Siyasət

Ermənistan “oturduğu budağı kəsir”: Sərhəd təxribatı İrəvanın əsl niyyətini göstərdi – ŞƏRH + FOTO

Sharing is caring!


2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi bir lokal sutkalıq antiterror tədbirlərindən sonra Qarabağdakı separatçı rejim ləğv olundu. Bu, Bakı ilə İrəvan arasında gərginliyin azaldılmasına müəyyən töhfə verdi və sülh gündəliyini aktuallaşdırdı. Dörd aydan çox müddət ərzində Ermənistanla Azərbaycan arasında heç bir hərbi gərginlik yaşanmadı. Amma bu sakitlik uzun çəkmədi.

Bu gün Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb. Məlumata əsasən, atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb. Bu, əlbəttə, Ermənistanın növbəti təxribatı kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət yerli televiziya kanallarına müsahibəsində regiondakı vəziyyət, o cümlədən mövcud sabitlik barədə danışmışdı. Bir neçə ay davam edən sakitlik məhz rəsmi Bakının hərbi-diplomatik səylərinin nəticəsi idi. Lakin Ermənistanın bu konstruktiv hərbi vəziyyəti davam etdirməyə siyasi iradəsi çatmadı.

Əslində Ermənistanın belə bir təxribata əl atacağı gözlənilən idi. Hindistan və Fransa kimi dövlətlərin son zamanlar Ermənistanı sürətlə silahlandırması, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının genişləndirilməsi istiqamətində səylər, habelə Fransa Milli Jandarmının xarici missiyalarının komandiri, briqada generalı Uilyam De Meyerin Ermənistana gedərək binoklla Azərbaycana tərəf baxması təsadüfi deyil. Bunun məntiqi nəticəsi olmalı idi. Üstəgəl, maraqlıdır ki, həmin vaxtlarda xarici KİV-də, o cümlədən İrəvan mediasında Ermənistanın sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı iddia edilirdi.

Bütün bunlar onu deməyə əsas verir ki, provokasiya qəsdən və məqsədyönlü şəkildə törədilib. Qarşı tərəf bilərəkdən vəziyyəti gərginləşdirməyə çalışır.

Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 11-də “The Telegraph” nəşrinə müsahibəsində İrəvanın Bakı ilə sülh müqaviləsini imzalamağa hazır olduğunu demişdi. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.

Amma bugünkü hadisə göstərdi ki, Ermənistan hakimiyyəti belə bir iradəyə sahib deyil.

Məsələ ondan ibarətdir ki, Paşinyan kənar güclərin, o cümlədən ABŞ-nin, Fransanın, Avropa İttifaqının (Aİ) təsiri altındadır. Adıçəkilən oyunçuların hər biri İrəvana təzyiq göstərərək öz maraqlarını təmin etməyə çalışırlar. Onların bir çoxu, xüsusilə Qərb oyunçuları regiondakı təsir güclərini artırmağa çalışırlar və bunun üçün gərginliyin qorunmasına səy göstərirlər. Ermənistan isə lazımi siyasi mövqeyi ortaya qoya bilməyərək kənar güclərin təhrikinə məruz qalır. Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.

Nəzərə almaq lazımdır ki, bu cür sabotaj cəhdləri sülh quruculuğu prosesinə töhfə vermir. Əksinə, vəziyyəti gərginləşdirir və Ermənistana etimadı azaldır. Bu günkü hadisə bir daha onu deməyə imkan verir ki, İrəvanın sözünə, səmimiliyinə inanmamaq üçün kifayət qədər əsas var.

Ermənistan süni gərginlik yaratmaqla, üçüncü tərəflərin sifarişlərini yerinə yetirməklə və onlara inanmaqla əslində “oturduğu budağı kəsir”. Çünki regional əməkdaşlıq imkanlarından məhrum olur.

Qərb ölkələrinə güvənməyin fəlakətə səbəb olduğunu Paşinyan digər regionlara, o cümlədən Yaxın Şərqə, Şərqi Avropaya baxaraq görə bilər.

Nəhayət, nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında sərhədlər hələ müəyyənləşməyib. Yaxşı olar ki, İrəvan “odla oynamasın”. Əks halda Azərbaycan qabaqlayıcı və adekvat addımlar atmaqla özü öz sərhədlərini müəyyənləşdirə bilər. Bu isə Ermənistan üçün yaxşı nəsə vəd etmir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir