Siyasət

“Vahid ədliyyə portalı”nın təqdimatı keçirilib – FOTO

Sharing is caring!


Ədliyyə sahəsində xidmətlərə və informasiyaya əlçatanlığı asanlaşdıran “Vahid ədliyyə portalı”nın təqdimatı keçirilib.

Təqdimat ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formada keçirdiyi kollegiya iclasında baş tutub.

Bildirilib ki, portal vasitəsilə vətəndaşlar fərdi kabinetə sahib olmaqla vahid mənbədə elektron ədliyyə xidmətlərindən bəhrələnə, ona aid məlumat və rəsmi sənədlərlə tanış ola biləcəklər. Portal həm də ictimaiyyət üçün açıq olan nazirliyin rəsmi internet saytını özündə ehtiva edir və ədliyyə sahəsində kommunikasiyanın səmərəli və operativ həyata keçirilməsi imkanı yaradır.

Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən nazirlik tərəfindən Dünya Bankının iştirakı ilə “Elektron məhkəmə” sisteminin yaradılaraq bütün ölkə üzrə tam tətbiqinə toxunulub, onun mühüm tərkib hissəsi olan məhkəmələrin vahid internet portalının yeni versiyası nümayiş etdirilib.

“Vahid məhkəmə portalı”nın məhkəmə sistemi ilə bağlı məlumatlarla tanış olmaq, iddia ərizəsi, şikayət və pretenziyalar vermək, dövlət rüsumlarını ödəmək və digər funksional imkanları xeyli təkmilləşdirilib. İstifadəçilərə keyfiyyətli hüquqi yardımla bağlı vəkil və mediasiya təşkilatlarını seçmək, onlara müraciət etmək, məhkəmə iclasında videokonfrans formatında iştirak etmək və digər yeni əlavə imkanlar yaradılıb, “Mobil məhkəmə” tətbiqinin interaktivliyi artırılıb.

Ədliyyə Nazirliyində cinayətkarlıqla mübarizədə mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı hazırlanmış yeni elektron xidmətin təqdimatı keçirilib. Onun bu sahədə şəffaflığın və operativliyin artırılmasında, istifadəçilər tərəfindən ekspertiza ilə bağlı məlumatların elektron və çevik qaydada əldə olunmasında önəmli rolu bildirilib. Həmçinin məhkəmə ekspertizası sahəsində yeni qanunvericiliyin tətbiqi ilə bağlı yaradılmış elektron reyestlər nümayiş etdirilib.

Kollegiyada təqdim olunan innovasiyaların tətbiqi ilə bağlı tapşırıqlar verilib, o cümlədən onların mühüm əhəmiyyəti nəzərə alınaraq ictimai təqdimatların keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Bununla yanaşı, işin müasir çağırışlara uyğun təşkili, idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə ədliyyə fəaliyyətini tənzimləyən müvafiq sənəd layihələrinə baxılıb. Həmçinin bəzi normativ aktlar təsdiq edilərək onların hüquqi aktların dövlət reyestrinə daxil edilməsi barədə qərar qəbul olunub, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir