Siyasət

Ermənistanın hüquq müdafiəçiləri “demokrat” Paşinyana qarşı – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyan Avropaya çoxsaylı səfərləri zamanı ölkəsində insan hüquq və azadlıqlarından ağızdolusu danışır, hətta Cənubi Qafqazda “demokratiyanın çırağı” olduqlarını iddia etməkdən çəkinmir. O, “qoca qitə”ni cəfəngiyat dolu bəyanatlarına inandırmağa çalışır, təəssüf ki, əksəriyyət də ona inanır. Ölkənin nüfuzlu hüquq müdafiəçiləri isə hökumət başçısının bu mövqeyini bölüşmür. Mütəmadi olaraq polis zorakılığı, sərt qanunların qəbulu və cəza tədbirlərinin artdığını gündəmə gətirirlər. Artıq bu etirazlar kütləvi xarakter almağa başlayıb. İş o yerə çatıb ki, onlar ümidlərini Paşinyanı “demokrat” gözündə görən Qərb dövlətlərinə dikiblər. Söhbət bir qrup hüquq müdafiəçisinin ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə ünvanladıqları məktubdan gedir. Məktubda insan haqlarının kobud şəkildə pozulduğu vurğulanır. Onlar ümidvardırlar ki, Ermənistanı “Cənubi Qafqazda demokratiya qalası”, “köklü islahatların həyata keçirildiyi ölkələr” sırasına daxil edən Qərb strukturları bu qalmaqallı müraciətdən sonra mövqelərinə yenidən baxacaqlar.

Erməni hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkədə yazıb ki, qaldırdıqları məsələlərin beynəlxalq tərəfdaşların diqqət mərkəzində olacağına ümid edirlər. Bəzilərinə cavab gəlsə də, mahiyyət açıqlanmayıb. Görünür, cavab onları qane etməyib.

Reallıq odur ki, meydanlardan hakimiyyətə gələn N.Paşinyan hökuməti artıq ünvanına səslənən tənqidləri qəbul etmir. Etiraz aksiyalarında polis zorakılığı, müxalifət nümayəndələrinə qarşı cəza tədbirləri də bu qənaəti gücləndirir. Hakimiyyət polisə son aylarda xüsusi imtiyazlar verməkdədir. Yayılan məlumatlara görə, həbsxanalarda saxta və uydurma ittihamlarla, siyasi motivli və qondarma cinayət işi ilə əlaqədar 50 nəfərdən çox şəxs saxlanılır. Hüquq müdafiəçilərinin məktubunda bu məsələyə də toxunulur. Özü də həmin hüquq müdafiəçiləri daha çox Qərbə yaxınlıqları ilə seçilən şəxslərdir. Adətən bu tip ittihamlar səslənəndə Paşinyan mediası dərhal onları rusiyapərəstlikdə ittiham etməyə çalışır. Bu dəfə isə hakimiyyət hüquq müdafiəçilərinin məktubuna nədənsə reaksiya verməyib. Həm də onlar Rusiyadan başqa bütün diplomatik nümayəndəliklərə məktub göndəriblər. Yəqin elə bu səbəbdəndir ki, Qərb dövlətləri və tabeliyində olan təşkilatlar susqunluq nümayiş etdirir. Nə ABŞ, nə də Fransa dövlətlərinin səfirliklərindən həmin hüquq müdafiəçilərinə cavab verilib.

Qeyd edək ki, Ermənistanda insan hüquq və azadlıqlarının pozulduğuna dair ABŞ Dövlət Departamentinin 2022-ci ildə hazırladığı hesabat var. Hesabatı Nikol Paşinyan və komandası üçün “sarı kart” hesab etmək olar. Təəssüf ki, üstündən bir müddət keçdi və sanki bu hesabat olmayıbmış kimi, hər şey unuduldu. Bu qənaətdə olanlar arasında Ermənistan Helsinki Assosiasiyasının rəhbəri Nina Karapetyants da var. Onun sözlərinə görə, hesabat müəllifləri ölkədə insan haqları ilə bağlı vəziyyəti adekvat hesab ediblər. “Sistemli korrupsiya” anlayışını da məhz ABŞ tərəfinin gündəmə gətirdiyi vurğulanıb.

“Qolos Armeniya” nəşrində dərc olunan məqalədə isə “Ermənistan Paşinyanın hakimiyyəti dövründə hüquqi dövlət statusunu itirib” fikri əksini tapıb. Bu da hüquq müdafiəçilərinin yanaşması ilə üst-üstə düşür. “Ölkədə artıq ədalət yoxdur. Hər şey bitdi. Məhkəməni siyasi mübarizə alətinə çevirən hakimiyyət hüququn əsasını məhv edir, onu tam deqradasiya vəziyyətinə gətirib çıxarır”, – deyə həmin qəzet yazır. Qəzet müstəqil hakimlər, məhkəmə islahatlarına dair vəziyyəti isə “uşaqlara oxunan nağıl” adlandırır. Əlavə edilir ki, reallıqda Ermənistan Apellyasiya, Ali Məhkəmə, Kassasiya və Antikorrupsiya məhkəmələri, birinci instansiya məhkəmələrinə Paşinyan rəhbərlik edir. Ölkədə baş və yeganə hakimin Nikol Paşinyan olduğu irəli sürülür.

Beləliklə, Paşinyanın demokratik dəyərlərə uyğun olmayan siyasi addımlar atdığını artıq ölkənin hüquq müdafiəçiləri açıq bəyan edirlər. Ölkədə demokratik hakimiyyət yoxdur, sadəcə, Qərbin əlinə oynayan marionet var.

Hüquq müdafiəçilərinin N.Paşinyan hökumətini tənqidi ciddi, ajiotaj doğurası hadisədir. İlk dəfədir ki, ölkənin müstəqil, Rusiya ilə bağlılığı olmayan hüquq müdafiə təşkilatları “inqilabçı”, “demokratik” Paşinyan hakimiyyətindən Qərbin səfirliklərinə etiraz çatdırıblar. Çox güman ki, həmin diplomatik nümayəndələr də, sadəcə ölkələrinin maraqlarından çıxış edəcək, məktuba reaksiya verməyəcəklər. Lakin istənilən halda təşəbbüsü hakimiyyət üçün ciddi siqnal kimi dəyərləndirmək olar.

“Report” İnformasiya Agentliyi  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir