Siyasət

Deputat: “Fransanın ölkəmizdəki casusluq şəbəkəsinin ifşası uğursuz siyasətinə əyani sübutdur” – RƏY

Sharing is caring!


“Başa çatan 2023-cü ildə Fransanın ən çox uğursuzluğa düçar olduğu istiqamətlərdən biri şübhəsiz ki, Cənubi Qafqaz siyasətidir”.

Bunu “Report”a Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Deputat qeyd edib ki, son hadisə – Fransanın ölkəmizdəki casusluq şəbəkəsinin ifşası da bunun əyani sübutudur:

“Bütün bunların bir neçə səbəbi var. Başlıca səbəb odur ki, Fransa bölgədə yad aktordur, regionda süni şəkildə özünə yer etməyə çalışır. İkincisi, həm ədalətsiz mövqedən çıxış edir, həm də reallığa qarşıdır. Reallıq isə budur ki, bölgə üzvlərindən ən zəif bənd olan Ermənistanda möhkəmlənmək istəyir.

Ermənistanın Cənubi Qafqazda baş verən proseslərə təsir etmək üçün heç bir aləti yoxdur, İrəvan sadəcə olanları müşahidə etməklə məşğuldur. Fransada isə ümid edirlər ki, ermənilərə üç-beş işlənmiş zirehli döyüş maşını verməklə burada faktora çevrilə biləcəklər. Azərbaycanla normal münasibətlər qurmayınca Fransanı nə Cənubi Qafqazda hər hansı siyasi uğur gözləyir, nə də Paris Orta Asiya ilə qurduğu təmasların Bakısız uğurlu olacağına ümid edə bilər.

Onu da nəzərə alaq ki, Azərbaycan Fransanın bizə qarşı etdiklərinə hələ adekvat cavab verməyib. Məsələn, Fransanın neft nəhəngi hələ də ölkəmizdə biznes tərəfdaş statusundadır. Yəni biz həm Fransaya, həm də bütün dünyaya nümayiş etdiririk ki, sivil münasibətlərin, qaydalar çərçivəsində olan siyasətin tərəfdarıyıq, baxmayaraq ki, əlimizdə yetərincə rıçaqlar var. Məsələn, bu günlərdə şairə, Xan qızı Xurşidbanu Natəvana Fransada qoyulmuş heykəli yığışdırmaq barədə ucuz qərar qəbul ediblər. Halbuki Natəvan şeirlərində humanizm ideyalarını tərənnüm edib”.

E.Allahverdiyev vurğulayıb ki, Fransa ermənilərin və bir qrup ermənipərəst şovinist siyasətçinin əlində oyuncağa çevrilib: “Bu, o qədər cılız addımdır ki, Parisdəkilərin tutarlı təsir mexanizmlərinin qalmadığını göstərir.

Bizə beynəlxalq müstəvidə, ikitərəfli münasibətlərdə təsir göstərmək istədilər alınmadı, indi qisaslarını öz aləmlərində belə ucuz şoular vasitəsilə alırlar. Azərbaycan isə ciddi dövlət olduğunu növbəti dəfə nümayiş etdirdi – konkret faktlar və sübutlarla. Ümid etmək olar ki, bu ölkənin xanım səfiri Xarici İşlər Nazirliyində ona söylənənləri rəhbərliyinə çatdıra biləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir