Siyasət

Fərid Şahbazlı: “İrəvanda yaxşı başa düşürlər ki…”

Sharing is caring!


“İrəvanda yaxşı başa düşürlər ki, Ermənistanı düşdüyü ağır iqtisadi və siyasi böhrandan yalnız Azərbaycanla imzalanacaq sülh müqaviləsi xilas edə bilər. Lakin Ermənistanı bölgədə müstəqil siyasət həyata keçirən dövlətlərə qarşı maşa kimi istifadə edən neoimperialist güclər bundan narahatdırlar və prosesi sabotaj etmək üçün müxtəlif çirkin mexanizmlər tətbiq edirlər. Ermənistanın silahlandırılması, ölkəmizə qarşı müxtəlif qərəzli sənədlərin qəbul edilməsi, Qərb mediasında dövlətimizlə bağlı dezinformasiya siyasətinin həyata keçirilməsi Azərbaycana qarşı hücumların kiçik bir hissəsidir”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan sentyabr ayında antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdikdən və regionda davamlı sülh və sabitliyin təmini üçün prinsipial mövqeyini açıqladıqdan dərhal sonra ölkəmizə qarşı təxribat siyasətinə start verilib:

“Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsindən, regionda sabitliyin təmin edilə biləcəyindən narahat olan qüvvələr çirkin planlarını işə saldılar. Öncə Qarabağdakı erməni əhalisinin zorla bölgəni tərk etməsi prosesini təşkil etdilər və bu proses üzərindən Azərbaycanı “etnik təmizləmə”, “genosid” kimi həqiqətdən uzaq axmaq iddialarla ittiham etməyə çalışdılar. Bu istiqamətdə həm müxtəlif beynəlxalq platformalar, həm də xarici KİV vasitəsi ilə ölkəmizə qarşı hücumlar təşkil edildi.

Daha sonra Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı kimi beynəlxalq qurumların qəbul etdiyi qərəzli qətnaməlar vasitəsi ilə Azərbaycana qarşı təzyiqlərin növbəti raunduna start verildi.

Bütün bunların fonunda Fransa da Ermənistanı silahlandırmağa davam etdi. Lakin bütün təzyiqlərə baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa və tarixi ədalətə söykənən siyasətini davam etdirir”.

Fərid Şahbazlının sözlərinə görə, bütün bunların əsas məqsədi Ermənistanda yenidən hərbi ritorikanı gücləndirməklə mümkün sülh müqaviləsini əngəlləməkdir:

“Ermənistanın da tez-tez sülh müqaviləsi və Azərbaycanla bağlı mövqeyində dəyişikliklər etməsi bu ölkənin müstəqil siyasət həyata keçirməkdə aciz olduğunu aşkar formada ortaya qoyur. Lakin Ermənistan üçün çıxış yolu birdir – Azərbaycanla sülh müqaviləsi imzalamaq və regionda pozucu fəaliyyətdən əl çəkmək. Bu dövləti ağır iqtisadi və siyasi problemlərdən yalnız bu yol çıxara bilər. Əks halda proseslər bütövlükdə Ermənistan dövləti üçün yaxşı heç nə vəd etmir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir