Siyasət

Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq

Sharing is caring!

Azərbaycan Respublikasının öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi ölkə Prezidentinin rəsmi andında öz əksini tapmış müqəddəs vəzifədir! 2018-ci ildə Prezident seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran ən önəmli taleyüklü problemin həllinə xidmət edən son tamamlayıcı mərhələni başlatdı. Qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını bir məqsəd uğruna səfərbər edən İlham Əliyevin suverenliyimizi bərpa etməsi bir çoxlarına görə həlli mümkünsüz sayılırdı. Öz ordusuna, bütövlükdə xalqımıza arxalanan İlham Əliyev mümkünsüzü mümkün etdi.

2018-ci ildə, məhz “Cümhuriyyət İli”ndə baş tutan Prezident seçkilərində İlham Əliyev növbəti dəfə qələbə çaldı. Cəmi iki il sonra – 2020-ci ilin sentyabrında II Qarabağ müharibəsi başladı – 30 illik işğala ayyarımda son qoyuldu! Etiraf edək ki, 44 günlük müharibənin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi dövlət müstəqilliyimizin beynəlxalq birlik səviyyəsində tanınması qədər çətin idi. Amma sözü imzası qədər keçərli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandıq. Bunun ardınca sürətli tikinti-quruculuq işləri başlandı.

Bu ilin aprel ayında Ermənistan-Azərbaycan şərti dövlət sərhədində DSX postu quruldu, 20 sentyabr 2023-cü ildə isə cəmi 23 saat çəkən antiterror tədbirləri ilə işğalçı ordunun tör-töküntüləri də təmizləndi. 15 oktyabrda Müzəffər Ali Baş Komandan Xankəndi, Xocalı və digər yaşayış məntəqələrimizdə də bayrağımızı ucaltdı. Cənab Əliyev 20 il öncə məhz həmin gün ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uçün ilk dəfə Prezident Andı içmişdi. Beləliklə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası həm bölgədə, həm də ölkəmizdə yeni gerçəkliklər yaratdı.

Müstəqil Azərbaycan Respublikası tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bax, bu, ərazi bütövlüyümüzün, suverenliyimizin parlaq təsbitidir. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərinə alnıaçıq və qürurla gedirik. Növbədənkənar adlandırılsa da, bu seçki elə zamanında təyin olunub. Bu, elə vaxtdır ki, ölkəmiz ərazi bütövlüyünü təmin edib. Ölkə daxilində separatizm ocaqları söndürülüb.

Bu seçki ilə ölkə tariximizin yeni mərhələsi başlayacaq. Bu, məzmunca 1993-cü ildə keçirilmiş prezident seçkilərini xatırladır. O vaxt dövlətimiz üçün olduqca çətin zamanlar idi və xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəni parçalanmaqdan xilas etdi. İndi də dövlətimizin hazırkı gücünü, imicini qoruyub saxlaya biləcək tək lider İlham Əliyevdir. Bu gün İlham Əliyevə alternativ yoxdur. Seçkinin bütün suveren Azərbaycan ərazisində keçirilməsi isə bütöv Azərbaycanın müstəqilliyinin göstəricisidir.
Ərazilərimizin işğaldan azad edilməsinin, Azərbaycanın bərpa olunmuş suverenlinin memarı isə İlham Əliyevdir. Hələ qarşıda görüləsi çox işlər var və bu işləri İlham Əliyev hamıdan yaxşı görə bilər.

Növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Ölkə başçısı İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi, üçrəngli bayrağımız işğaldan azad edilən rayon və şəhərlərdə şərəflə dalğalandı.

Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Seçkilər hərbi və fövqəladə vəziyyətlərdə təxirə salınır, bəzən vaxtından əvvəl keçirilir. Bu seçkilər Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Ölkə rəhbəri bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.

Xalqımıza, ölkəmizə xeyirli-uğurlu olsun!

Səlim Məmmədov
Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbin direktoru

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir