Siyasət

Növbədənkənar prezident seçkisi: Pulsuz efir vaxtı ilə təşviqat – İZAH

Sharing is caring!


Bu gündən Azərbaycanda prezidentliyə namizədliyin irəli sürülməsinə başlanılır.

Qeyd edək ki, seçki təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan prezidentliyinə namizədliyin irəli sürülməsinə başlanılır.

Prezident İlham Əliyev dekabrın 7-də növbədənkənar prezident seçkisi elan olunması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, seçki 2024-cü ilin fevralın 7-də keçiriləcək.

Bildirək ki, Mərkəzi Seçki Komissiyası dekabrın 8-də keçirilən iclasında seçkinin 2024-cü il fevralın 7-də təyin olunması haqqında qərar qəbul edib.

MSK növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını dərc edib.

Seçkiqabağı təşviqata gəlincə, bu, səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Təqvim planına əsasən, təşviqat 2024-cü il yanvarın 15-i başlayacaq, fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin teleradio verilişləri təşkilatının (ictimai teleradiolar) kanallarında pulsuz efir vaxtı almaq hüququ var.

Burada nəzərdə tutulan teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi isə həftədə 1 saat 30 dəqiqədən az ola bilməz.

Həmin təşkilatların verilişlərinin ümumi vaxtı gün ərzində iki saatdan az olarsa, göstərilən efir vaxtı verilişlərin ümumi həcminin dörddəbir hissəsindən az olmamalıdır. Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmalıdır.

 Dövlətə məxsus olan teleradio verilişləri təşkilatları vasitəsilə seçkiqabağı təşviqat aparılmır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir