Siyasət

Saxlanılan hərbçilərin mübadiləsi Ermənistan siyasətini parçaladı – ŞƏRH + FOTO

Sharing is caring!


Artıq bir neçə gündür, dünya mediasının gündəmini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində saxlanılan hərbçilərin azad edilməsi barədə razılığın əldə edilməsi tutub.

Dünyanın bir çox dövlət rəsmiləri, beynəlxalq təşkilatlar, Roma Katolik Kilsəsi də daxil olmaqla bir sıra mərkəzlər iki dövlətin humanizm prinsipini əsas tutaraq atdıqları addımı alqışlayıb. Təbii ki, 32 erməni hərbçinin Azərbaycan tərəfindən azad edilməsi Ermənistanda da birmənalı qarşılanmayıb. Hakim partiya heç bir vasitəçi olmadan baş tutan və müsbət sonluqla nəticələnən danışıqlardan məmnunluğunu ifadə edərək sülh müqaviləsinin tezliklə imzalanacağına işarə edir. Hətta sərsəm və məntiqsiz bəyanatları ilə tanınan Ermənistan XİN başçısı Ararat Mirzoyan bu dəfə vədinə xilaf çıxaraq Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün səfərdə olduğu Brüsseldə Cənubi Qafqazda sülhə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinə verdiyi dəstəyə görə quruma təşəkkür edib.

Bu gün isə Ermənistan parlamentinin Maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasının rəhbəri, hakim partiyanın üzvü, deputat Gevorq Papoyan açıqlama verərək bildirib ki, heç bir revanşizmdən söhbət belə gedə bilməz və qisas haqqında düşünən xalq sülh müqaviləsi imzalamır. Onun fikrincə, qisas Ermənistanı məhvə aparan birbaşa yol deməkdir.

Erməni deputat, əslində, hökumətin bir müddətdir səsləndirməkdən çəkindiyi fikri bəyan edib. Paşinyan komandasının sadiq üzvü sayılan Papoyanın bu fikri məhz bu anda səsləndirməsi də təsadüfi deyil. Rəsmi İrəvan Rusiya ilə münasibətləri bacardığı qədər korlayıb. Ümid etdiyi Avropa isə sadəcə, bəyanatlarla kifayətlənir. Əsas ümid yeri olan Fransa da lazımsız hərbi maşınları göndərir. Bundan əlavə, Yelisey sarayının söz verdiyi hava hücumundan müdafiə sistemi məsələsi də “suya düşüb”. Çünki KTMT-nin iclasında qəbul edilən qərara əsasən, Alyansa üzv ölkələrin HHM-i vahid sistem üzərində işləyəcək. Bu isə o deməkdir ki, təşkilata üzv ölkələr hava məkanlarını qorumaq üçün sadəcə, Rusiyanın təklif etdiyi sistemləri almaq məcburiyyətində qalacaqlar. Yəni Fransanın söz verdiyi hava hücumundan müdafiə sistemləri heç bir işə yaramayacaq, qısacası, Kreml buna qəti surətdə icazə verməyəcək.

Amma Qərbin İrəvanı yarı yolda qoyması bununla da bitmir. Bir tərəfdən, Fransa dövlətinin başçısı Emmanuel Makron Ermənistanı Roma Statutuna qoşulduğu üçün tərifləyir, digər tərəfdən isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirir ki, çətin vəziyyətdə olan hay ölkəsinə daha çox dəstək lazımdır. Aİ-nin xarici siyasət üzrə sözçüsü Peter Stano isə açıqlama verərək yuxarıda adı sadalanan şəxslərin bəyanatlarının boş söz yığını olduğunu sübuta yetirib. O qeyd edib ki, Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil. Elə bu açıqlama ilə də rəsmi İrəvanın Aİ-ni hərbi müttəfiq, strateji müttəfiq kimi nəzərdə tutması, gözündə şişirtməsi açıq-aşkar fiaskoya uğrayıb. Aİ heç bir halda Ermənistana hərbi cəhətdən ciddi dəstək verməyəcək.

Məhz bu səbəblərə görə də Ermənistanın hakim partiyası artıq anlayır ki, sülh müqaviləsini imzalamaq və revanşizmdən uzaq durmaq hazırkı vəziyyətdə ən optimal yoldur. Azərbaycanla münasibətlərin normallaşması Cənubi Qafqazda inteqrasiya, iqtisadi əlaqələrin inkişafı deməkdir. Deməli, Ermənistanın inkişafı, iqtisadi cəhətdən güclənməsi birbaşa olaraq rəsmi Bakı ilə imzalanacaq sülh müqaviləsindən asılıdır. Gec də olsa, erməni siyasi elitası bu reallığı qəbul edib.

Amma nəzərə almaq lazımdır ki, Ermənistanda revanşistləri qızışdıracaq xarici qüvvə və faktorlar kifayət qədər olacaq. Bu səbəbdən də Azərbaycan hökumətinin atılan hər addımı, verilən hər bəyanatı, səsləndirilən hər açıqlamanı detalına qədər incələməsi başadüşüləndir. Revanşist qüvvələri qızışdırmaq istəyən xarici faktorlar üçün də ən böyük kart hazırda Qarabağ erməniləri, daha doğrusu, separatçı rejimin tör-töküntüləridir. Hər nə qədər də Paşinyan hökuməti qondarma qurumun tullantılarına qol-qanad açmağa imkan verməsə də, məlum olub ki, separatçı deputatlar yığışaraq “məclis sessiyası” keçiriblər. Bu isə hakim partiyada ciddi narazılığa səbəb olub. İş o yerə çatıb ki, Gevorq Papoyan hiddətlənərək “Onlar Qarabağı məhv etdilər, indi də Ermənistana növbə çatıb? Artıq bəsdir” bəyanatını səsləndirib.

Erməni deputatın qəzəbini və qəzəbindən də daha çox, təlaşını başa düşmək olar. Rəsmi Bakının separatçı rejimə qarşı münasibəti göz önündədir. Əgər Ermənistan hökuməti onlara qol-qanad açmağa, sərsəmliklərini davam etdirməyə şərait yaratsa, bu, Azərbaycan hökumətinin qəzəbinə səbəb olacaq. Bunu isə İrəvanda gözəl dərk edirlər. Dərk edirlər ki, belə halların təkrarlanması Ermənistanı separatizmi dəstəkləyən dövlət libasına bürüyə bilər. Prezident İlham Əliyevin isə separatizmə və onu dəstəkləyənlərə münasibəti artıq hamıya məlumdur. Hər halda, hər yerdən getdikcə ümidi üzülən, yeganə ümid yeri Azərbaycan və Türkiyə olan Nikol Paşinyan hökuməti belə bir səhvə yol verməz. Papoyanın sərt açıqlamasını isə bu məsələlərlə hakim partiyanın heç bir əlaqəsi olmadığını bəyan etmək kimi də qəbul etmək olar.

Bununla yanaşı, iki dövlət arasında heç bir vasitəçi olmadan keçirilən və müsbət nəticə əldə edilən danışıq erməni müxalifətinin yuxusuna haram qatıb. Müxalifət gözəl anlayır ki, hakimiyyətə yiyələnmək, Paşinyanı devirmək üçün son kart da əldən çıxmaq üzrədir. Şübhəsiz ki, 32 əsirin Ermənistana qaytarılacağı xəbəri erməni cəmiyyətinə müsbət təsir edib. Müxalifətin yuxarı eşelonu isə aldığı komanda üzrə vəziyyəti gərginləşdirmək üçün hərəkətə keçib. Ermənistanın keçmiş ombudsmanı, əslən Bakı ermənisi olan Larisa Alaverdyan saxlanılan hərbçilərin mübadiləsini tənqid edib. Bu sıraya “Ermənistanın səsi” nəşri də qoşulub. Mübadiləni tənqid edən media qurumu separatçı rejimin Bakıda həbsdə olan üzvlərini xatırladıb. Bununla Qarabağ ermənilərini hərəkətə keçirmək, hakimiyyətə qarşı qızışdırma planı açıq-aşkar görünür. Təsadüfi deyil ki, eyni məqsədə xidmət etmək üçün separatçı rejimin “deputat”ları da bəyanat verərək Qarabağ ermənilərini Azərbaycana qayıtmamağa səsləyiblər.

Ümumiyyətlə, saxlanılan hərbçilərin mübadiləsindən sonra Eduard Şarmazanov, Nare Simonyan, Armen Badalyan, Stepan Danielyan, Tiqran Abramyan kimi müxalifətçilər yenidən meydan sulamağa başlayıblar. Hazırda onların yeganə məqsədi imzalanacaq sülh müqaviləsini sabotaj etmək, bu məqsəd üçün də Qarabağ erməniləri kartından istifadə etməkdir. Paşinyan hökuməti isə baş verənləri görür və deputatları vasitəsilə müxtəlif kanallara ismarışlarını göndərir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir