Siyasət

Professor Adil Qeybulla prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək

Sharing is caring!


Azərbaycanın tanınmış cərrahı, uzun illər müxalif siyasi partiyaların rəhbərliyində təmsil olunmuş tibb elmləri doktoru, professor Adil Qeybulla gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcək.

O, bu barədə “Report”a açıqlamasında bildirib.

A.Qeybulla növbədənkənar prezident seçkisinin çox mühüm bir dövrə təsadüf etdiyini söyləyib:

“Bu seçki bütün dünyada gedən çox ciddi geosiyasi proseslərin fonunda keçiriləcək. Düşünürəm ki, nəinki Azərbaycanın siyasi həyatında, ümumiyyətlə mövcudluq tarixində misli görünməmiş bir qələbə qazanmışıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. 100 il ərzində davam edən, Azərbaycanın bağrında bir qara yara olan, süni surətdə yaradılan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Düşünürəm ki, bu, fantastik bir qələbədir”.

O vurğulayıb ki, bu qələbəni Azərbaycan tarixində heç nə ilə müqayisə etmək olmaz:

“Bizə isə şans yaranıb ki, azad edilmiş ərazilərdə seçki keçirək. O torpaqlarda seçkinin keçirilməsinin özü də Azərbaycanın ərazi bütövlüyünün bir daha legitimliyinə işarədir. Bu baxımdan bu seçkini tamamilə məntiqli sayıram. Qələbənin müəllifi Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəridir. Azərbaycan bu qələbə zamanı nümunə və örnək olacaq xeyli proseslərə imza atıb”.

Tanınmış cərrah Azərbaycan tərəfinin həm hərbi əsirlərə davranışda, həm də ermənilərin könüllü köçü zamanı bütün beynəlxalq qaydalara əməl olunmasını xüsusi olaraq vurğulayıb:

“Bu proseslərdə bir nəfərin belə burnu qanamadı. Bununla da biz bir millət olaraq bütün dünyaya nümunə göstərdik. Bu gün Azərbaycanda siyasi partiyalar indiki prezident seçkiləri zamanı yaranmış situasiyadan istifadə etməlidirlər. Yəni, seçkinin strukturundan, oradakı imkanlardan maksimum yararlanmağa çalışmaq lazımdır. Çünki partiyanın ən əsas işlərindən biri seçkidə iştirakdır. Bu zaman partiyanın bütün strukturları fəallaşır. Təəssüflər olsun ki, bəzi partiyalar boykot yolunu tutmaqla özlərini prosesdən kənarda tutublar. Bu isə həmin partiyaların özlərinin də ziyanına işləyir. Mən düşünürəm ki, bu prosesdə iştirak etmək lazım idi”.

A.Qeybulla düşünür ki, bu seçkilərin də favoriti hazırkı Prezident İlham Əliyevdir:

“Çünki İlham Əliyev misli görünməmiş qələbələrə imza atan bir dövlət başçısı kimi xalqın etimadını qazanıb. Onun Prezident seçilməsi də tamamilə məntiqli görünür. Mən şəxsən Prezident İlham Əliyevə səs verəcəyəm. Çünki ürəyimizdə olan ən böyük arzuların həyata keçməsi məhz onun həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Mənim Prezidentim İlham Əliyevdir. Özümü onun əsgəri sayıram”.

Qeyd edək ki, A.Qeybulla uzun illər Müsavat Partiyasının Divan üzvü olub. O, 2015-ci ildə partiya sıralarından istefa verib.

A.Qeybulla daha sonra Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasında təmsil olunub. O, 2023-cü il mart ayında bu partiyadan da istefa verib. A.Qeybulla istefa verməsinə partiya daxilində çəkişmələrin, ikitirəliyin, vicdanlı üzvlərə qarşı şantaj kampaniyasının səbəb olduğunu bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir