Siyasət

Fransada hökumət böhranı: Makronun komandasına etinasızlığı – ŞƏRH + FOTO

Sharing is caring!


Fransada hökumət böhranı yaranıb. Baş nazir Elizabet Born istefa verib. Bəziləri bunu Prezident Emmanuel Makronun komandasında yerdəyişmə kimi dəyərləndrirlər. Fransa KİV-i yeni ildən etibarən onun hökumətdə dəyişikliklər edəcəyinə dair xəbərlər yayırdı. İddia olunur ki, komandada yeni simalar görünəcək. Ancaq bu prosesin bir neçə həftə sürəcəyi istisna edilmir.

Fransa yarımprezident üsulu ilə idarə edilir. Baş naziri də prezident təyin edir. Bu baxımdan, Makronun Bornu kiminlə əvəzləyəcəyi də Fransa siyasətinin gündəliyində olan əsas məsələlərdəndir. Məqalə yazılarkən 34 yaşlı maarif naziri Qabriel Attal hökumət başçısı təyin edilib. O, ölkə tarixində ən gənc baş nazir və ilk açıq-aşkar homoseksual hökumət başçısı olacaq. Fransanın müdafiə naziri, 37 yaşlı Sebastyan Lekornyunun da adı baş nazirliyə namizədlər arasında idi. Bundan başqa, daxili işlər naziri Jerald Darmanen, maliyyə naziri Bryuno le Mer və kənd təsərrüfatı naziri Jülen Denormandinin də adı bu siyahıda hallanırdı.

62 yaşlı Elizabet Born 2022-ci ilin yazından baş nazir idi. O, Fransua Mitteranın prezidentliyi dövründə – 1991-92-ci illərdə hökumətə başçılıq etmiş ilk qadın baş nazir Edit Kressendən sonra zərif cinsin ikinci baş nazir nümayəndəsi olub.

Emmanuel Makronun prezidentlik səlahiyyəti üç ildən sonra başa çatır. Onun hakimiyyətdə olduğu yeddi il ərzində Elizabet Born istefa vermiş dördüncü baş nazirdir. Bu, həm də o deməkdir ki, Emmanuel Makron ölkədə artan etirazlardan, siyasi təzyiqlərdən və hakimiyyəti başqa təhlükələrdən qorumaq üçün hökumət başçılarını tez-tez dəyişir. Yeddi ildə dörd baş nazir istefası hakimiyyət daxilində və ölkədə siyasi baxımdan sabitliyin olmamasının göstəricisi də sayıla bilər.

Bunu Makronun hakimiyyəti illərində ölkədə keçirilən etiraz aksiyaları da təsdiqləyir. Təkcə 2018-ci il noyabrın 17-də başlamış “sarı jiletlilər” hərəkatı az qala Belçika, Niderland və İtaliyanı da əhatə etmişdi. Onda aksiya iştirakçıları yanacağın qiymətinin artması və yaşayışın bahalaşmasına etiraz edirdilər. Bu nümayişlərə ölkənin bütün təbəqələrindən olan vətəndaşlar qatılmışdılar. Onlar yaşayış şəraitinin yaxşılaşdırılmasını, yanacağın qiymətinin aşağı salınmasını və Makronun istefasını tələb edirdilər. O vaxtdan etibarən “sarı jiletlilər” hər il etiraz aksiyası keçirirlər. Pensiya yaşının qaldırılmasına qarşı keçirilən etiraz aksiyaları da ölkəni bürüyən əsas hadisələrdəndir.

Ötən il isə miqrasiya haqqında qanunun müzakirəsi və qəbulu Fransa hakimiyyətinin yuxarı eşelonunda ciddi qarşıdurmaya səbəb olub. Bu qanunun mahiyyətindən bəhs etmədən demək olar ki, parlamentdə çoxluqdan istifadə edərək sənədi qəbul etdirən Emmanuel Makronun bu davranışı siyasi elitada, hakimiyyətdə qarşıdurmaya səbəb olub. Bu isə dekabrın sonunda səhiyyə naziri Orelen Russonun istefası ilə özünü göstərib. Elizabet Bornun da bu səbəbdən istefa verdiyi istisna olunmur. Düzdür, o, miqrasiya haqqında qanunu dəstəkləyərək hakimiyyət daxilində böhranın olmadığını bildirmişdi. Lakin nəqliyyat üzrə nazir Kleman Bon, ali təhsil üzrə məsul Silvi Reteylo, Demokratiya Nazirliyi və Planlaşdırma üzrə ali komissar Fransua Bayr, yaşayış üzrə nazir Patris Verqriet bu qanuna qarşı çıxış etmiş, Makronu bir daha fikirləşməyə çağırmışdılar. Onlar həmin tarixdə baş nazir Elizabet Bornun qəbuluna gedərək bildirmişdilər ki, qanun qüvvəyə minərsə, istefa verəcəklər.

Ancaq Prezident Makron onların şərt və təkliflərini qulaqardına vurdu. O, sosial sahədə etirazları eşitmədən “islahat” adı altında pensiya yaşını artırmışdı. Görünür, Makron oxşar inadkarlığı komandasına qarşı da nümayiş etdirib. Bu isə hökumətdə böhrana səbəb olub. Ehtimal etmək olar ki, o, bununla həm də müstəmləkə ölkələrində Fransanın nüfuzunu yenidən bərpa etməyə səy göstərir.

Analitiklərin qənaətinə görə, bu ilin mayında Avropa Parlamentinə seçki keçiriləcək. Bu siyasi kampaniyada Milli İttifaq Partiyasının sədri Marin Le Penin qalib gələcəyi ehtimalı daha çoxdur. Emmanuel Makron miqrasiya haqqında qanunu qəbul etdirməklə seçicilərin, xüsusilə miqrantları dəstəkləyən təbəqənin də səsini qazanmağa səy göstərir. Bununla belə, Le Pen bu qanunun qəbul edilməsini “öz ideyalarının qələbəsi” kimi qiymətləndirib.

Beləliklə, Makron hakimiyyəti yeni bir siyasi böhranla üz-üzədir. O, vəziyyətdən çıxmaq, Avroparlamentə seçkilərdə qalib gəlmək üçün hökuməti yeniləməyə, komanda üzvlərinin fikirlərinə etinasızlıq göstərməyə üstünlük verir.

Qabriel Attalın da baş nazir postuna təyin edilməsi Fransa cəmiyyətində yeni hökumət başçısının mənsub olduğu sosial təbəqənin nümayəndələrinin səsini qazanmağa hesablanıb. Miqrasiya haqqında qanun və Attalın təyinatı ilə Makron hökuməti böhranı aradan qaldırmağa, siyasi gərginliyi azaltmağa çalışır. Əks halda, belə davranış onun səlahiyyət müddətini başa vurmasına mane ola bilər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir