Siyasət

Polkovnik: “Başqa ölkələrdən silah asılılığında qalmaq ciddi təhlükədir” – FOTO

Sharing is caring!


“2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi zamanı xalqın səsinin və etibarının mütləq çoxluğu ilə yenidən dövlət başçısı seçilən İlham Əliyevin andiçmə mərasimində çıxışı son illərdə əldə edilmiş böyük zəfərlərin yeni bir hesabatı, gələcəyə hesablanmış inkişaf proqramı idi”.

Bunu Oxu.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, tarix elmləri doktoru Mehman Süleymanov bildirib.

Onun sözlərinə görə, çox qətiyyətli və aydın şəkildə edilmiş bu çıxışın hər cümləsi real və quruculuq vəzifələrinin ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinə olan dövlətçilik baxışının bütün dünyaya elan edilməsi idi:

“Respublika Prezidentinin bu tarixi çıxışında xüsusi olaraq qeyd edilən belə vəzifələrdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi idi. İlham Əliyev gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasını əsas vəzifə kimi qəbul edir və əlavə edir ki, bu vəzifənin icrasına çox ciddi yanaşılmalıdır. Onun “Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir” fikri dövlət rəhbəri tərəfindən Azərbaycan gəncliyinə verilmiş bir qiymətdir”.

Ekspert bildirib ki, İ.Əliyev müasir və 44 Vətən müharibəsinin əsas ağırlığını öz üzərinə götürmüş Azərbaycan gəncliyini nümunə sayır:

“Texniki inkişafın ən son nailiyyətlərini özündə əks etdirən müasir hərbi silah və texnologiyanın zərbə gücü heç zaman olmayacaq qədər əhatəlidir. Onların silahlanmaya alınması taktiki imkanlara da böyük vüsət verir. Bununla belə, onu da nəzərə almaq lazımdır ki, həmin texnologiyanı hərəkətə gətirən də insanlardır.

Hərbçilərin mübarizliyi, qətiyyəti, təşəbbüskarlığı müharibədə aparıcı qüvvəyə çevrilir. İ.Əliyevin də qeyd etdiyi kimi, müharibədə qələbə bayrağını dalğalandıran da hərbçilərdir. Yalnız vətənpərvər olan hərbçi müasir hərbi texnologiyanın yarada biləcəyi dəhşətlərdən qorxmadan Vətən uğrunda, dövlətçilik uğrunda, müqəddəs torpaqlar uğrunda canından keçməyə hazır ola bilər.

Gəncliyimiz üçün xüsusi əhəmiyyət kəsb edən hərbi vətənpərvərlik isə Vətənin maraqları və müdafiəsi üçün canından keçməyə hazır olmaqdır. Bu gün Azərbaycan gəncliyini fərqləndirən və Prezident tərəfindən də yüksək qiymətləndirilən məhz bu keyfiyyətdir. Prezidentin andiçmə mərasimindəki çıxışı zamanı qeyd etdiyi kimi, Vətən müharibəsi dövründə Ermənistan ordusundakı fərarilər sayı 12 min nəfəri ötüb.

Bu, Ermənistan ordusunun şəxsi heyətinin təxminən 25-30 faizi qədər idi. Azərbaycan əsgərinin və bütünlükdə Azərbaycan gənclərinin Vətənin müdafiəsinə olan münasibəti isə bizim hamımızın gözləri qarşısındadır. Hələ 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş vermiş erməni təxribatından sonra Azərbaycanın bütün şəhərlərində və rayon mərkəzlərində gənclər küçə və meydanlara axışdılar, Vətənin müdafiəsinə yollanmaq üçün Azərbaycan Prezidentinin verəcəyi fərmanın icrasına hazır olduqlarını bildirdilər.

Vətən müharibəsinin başlanmasından sonra da Azərbaycan gənclərinin həmin mübarizliyi və yekdilliyi bir daha təkrar olundu. Bu, Azərbaycan gəncliyinin vətənpərvərliyinin əsl nümunəsi idi. İlham Əliyev də Azərbaycan gəncliyinin bu vətənpərvərliyini yüksək qiymətləndirirdi. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Bir daha göstərir, elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz”.

M.Süleymanov qeyd edib ki, hərbi sənaye kompleksi hər bir dövlət üçün hərbi-strateji əhəmiyyət kəsb edən fəaliyyət sahəsidir:

“Çünki ölkənin müdafiəsinin artan tələblərinin ödənməsi hərbi təhlükəsizliyin təmin edilməsinin mühüm şərtlərindən biridir. Əgər istənilən ölkə ordunun gücləndirilməsi və təchizi üçün zəruri olan silah, texnikanın istehsalına malik olmasa, onda bu silah və texnikanın alınması üçün başqa ölkələrdən asılı vəziyyətdə qalacaq.

Başqa ölkələrdən silah asılılığında qalmaq isə döyüş meydanında uğursuzluğa yol aça biləcək ciddi bir təhlükədir. Potensial hərbi təhlükənin qarşısında aciz bir duruma düşmək isə dövlətin müstəqilliyini və gələcəyini şübhə altına qoya bilərdi. Məhz bu məqamlar nəzərə alındığı üçündür ki, 2006-cı ildə İlham Əliyevin fərmanı ilə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Hazırda bu nazirliyin istehsalat sahələrində Azərbaycan Ordusunun təchizi üçün müasir silahlar və hərbi texnika istehsal edilməkdədir.

Yəni silah və hərbi texnikanın bir çox növləri üzrə Azərbaycan heç bir ölkədən asılı deyil və öz ehtiyacını respublika daxilində təşkil edilmiş istehsalla ödəmək gücündədir. Müqayisə üçün qeyd etmək mümkündür ki, Vətən müharibəsinin gedişində Ermənistanın silah və sursat ehtiyatları çox tezliklə tükəndi və elə müharibənin gedişində müxtəlif ölkələrdən müxtəlif yollarla Ermənistana silah daşınmasına başlandı. Azərbaycanda isə buna ehtiyac yaranmadı.

Çünki müharibənin ehtiyaclarının böyük bir hissəsi respublika daxilində ödənilirdi. Sözsüz ki, Azərbaycan həm də digər ölkələrdən silah almaqda davam edir. Elə hərbi texnika var ki, onların istehsalının Azərbaycanda qurulması sərfəli deyil. Ona görə də onların xaricdən alınması davam edir.

Amma elə hərbi texnika da var ki, indiyə kimi onlar digər ölkələrdən alınırdısa, indi onların istehsalı respublika daxilində qurulacaq. Respublika Prezidenti də ona işarə edirdi ki, hərbi sənayeyə qoyulacaq sərmayə artırılacaq və bundan sonra böyük həcmdə silah-sursatla özümüzü təmin edəcəyik”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir