Siyasət

Azərbaycanın Türkmənistandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Sharing is caring!


Azərbaycanda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq Türkmənistandakı səfirlikdə seçki məntəqəsi yaradılıb.

Bu barədə “Report”a diplomatik nümayəndəlikdən məlumat verilib.

Bildirilib ki, Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətə gələn 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkmənistandakı səfirlikdə yaradılmış 48 nömrəli seçki məntəqəsində, yerli vaxtla saat 8:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçirə biləcəklər.

Məntəqə seçki komissiyası prezident seçkisinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır.

Məlumata görə, Türkmənistanda konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının prezident seçkisi ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Səsvermədə iştirakla əlaqədar seçicilər məlumatlandırılıblar. Eyni zamanda, səfirliyin internet səhifəsində, sosial şəbəkələrdəki hesablarında elanlar yerləşdirilib.

Qeyd edək ki, seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir