da bu məsələnin üstündən keçməyib. Məlum olub ki, respondentlərin 47 faizi bildirib ki, bu gün ölkənin qarşılaşdığı əsas problem milli təhlükəsizlik və sərhəd təhlükəsizliyi məsələsidir. Əslində isə bu gün erməni dövlətinin ən böyük problemi ölkədaxili ciddi məsələlərdir. Artıq miqrasiya yox, depopulyasiya ilə üzləşən Ermənistanda işsizlik, korrupsiya çox ciddi rəqəmlərlə özünü büruzə verir. Hətta Qarabağ ermənilərinin böyük qisminin ölkəni tərk etdiyi bildirilir. Bu qədər problem içində sərhəd təhlükəsizliyi məsələsinin ilk sırada yer alması isə təsadüfi deyil.

Maraqlıdır ki, ölkədə artan rusofobiya və Rusiya ilə əlaqələri qoparma tendensiyası əhali, xüsusən də müxalifət tərəfindən sərt şəkildə tənqid edilir. Hətta bir sıra siyasi xadimlər Fransanın ağuşuna sığınmağın, Avropaya bel bağlamağın təhlükələri barədə palaz-palaz məqalələr dərc etsələr də, Vətəndaş Sazişi yolundan dönməyəcəyini hər vəchlə bildirir. Belə ki, sorğu nəticələrinə görə, artıq ermənilərin 61 faizi Fransanı əsas siyasi partnyor sayır, Rusiya siyahıda 5-ci pillədə qərarlaşıb. Eyni zamanda, təhlükəsizlik sahəsində də vacib partnyor kimi Fransa göstərilir. Rusiya bu siyahıda da ciddi şəkildə geriləyərək 4-cü yerə layiq görülüb.

Ermənistan üçün iqtisadi təhlükə olaraq, ikinci yerdə Rusiya qərarlaşıb. Respondentlərin 51 faizi şimal qonşusunu iqtisadi cəhətdən təhdid kimi qəbul etdiklərini bildiriblər. Rəqəmlərdən də göründüyü kimi, ölkənin Moskva ilə əlaqələrini qoparma siyasətinə xalqı alət edən Nikol Paşinyan hökuməti bu cür sorğu fırıldaqları ilə gözdən pərdə asmaq yolunu tutub və bu məsələdə də “xalqın gözü tərəzidir” misalını özünə deviz seçib. Maraqlıdır ki, bir tərəfdən, sorğu nəticələri ilə oynayan hakim partiya Moskvanı iqtisadi təhdid kimi görür, digər tərəfdən də ölkənin əsas ticari tərəfdaşı da Rusiyadır və Avrasiya İqtisadi İttifaqına üzvlüyü erməni dövlətinə gəlirdən başqa heç nə vəd etmir. Bütün bunların fonunda atılan addımların məntiqsizliyi bir daha özünü göstərir.

İş orasındadır ki, məsələ bununla da bitməyib. Guya respondentlərin 89 faizi ABŞ ilə münasibətlərdən razı olduğunu, 87 faizi Aİ ilə münasibətləri yaxşı qiymətləndirdiyini, 66 faizi isə Kreml ilə İrəvanın münasibətlərinin pis olduğunu qeyd edib.

Beləliklə, hakim partiyanın siyasəti nəticəsində artıq Rusiya ilə münasibətlər elə bir həddə gəlib çatıb ki, artıq xalqın dili ilə şimal ölkəsi təhdid kimi qəbul edilir. 2018-ci ildə isə bu rəqəm cəmi 6 faiz təşkil edirdi. Paşinyan hakimiyyəti dövründə, yəni 2021-ci ildə bu göstərici 15 faizə qədər artmışdısa, bu gün aparılan siyasət nəticəsində 40 faiz təşkil edib. Artıq ölkədə anti-Rusiya təbliğatı geniş vüsət alıb. Hadisələrin bu tendensiya üzrə davam etməsi isə müxalifətin hiddətinə səbəb olub. Artıq müəyyən siyasi dairələrdə gedən söz-söhbətə görə, sorğunun sifarişçisinin ABŞ olduğu qeyd edilir.

Təbii ki, nəticələrə baxanda da bu fikir formalaşır. Görünür, okeanın o tayından gələn sifariş cəmiyyəti və ictimai fikri bu formada yönləndirməklə bağlıdır. Təsadüfi deyil ki, demokratiya ilə bağlı reytinqlərdə Ermənistanın göstəricilərinin kəskin enməsi və məhz bu sorğunun nəticələrinin dərc olunması fonunda ABŞ Dövlət Departamenti açıqlama verərək, Ermənistandakı demokratiyanın inkişafına 52 milyon dollar vəsait ayrıldığını bəyan edib. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Qərbin və ABŞ-nin Qarabağ erməniləri üçün ayırdığı iri məbləğdə pullar da Paşinyan hökuməti tərəfindən başqa məqsədlər üçün istifadə edilir. Bu vəsaitin böyük bir hissəsi hazırda Ermənistandakı sosial-iqtisadi layihələrə ayrılmaq üçün nəzərdə tutulub. Atılan addımın məqsədi isə növbədənkənar parlament seçkisində seçkiqabağı kampaniyalarda qalib gəlmək üçün vasitə sayılmasıdır.

Erməni siyasi kulislərində isə artıq növbədənkənar seçki barədə pıçıltılar dolaşır. Belə bir sorğu və atılan addımlar da bunun yaxın zamanlarda reallaşacağına işarədir. Bu səbəbdən də Vətəndaş Sazişinin seçkidə müxalifət üzərində qalib gəlməsi üçün belə tip sorğuların növbəti dövrlərdə də keçiriləcəyinə, ictimai rəyi buna kökləyəcəyinə şübhə yoxdur.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir