Siyasət

Məlahət İbrahimqızı: “İlham Əliyev qalib Azərbaycanın yeni dövrünün yol xəritəsini açıqladı” – FOTO

Sharing is caring!


“Növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevə inam və etimadını nümayiş etdirdi. Zəfər seçkilərinin qalibi müasir Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran Ali Baş Komandanımız oldu. Son iki yüz illik tariximizdə torpaqlarımızı azad edən, onu əsl sahibinə qaytaran lider məhz Prezident İlham Əliyevdir. Xalqımız da haqlı olaraq bütün müstəvilərdə prezidentin siyasətinə açıq dəstək ifadə edir”.

Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, yeddi fevral prezident seçkilərinin nəticələri Azərbaycan xalqının öz liderinə böyük ehtiramının, sevgisinin və onun ətrafında hər zaman bir yumruq kimi birləşməyə hazır olmasının ifadəsi idi:

“İkinci Qarabağ müharibəsindəki tarixi Zəfər, 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ilə separatizmin kökünün kəsilməsi, ərazi bütövlüyü və suverenliyimizin bərpası, eyni zamanda 7 fevralda baş tutan növbədənkənar prezident seçkilərindən sonra müasir, müstəqil Azərbaycanın tarixində yeni mərhələ başladı. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflər haqqında danışmaqla, yeni yol xəritəsinin istiqamətlərini də bəyan etmiş oldu. Sözsüz ki, ölkə başçısının 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası ilə yanaşı, Azərbaycanın regional və qlobal miqyasda bir aktor kimi formalaşması da dayanır. Xalqımızın birliyi və dövlət başçısına sonsuz inamı sayəsində bu tarixi nailiyyəitlər əldə olunub.

Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin edən Azərbaycan hazırda Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində mühüm təşəbbüslərin müəllifidir. Otuz ilə yaxın danışıqları uzadan, keçmiş status-kvonu qoruyub saxlamağa çalışan Ermənistan İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan sülh müstəvisində etmiş olduğu təklifə adekvat cavab vermək niyyətində deyil. Görünən odur ki, Ermənistan havadarlarının təhriki ilə prosesi uzatmaq, özü üçün hansısa bir “vəziyyətin” yaranacağına ümid edir”.

M.İbrahimqızı onu da əlavə edib ki, Ermənistan növbəti dəfə müəyyən beynəlxalq dairələr, o cümlədən Fransa kimi ölkələrin təhriki ilə sülh prosesi ətrafında spekulyasiya edir:

“Prezident İlham Əliyevin də haqlı olaraq çıxışı zamanı vurğuladığı kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Ölkə başçısı çıxışında “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Amma biz öz məsələmizi həll etmişik”-, deyə fikir səsləndirdi. Bütün bunlara baxmayaraq Ermənistan və ona havadarlıq edənlərin pozuculuq niyyəti növbəti dəfə fiaskoya məhkumdur. Çünki indi yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi qalib, güclü Azərbaycan dövləti və onun dünya siyasi arenasında öz dəsti-xətti olan prezidenti – İlham Əliyevdir.

Məhz bu kontekstdə Prezident İlham Əliyevin söylədiyi bir fikirə diqqət çəkmək istəyirəm. O dedi ki “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Bu mesaj əslində erməni revanşizminə züy tutmaq istəyənlərə ən layiqli cavab idi. Azərbaycanın müstəqil daxili-xarici siyasət kursu sabitdir. Bu strategiya ölkəmizin milli maraqlarına əsaslanır. Azərbaycan yerləşdiyi coğrafiyada sülhün, sabitliyin, inkişaf və tərəqqinin tərəfdarı olduğunu bəyan edib. Ölkəmiz bu regionda daha sıx qarşılıqlı mədəni, siyasi, iqtisadi əlaqələrin formalaşması üçün mühüm təşəbbüslərlə çıxış edir. Zəngəzur dəhlizinin reallığa çevrilməsi üçün rəsmi Bakı özünün konkret konsepsiyasını ortaya qoyub ki, bu bağlantının yaranması bölgədə yeni bir canlanmaya səbəb olacağı da şübhəsizdir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın müəyyənləşdirdiyi strategiya müstəqillik və suverenlik amilləri üzərində fundamental prinsiplərə söykənir:

“Ölkə başçısının andiçmə mərasimində söylədiyi kimi Azərbaycanın daxili və xarici siyasət kursunda əsas istiqamətlər qarşılıqlı maraqlara əsaslanan strateji bir xətt mövcuddur. Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda hər kəslə bərabər statusda münasibətlərin formalaşmasında maraqlıdır. Bu isə qarşılıqlı maraqlara, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə və beynəlxalıq platformalarda həmrəyliyə əsaslanır. Dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik, qlobal pandemiya dövründə Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslər, “COP29” kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi ilə bağlı dünya dövlətlərinin mütləq əksəriyyətinin yekdil qərarı birbaşa Azərbaycanın beynəlxalq miqyasda artan rolundan, ölkəmizə olan birmənalı münasibətin xarakterindən xəbər verir. Sözsüz ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi yeni bir mərhələ gözləyir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir