Siyasət

RMX direktoru: “Abşeronda sürətli urbanizasiya bizə çox böyük çətinliklər yaradır” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Abşeron Rayon Mərkəzi Xəstəxanası 2021-ci il fevralın 1-dən fəaliyyət göstərir. Yeni inşa olunan xəstəxana binasının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Dörd hektar sahədə inşa olunan, Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqla təchiz edilən 150 çarpayılıq tibb müəssisəsi ölkə rəhbərliyinin diqqət və qayğısı, səhiyyə sahəsində həyata keçirilən islahatlar sayəsində bu gün öz xidmət keyfiyyətini və arealını kifayət qədər genişləndirib.

2022-ci ilin dekabrında TƏBİB rəhbərliyi tərəfindən Abşeron RMX-yə direktor vəzifəsinə təyin olunmuşam. Bu xəstəxanaya ilk gəldiyimiz gündən etibarən maksimum çalışmışıq ki, vətəndaşlara düzgün, əlçatan və keyfiyyətli tibbi xidmət göstərək. 2022-ci ildə təkcə poliklinikamıza müraciət sayı 365 min olubsa, cari ilin müvafiq dövründə bu rəqəm 450 minə yaxınlaşıb”.

Bunu Oxu.Az-a müsahibəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov deyib. 

Azər İsmayılov 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2006-10-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirib. 2009-15-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsində ümumi cərrahiyyə üzrə uzmanlıq təhsili alıb. 2017-21-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-22-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib.

Azər İsmayılovla müsahibəni təqdim edirik:

– Azər doktor, Azərbaycan səhiyyəsinin keçmişini və gələcəyini müqayisə edək desəm, kifayət qədər təcrübəsi olan bir tibb işçisi kimi hansı məqamları xüsusilə vurğulamaq istəyərdiniz?

– Azərbaycan səhiyyəsinin inkişafı uzun illərə dayanır. Hələ Xalq Cümhuriyyəti dövründən Azərbaycanda Səhiyyə İdarəçiliyi qurumu yaradılıb. O gündən bu tərəfə Azərbaycanda səhiyyə inkişaf dövrünə qədəm qoyub. Xüsusilə vurğulamaq lazımdır ki, ulu öndər Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkə səhiyyəsində çox böyük irəliləyişlər olub. Heydər Əliyev ilk dəfə Azərbaycana hakimiyyətə gəldiyi dövrdən etibarən Azərbaycanda bu və ya digər formada əhalinin sağlamlığının keşiyində duran, əhalinin sağlamlığına xidmət edən tibb ocaqları, səhiyyə müəssisələri, ambulator, poliklinik, diaqnostik xidmətlər göstərən mərkəzlər, xəstəxanalar istifadəyə verilib. Hesab edirəm ki, bu, səhiyyənin inkişafı üçün ən vacib məqamlardan biridir. Keyfiyyətli və əlçatan xidmət üçün mütləq şəkildə yeni, müasir standartlara cavab verən infrastruktur yaradılmalıdır.

İkinci ən böyük önəm kəsb edən məqam ehtiyac duyulan maddi-texniki bazanın mövcudluğudur. Üçüncüsü isə təbii ki, yaxşı kadr potensialının olmasıdır. Bu üç məqam bir-biri ilə vəhdət təşkil etdiyi zaman biz hansısa inkişafdan söhbət edə bilərik.

Ulu öndər Heydər Əliyevin səhiyyə siyasətinin ən önəmli dayaqlarından biri Azərbaycanda səhiyyə müəssisələri və onların maddi-texniki bazasını formalaşdırdıqdan sonra kadr potensialını inkişaf etdirmək üçün peşəkar həkimləri cəlb etmək idi. Buna görə də o, azərbaycanlı gənclərin xaricdə təhsilinə çox önəm verirdi. Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, dövlət proqramları, dövlətin maliyyə imkanları hesabına bu gün onminlərlə tələbəmiz xaricdə təhsil alır. Onların təhsili bitirdikdən sonra ölkəmizə qayıtması Azərbaycanda müxtəlif sahələrin inkişafına çox böyük töhfələr verib, o cümlədən də səhiyyənin. Səhiyyə sahəsində bizim qardaş ölkə Türkiyədə təhsil alan azərbaycanlı gəncləri misal çəkmək olar. Onlar təhsil aldıqları müddətdə öyrəndikləri yeni diaqnostika metodları, yeni müayinə və müalicə prosedurlarını Azərbaycanda tətbiq edirlər. Bu da vətəndaşlarımızın öz ölkəsində daha yaxşı, əlçatan və keyfiyyətli tibbi xidmət almalarına zəmin yaradır.

Hələ 1990-cı illərin əvvəllərində, müstəqilliyimizi bərpa etdiyimiz, müharibə şəraitində olduğumuz dövrdə ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafı, Azərbaycana maliyyə vəsaitlərinin cəlb edilməsi üçün çox ciddi səylər göstərdi və bu istiqamətdə əldə edilmiş nailiyyətlər nəticəsində ölkə üzrə uşaqların icbari dispanserizasiyasını aparmaq mümkün oldu. Eyni zamanda, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkədə çox ciddi səhiyyə islahatları aparılıb. Bunların başında səhiyyə infrastrukturunun yaxşılaşdırılması dayanır. Təxminən 750-dən çox tibb müəssisəsində ya yenidənqurma işləri aparılıb, ya da yeni tibb müəssisələri inşa edilib. Onlardan biri də Abşeron Rayon Mərkəzi Xəstəxanasıdır.

Daha bir önəmli qərar 2016-cı ilin dekabr ayında ölkə başçısının fərmanına uyğun olaraq ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılmasıdır. Bu qərar səhiyyə sahəsində böyük bir inqilabi dəyişiklik idi.

– Bildiyim qədər, icbari tibbi sığortanın tətbiqi zamanı Mingəçevirdə pilot layihəni həkim Könül Ələkbərov, Yevlaxda isə siz icra etmişdiniz, doğrudurmu?

– Pilot layihə kimi ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə ilk olaraq Mingəçevir və Yevlax Rayon Mərkəzi xəstəxanalarında başlanılıb. Bəli, Yevlax rayonunda icbari sığortanın ilk tətbiqi dövründə mən çalışmışam. Daha sonra mərhələli şəkildə ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə keçildi. Hazırda Azərbaycanda icbari tibbi sığorta tam gücü ilə tətbiq olunur. Nəticə etibarilə qurulan infrastrukturun, gücləndirilmiş maddi-texniki bazanın, eyni zamanda, kadr potensialının olduğu bir yerdə artıq icbari tibbi sığortanın həyata keçirilməsi labüd idi.

Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə aid olan müayinə, müalicə, diaqnostika və s. prosedurlar genişləndirilir.

– Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaradılması da səhiyyə sahəsində bir çox prosedurların sadələşməsinə təkan verdi. Artıq beş ildir fəaliyyət göstərən TƏBİB-in səhiyyə sisteminə təsirini necə qiymətləndirirsiniz?

– Ən vacib bir neçə nüansı qeyd etmək istərdim. Səhiyyənin bir neçə idarəetmə forması var. Sovet İttifaqı dönəmində “Semaşko” səhiyyə modeli tətbiq olunurdu. Bu idarəçilik sistemi özünü doğrultmadığı üçün yeni bir modelə keçilməli idi. Biz hansı modelə keçəcəyimizi çox yaxşı bilirdik. Əvvəllər xəstəxanalar çarpayı sayına görə maliyyələşirdi, amma biz yeni keçdiyimiz bu sistemdə artıq səhiyyə ocaqlarının, tibb müəssisələrinin çarpayı sayına görə yox, xidmətə görə maliyyələşməsini tətbiq etdik. Ən önəmli məqamlardan biri – TƏBİB xəstəxanaların əhali üçün daha əlçatan olması, daha keyfiyyətli tibbi xidmət göstərməsi, eləcə də rentabelli çalışması üçün quruldu. TƏBİB tibb müəssisələrində yeni yanaşmaya, struktur dəyişikliyinə səbəb oldu. Əvvəllər tibb müəssisələrində baş həkim rəhbər vəzifə tuturdu və bütün məsələlər baş həkimin tabeliyində həll olunurdu. Xəstəxanalar publik hüquqi şəxs kimi fəaliyyətə başladıqdan sonra özünü idarəetmə statusu əldə edib. Artıq idarəetmə statusu əldə edən xəstəxanalarda prosedurlar rahat şəkildə qurulur. Keyfiyyətə nəzarət komitəsinin olması, inzibati işlərin ayrıca rəhbər tərəfindən həyata keçirilməsi, xəstəxananın satınalma prosedurlarının satınalma şöbəsi tərəfindən həyata keçirilməsi, eyni zamanda, kargüzarlıq işinin düzgün şəkildə təşkili, insan resurslarının, maliyyə işlərinin düzgün şəkildə təşkili və s. kimi yeniliklərə gətirib çıxardı.

–  Son illər Abşeron Rayon Mərkəzi Xəstəxanası ilə bağlı neqativ hallara da rast gəlinirdi. Sizin fəaliyyətiniz dövründə bu halların müsbətə doğru dəyişilməsi istiqamətində hansı addımlar atılıb? Vətəndaş məmnunluğu və tibb heyəti arasındakı balansın qorunması üçün çıxış yolları nələrdir?

– Abşeron RMX 2021-ci ildə açılan yeni xəstəxanadır. Ən müasir tələblərə cavab verir. Bu gün Abşeron rayonunda sürətli şəkildə urbanizasiya prosesi gedir. Bu, əlbəttə ki, özlüyündə bizə çox böyük çətinliklər yaradır. Çünki biz birbaşa vətəndaşa xidmət göstəririk. Xəstəxana istifadəyə verildikdən bir neçə ay sonra artıq icbari tibbi sığorta tətbiq edilməyə başladı. Bu müasir xəstəxanada yeni şöbələrin, bölmələrin açılmasına zərurət yarandı. Mən 2022-ci ilin dekabr ayında təyin olunmuşam. Bu xəstəxanaya ilk gəldiyimiz gündən maksimum şəkildə vətəndaşlara düzgün, əlçatan və keyfiyyətli tibbi xidmət göstərməyə çalışırıq.

Müraciət sayına görə xəstəxanamız ölkədə ilk sıralarda yer alır. Təvazökarlıqdan kənar olsa da, deyəcəyəm: əgər keyfiyyətli tibbi xidmət varsa, vətəndaş hər zaman o müəssisəyə müraciət etməyə davam edəcək. Bu, danılmaz faktdır. Ambulator poliklinika müraciət sayına görə 2022-ci ildə RMX-yə müraciətlərin sayı 365 min olub. 2023-cü ilin bu gününədək olan statistikasına görə, müraciətlərin sayı 450 minə yaxındır.

Eyni zamanda, xəstəxanada orta tibb işçilərinin sayı artırılıb və yeni ixtisaslı həkimlər cəlb edilib. Qeydiyyatın dəqiq şəkildə həyata keçirilməsi üçün gündəlik iki mindən çox xəstə müraciəti qeydə alınan xəstəxanada üç qeydiyyatçının çalışması doğru deyildi. Biz qeydiyyatçıların sayını 22-yə çatdırdıq. Qeydiyyat masalarını da çeşidləyərək, ixtisaslaşmış bir pəncərə sistemi tətbiq etmişik. Vətəndaş konkret olaraq hansı məsələ ilə bağlı hansı masaya yaxınlaşacağını bilir. Bu, vətəndaşın öz işini düzgün tənzimləməsinə və əlavə vaxt itkisindən yayınmasına səbəb olur.

2022-ci ildə həkim sayı 249 olub, hazırda həkimlərin sayı 290-a çatıb. Orta tibb işçilərinin sayı 387 olubsa, hazırda 439 orta tibb işçisi fəaliyyət göstərir. Xəstəxanada çalışan əməkdaşların ümumilikdə sayı ötən il 960 idi, bu gün isə 1 000 nəfərdən çoxdur.

Eləcə də qeyd edim ki, Abşeron Rayon Mərkəzi xəstəxanasının tabeliyində 200-dək çarpayı tutumlu vərəm əleyhinə modul tipli xəstəxana fəaliyyətə başlayıb. Orada bir neçə vərəmlə bağlı şöbə, eyni zamanda, ağciyərdən kənar orqanların vərəm şöbəsi, poliklinika, anesteziologiya, reanimasiya şöbələri fəaliyyət göstərir.

Keçən il xəstəxanamızda doğum sayı 1 400 olub, bu il isə 1 700-ə yaxındır. Xəstəxanamızda icra edilən ümumi cərrahi əməliyyatların sayı 3 682 olub, bu ilin 11 ayı ərzində isə bu rəqəm 8 600-dən çoxdur. Özlüyündə bu xəstəxana üçün, region üçün bu rəqəm, doğrudan da, yüksək göstəricidir. Biz burada kadr potensialını gücləndirmək üçün xaricdə təhsil alan pediatr, ümumi cərrah, üst-çənə cərrahı, ürək-damar cərrahı, neonatoloq və uroloq ixtisaslı həkimləri cəlb etmişik. Əvvəl iki əməliyyatxana fəaliyyət göstərirdisə, indi beş əməliyyatxana fəaliyyət göstərir.

– Son dönəmlərdə Almaniya, Fransa, Türkiyə kimi ölkələrdə həkim kimi çalışan soydaşlarımız artıq Bakıda, hətta Azərbaycanın regionlarında çalışmaq üçün müraciət edirlər. İcbari tibbi sığorta tətbiq olunandan sonra həkimlərin məvaciblərində nəzərəçarpacaq dərəcədə irəliləyiş olub. Necə düşünürsünüz, tək səbəb məvacibdir, yoxsa?..

– Mən özüm də xaricdə təhsil almışam. Azərbaycan bizim doğma Vətənimizdir. Bu Vətəni sevmək üçün əslində, səbəb axtarmaq lazım deyil. Atalar məsəli var, “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”. Vətən hər birimizindir və biz onu öz gücümüz çatdığı formada qorumağa borcluyuq. Mən çox fəxr edirəm ki, sizinlə ərazi bütövlüyü bərpa edilmiş, suveren bir ölkənin vətəndaşı kimi qarşı-qarşıya söhbət edirik. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin apardığı düzgün siyasətin və idarəçiliyin sayəsində qüdrətli ordumuz Azərbaycan torpaqlarını işğaldan azad etdi. Cəmiyyət olaraq bu qalibiyyətin, zəfərin davamını ölkə daxilində öz üzərimizə düşən vətəndaş borcunu yerinə yetirməklə həyata keçirməliyik.

Hazırda dövlət proqramı ilə xaricdə təhsil alan gənclərimiz var. Burada çox önəmli nüans ondan ibarətdir ki, Azərbaycan qüdrətli, güclü bir dövlətə çevrilib. Azərbaycan öz vətəndaşı, mütəxəssisləri üçün lazımi şəraiti yaratmağa başlayıb. Yaxşı infrastruktur, yüksəksəviyyəli maddi-texniki baza yarandıqdan sonra bizim gənclərimiz xarici ölkələrdə, digər ölkələrin vətəndaşlarına deyil, gəlib öz ölkəmizin vətəndaşlarına xidmət edirlər.

İcbari tibbi sığorta tərəfindən dövlət tibb müəssisələrində həyata keçirilən proqram çərçivəsində xaricdə təhsil alan mütəxəssislərə çox yüksək məvaciblər verildi. Bu, təbii ki, stimuldur. Onsuz da, icbari tibbi sığortanın tətbiqindən sonra ölkəmizdə səhiyyə sahəsində çalışan işçilərin məvacibləri yüksəlib. Bu cür şərait yarandıqdan sonra xaricdə təhsil alan soydaşlarımızın, dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemlərini, oradakı maddi-texniki bazanı, inkişafı görənlər bu gün eyni şəraitin ölkəmizdə də şahidi olurlar. Onun üçün xaricdə təhsil alan və yaxud çalışan soydaşlarımız ölkəyə qayıdaraq bilik və bacarıqlarını Azərbaycana fayda vermək üçün sərf edirlər.

– Həkimlərin təkmilləşdirilməsi proqramı ilə bağlı mübahisəli məqamlar olur. Sertifikasiya məsələsindən razı və narazı olan qruplar var. Həkimlər öz üzərində çalışmaq istəmirlər, yoxsa təkmilləşdirmə kurslarının keyfiyyəti ilə bağlı problem var?

– Hər insanın peşəsi onun üçün müqəddəsdir. Lakin hər bir peşə sahibi öz üzərində çalışmalı, müasir dövrlə ayaqlaşmağı bacarmalıdır. Çünki dünya ilbəil sürətlə inkişaf edir, xüsusilə, səhiyyə sahəsində yeniliklər yaranır. Yeni infrastruktur qurulur, müasir müayinə-müalicə metodları tətbiq olunur. Həkimlərin özünüinkişafa maraq göstərməsi, yəni özəl olaraq kurslara getməsi kimi təşəbbüs halları çoxdur. Həkimlik elə bir peşədir ki, birbaşa insanın həyatına toxunur. İnsanın həyatına toxunan bir sənətlə məşğul oluruqsa, biz mütləq şəkildə öz üzərimizdə çalışmalıyıq.

Həkimlər, orta tibb işçiləri və ali tibb işçiləri beş ildən bir sertifikasiyadan keçirlər. Təbii ki, bu imtahandan uğurlu keçən həkimlər sertifikat əldə edir və öz həkimlik fəaliyyətinə davam edirlər. Amma bununla yanaşı, yeni avadanlıqlarla işləmək, eyni zamanda, diaqnostika, müayinə məsələlərində üzərimizdə işləməsək, çox çətinlik çəkə bilərik. Mən bizim xəstəxananın həkimlərindən çox razıyam, xüsusilə də gənclərdən. Onlar mütəmadi olaraq müxtəlif ölkədaxili və xarici seminarlara, simpoziumlara, konfranslara qatılırlar. Elə ölkəmizdə COVID-19 pandemiyası dövründə belə səhiyyə sahəsinə həsr edilən konfrans, simpozium və seminarların onlayn şəkildə keçirilməsi davam etdirildi. Yenə təkrar edirəm, həkim olaraq biz əgər xəstənin həyatına toxunuruqsa, insan sağlamlığı ilə məşğul oluruqsa, demək, daim öz üzərimizdə işləməliyik. Həkimin bilik və bacarıqları sabit qala bilməz, səhiyyə inkişaf etdikcə o çərçivələr, imkanlar genişləndirilməlidir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir