Siyasət

“Massimonun sərsəmləməsi Azərbaycan-İtaliya münasibətlərinə xələl gətirə bilməz” – ŞƏRH + FOTO

Sharing is caring!


“Azərbaycan İtaliya münasibətləri ən yüksək səviyyədə özünün inkişaf dövrünü yaşayır. İtaliya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və torpaqlarımızı işğaldan azad edərək suverenliyimizi təmin etdiyimizə görə sevinən dost ölkədir. İtaliya Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini Ermənistan tərəfindən pozulmuş beynəlxalq hüququn yerini tapması kimi dəyərləndirir”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Azər Badamov Avropa parlamentinin İtaliyanın müxalif “5 Ulduz hərəkatı” Partiyasından olan üzvü Fabio Massimo Kastaldonun Avropa İttifaqı və parlamentinin rəsmilərinə ünvanlanmış ədalətsiz, əsassız çağırışları haqqında danışarkən deyib. Deputat italiyalı siyasətçinin bu cür qərəzli mövqeyinin iki ölkə arasındakı əlaqələrə xələl gətirmək niyyəti daşıdığını hesab edir:

“Azərbaycan heç vaxt qonşu dövlətin ərazisini işğal etməyib və özünə məxsus olmayan torpaqlarda hərbi əməliyyatlar aparmayıb. O cümlədən, 19-20 sentyabrda Qarabağda aparılmış lokal antiterror tədbirləri də özünün suveren ərazisindəki qeyri-qanuni silahlıları tərksilah etmək və separatçılığın kökünü kəsmək məqsədi daşıyırdı. Azərbaycanın apardığı lokal xarakterli tədbirlər mülki insanlara qarşı olmayıb. Amma təəssüf ki, Avropa Parlamentinin İtaliyadan olan müxalif deputatı Fabio Massimo Kastaldon Avropa İttifaqı və Avropa Parlamentinin rəsmilərinə ədalətsiz və əsassız çağırış edərək Qarabağda keçirilmiş lokal antiterror tədbirlərini “azərbaycanlıların hücumu” adlandırıb. Siyasətçi Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına xələl gətirə biləcək ifadələr işlədib. Fabionun sərsəm fikirləri onun regionun coğrafiyasından və baş verən hadisələrdən xəbərsiz olmasının göstəricisidir. Yəni, ermənilər Fabionu ələ alaraq beynini elə zəhərləyiblər ki, o da ağzına gələni danışır.

Fabionun əsl cavabını İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirelli “Formiche” qəzetinə geniş müsahibəsində verib. E.Çirelli italiyalı müxalif deputatın açıqladığı əsassız sərsəmləmələrini əsl dəlilik adlandırıb.

Rəsmi Romanın mövqeyinə əsasən, öz ərazilərində suverenliyini təmin etməsi beynəlxalq normalara görə Azərbaycanın hüququdur. Nazir müavini bunu bir daha vurğulayıb. Fabio Massimonun sərsəmləməsi Azərbaycan-İtaliya münasibətlərinə heç vaxt xələl gətirə bilməz. İtaliya Avropa İttifaqında Azərbaycanın əsl dostudur. Həm də ölkələrimiz arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir. Fabio Massimo fikir ifadəsində sərbəstdir. Amma Fabionun sərsəm ifadələri heç vaxt İtaliyanın rəsmi mövqeyi ola bilməz və qəbul olunmur”.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir