Siyasət

Qondarma rejimin izləri Xankəndidən silinir – ŞƏRH

Sharing is caring!


Xankəndidə separatçıların vaxtı ilə tikdirdiyi “parlament” binası sökülür.

Qeyd edək ki, həmin tikili erməni separatçıları tərəfindən “parlament” binası kimi istifadə edilirdi.

Həmin tip binaların heç bir tarixi əhəmiyyəti yoxdur. Həm də o bina regionda separatçılığın mirası idi. İndi həmin bina sökülürsə, bu, regionun separatçılardan təmizlənməsindən sonrakı proseslərə verilən töhfədir.

Bildirək ki, Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərin baş planlarını hazırlayır.

Onu da xatırladaq ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırma həyata keçirir. Artıq Laçın, Zəngilan və Füzuliyə köç reallaşdırılıb.

Prezident İlham Əliyev bu ilin fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlini qoyarkən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Xankəndi və Xocalıda görüləcək işlərdən danışıb.

Prezident deyib:

“O vaxt – işğal dövründə mənim köçkünlərlə, – bu gün keçmiş köçkünlər adlandırılır, köçkün anlayışı artıq tamamilə silinib bütün bizim vətəndaşlarımızdan, – çoxsaylı görüşlər əsnasında hər dəfə onlara deyirdim ki, gün gələcək və biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Yüzdən çox köçkün qəsəbəsi salınmışdır və köçkün qəsəbələrinin hamısının açılışlarında mən iştirak etmişəm. Birinci köçkün qəsəbəsi o vaxt ulu öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır və o vaxt bizim o qədər də böyük maliyyə imkanlarımız yox idi. Ancaq olan-qalan vəsait də bax o məqsədlər üçün istifadə olundu və bu, bir yol göstəricisi idi. Yəni, ulu öndər hamımıza göstərmişdi ki, biz ağır vəziyyətdə yaşayanlar üçün gərək şərait yaradaq. Eyni zamanda, bizim əsas məqsədimiz torpaqların azad edilməsi idi və o vaxt köçkünlərlə çoxsaylı görüşlər əsnasında deyirdim ki, bu şərait yaradılır, bu şərait yaxşıdır, – çadır şəhərcikləri, bilirsiniz ki, sonuncusu 2007-ci ildə ləğv edildi, – ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra ondan daha yaxşı şərait yaradılacaq sizin doğma torpaqlarınızda və bu gün biz bunu görürük. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb.

Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin”.

Bildirək ki, regionda genişmiqyaslı quruculuq işləri həyata keçirilərkən mədəni-tarixi obyektlərin bərpası də diqqətdə saxlanılıb, mövcud abidələr nəzərə alınıb.

Amma işğal dövründə tikilmiş və yalançı tarix yaratmaq üçün Ermənistan tərəfindən atılan addımlar bu kateqoriyaya aid deyil. Çünki onlar işğal nümunələridir və hər hansı tarixi dəyərə malik deyil.

Ona görə də işğal dövründə tikilmiş, heç bir əhəmiyyət kəsb etməyən, şəhərin ümumi görünüşünə xələl gətirən tikililər sökülür.

Nəzərə almaq lazımdır ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparılır. Xankəndidəki məlum “parlament” binasının söküntüsü də həyata keçirilən bu prosesin tərkib hissəsidir.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir