Siyasət

Mars Sariyev: “Türk dövlətlərinin birləşməsi əhəmiyyətli bir qüvvənin meydana çıxması deməkdir” – MÜSAHİBƏ

Sharing is caring!


Ötən ilin sonunda Qırğızıstanla Qərb arasında münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşdi. Bu pisləşmə Qırğızıstanda keçirilən Xalq Qurultayında ölkə prezidenti Sadır Japarovun “Qeyri-kommersiya təşkilatları (QHT) haqqında” qanunun qəbulu üçün forum iştirakçılarından dəstək istəməsi zamanı özünü açıq şəkildə göstərdi. Bu qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını hesabat verməyə məcbur edir.  

Qırğızıstanda bu qanunun son bir neçə il ərzində qəbul etməyə çalışırdılar, lakin hakimiyyət Qərbin təzyiqi ilə üzləşirdi. Hətta Qərb diplomatları buna qarşı çıxırdılar. Qırğızıstan hakimiyyəti dəfələrlə ABŞ-ni ölkənin daxili işlərinə qarışmamağa çağırıb. Öz növbəsində QHT nümayəndələri ABŞ və Aİ səfirliklərindən qanun qəbul ediləcəyi təqdirdə Joqorku Keneşin (Qırğızıstan parlamenti) deputatlarına və onların yaxınlarına viza verməməyi xahiş ediblər.

Tanınmış qırğız politoloq, regional təhlükəsizlik eksperti Mars Sariyev Qırğızıstanda baş verənlərlə bağlı Oxu.Az-a müsahibə verib:

– Bəli, mən prezident Sadır Japarovun (Xalq Qurultayında – red.) çıxışını dinlədim. Çox güman ki, bütün bu müddət ərzində xarici səfirliklərlə danışıqlar pərdə arxasında gedirdi. Amma indi prezident ölkəyə edilən ciddi təzyiqlərdən açıq danışdı. Maraqlıdır ki, bir müddət əvvəl ABŞ səfirliyi Joqorku Keneşin deputatları üçün ştatlara səfər təşkil edib və “QHT-lər haqqında” qanunun qəbulunu müdafiə edən parlamentarilər, demək olar ki, tam tərkibdə ABŞ-yə viza üçün müraciət ediblər. Bu, Qırğızıstan mətbuatında fəal müzakirə olunub və bir çox deputatlarımız arasında prinsipial mövqenin olmamasından xəbər verir.

Etiraf etməliyik ki, bizim qeyri-hökumət sektorumuz çox ciddi inkişaf edib. 5 minə yaxın qeyri-hökumət, qeyri-kommersiya təşkilatının fəal fəaliyyətindən danışmaq olar (“Freedom House” təşkilatı qeyd edib ki, 2020-ci ildə Qırğızıstanda 30 minə yaxın QHT qeydiyyatdan keçib – red.). Onlar külli miqdarda pul alırlar və hakimiyyət ilə rəqabət apara biləcək real gücdürlər. Onlar ölkədə ictimai ab-havanı formalaşdırır, siyasi vəziyyətə təsir edirlər, bizim hakimiyyət də başa düşür ki, bu QHT-lərə hansısa formada nəzarət edilməlidir.

Eyni zamanda, ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələr rəsmi Bişkekə çox ciddi təsir göstərirlər. Burada Ukrayna böhranını və sanksiyaya məruz qalan malların Qırğızıstandan Rusiyaya keçməsini nəzərə almalıyıq. Məsələn, Almaniyadan Qırğızıstana avtomobil idxalı 500 dəfə artıb. Aydındır ki, avtomobillər sonradan təkrar Rusiya Federasiyasına ixrac edilir. Burada həm də hərbi məhsullar var, məsələn, optika və sair. Bəli, bu, Qırğızıstan və iş adamlarımız üçün sərfəlidir. Amma Qərb bu təkrar ixracı dayandırmağa çalışır. Qırğızıstan Rusiya Federasiyası üçün yükdaşıma bazasına çevrildiyi üçün Bişkeklə Moskva arasında baş verən yaxınlaşma Qərbin xoşuna gəlmir. Lakin, məsələn, qonşu Qazaxıstan sanksiyalara daha çox riayət etməyə çalışır.

– Belə çıxır ki, Qərbin Qırğızıstana marağı indi ancaq Rusiyaya təkrar ixracı məhdudlaşdırmaq istəyindən irəli gəlir? Başqa siyasi maraqlar yoxdurmu?

– Başqa maraqlar da var. ABŞ, Fransa və digər ölkələrdən kütləvi diplomatik həmlələr oldu. Qlobal vəzifə Mərkəzi Asiyanı (CA) Rusiyadan uzaqlaşmağa məcbur etməkdir ki, Rusiya Federasiyası iqtisadi və siyasi blokadaya düşsün.  “5+1” formatını xatırlayın (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ). Almaniya, Yaponiya və digər ölkələrlə də oxşar formatlar var. Qərb Orta Asiyanın türk dövlətlərinin birliyində maraqlıdır, lakin bununla bərabər onların Rusiya və Çindən uzaq qalmasını istəyir.

– Siz türk dövlətlərinin birliyindən danışdınız, amma Qərbin Türkiyə ilə münasibətləri də mürəkkəbdir. Vaşinqton Türkiyə Cümhuriyyətinin Azərbaycana göstərdiyi dəstək məsələsinə görə Ankaraya təzyiq göstərirdi. Belə olan halda ABŞ-nin Türk Dövlətləri Təşkilatının inkişafında maraqlı olduğuna əsaslı şübhələr yaranır.

– Qərb incə siyasət yürüdür və burada ilk halqanı Vaşinqton yox, London oynayır. Böyük Britaniya ABŞ-nin böhran içində olduğunu başa düşür və bu, ona qlobal oyunçu olmaq şansı verir. Birləşmiş Ştatlar konseptual və təşkilati silahlarını itirib, elit qruplar səviyyəsində deqradasiya baş verir. Türkiyə isə Şimali Atlantika Alyansının Avropada ən güclü ordusuna sahib olan NATO-nun üzvü olaraq qalır. Bəli, Ankara Qərbin təzyiqlərinə məruz qalır, amma türk dünyasına açılan pəncərə olduğu üçün onun geniş manevr imkanları var. Ona görə də türk dünyasının Türkiyənin himayəsi altında yığılması Qərb üçün sərfəlidir, çünki bu, iki geosiyasi mərkəzdən – Rusiya və Çindən ayrılıb Türkiyə Cümhuriyyətinə doğru istiqamətlənmək deməkdir.

– Qırğızıstan rəngli inqilabların sayına görə rekorda sahib ölkədir, ölkədə dörd inqilab olub. Ola bilsin, bununla bağlı ötən il Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin bütün keçmiş liderləri – Əsgər Akayev, Kurmanbek Bakiyev, Roza Otunbayeva, Almazbek Atambayev, Sooronbay Jeenbekov ilə görüş keçirib. Məqsəd millətin gələcəyi üçün hamını birləşdirməkdir?

– Bəli, belə bir görüş olub. Məqsəd Qırğızıstan liderlərinin bir-birini bağışlaması idi ki, ölkəmiz kənar oyunçuların alver obyektinə çevrilməsin.

– Zəhmət olmasa izah edərdiniz…

– Məsələ ondan ibarətdir ki, məsələn, Akayevə qarşı ilk çevrilişi ABŞ təşkil edib. Hətta Qərbdə çəkilmiş filmlər var ki, orada açıq şəkildə 2005-ci ildə təşkil edilmiş “Zanbaq inqilabı” necə həyata keçirilməsindən danışılır. Bakiyevə qarşı ikinci çevriliş əsasən Rusiyadan ilhamlanıb. Beləliklə, xarici oyunçular Qırğızıstanda böyük rol oynayır. Prezident Sadır Japarov çalışırdı ki, keçmiş rəhbərlərimiz xarici qüvvələrin əlində oyuncağa çevrilməsinlər. Amma düşünürəm ki, cəhd o qədər də uğurlu alınmadı. Məsələn, xalq Kurmanbek Bakiyevin siyasi məkana qaytarılması ideyasını qəbul etmədi.

– Gəlin türk faktoruna qayıdaq. Bu, Qırğızıstan üçün nə dərəcədə vacibdir?

– Çox vacibdir. Amma görürük ki, heç də bütün türk dövlətləri bizim birliyimizi dərinləşdirmək istiqamətində eyni tempdə getmir, regional rəqabət var, məsələn, Mərkəzi Asiyada. Lakin türk dövlətlərinin birləşməsi əhəmiyyətli bir qüvvənin meydana çıxması deməkdir ki, bunu bir çox qüvvələr istəmir. Türk faktoru olmasaydı, Cənubi Qafqazda və Orta Asiyada bir çox məsələlər bizim maraqlarımız nəzərə alınmadan kənar oyunçular tərəfindən həll olunardı.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir