Siyasət

Azərbaycanın ədalətli müharibə modeli: Dünya bundan dərs götürməlidir – ŞƏRH + FOTO

Sharing is caring!


Hazırda dünyanın ən müxtəlif regionlarında davam edən münaqişələr dağıntılara, mülki əhali arasında ölümlərə səbəb olur. Suriyada baş verənlər, hazırda Ukraynada, Qəzzada yaşananlar buna nümunədir. Əsas məsələlərdən biri də budur ki, bu qədər fəlakətə rəğmən, hələ də ortada konkret hərbi nəticə yoxdur.

Bir çox hallarda münaqişə tərəfləri üçüncü güclərin təsiri, təhriki ilə hərəkət edirlər. Buna misal olaraq, xüsusilə, ABŞ və Fransanın fərqli regionlardakı fəallığını qeyd etmək olar. Amma bu dövlətlər indi Yaxın Şərq və Şərqi Avropada oynadıqları oyunu vaxtı ilə Qarabağda tətbiq etmək istəsələr də, buna nail olmamışdılar. Çünki Azərbaycan rəhbərliyi həm İkinci Qarabağ müharibəsi dövründə, həm də ondan sonra dəfələrlə peşəkarlıq nümayiş etdirdi. Rəsmi Bakı 2020-ci ildə cəmi 44 gün ərzində qələbəni təmin etdi.

Bu ilin sentyabr ayında keçirilən antiterror əməliyyatında da eyni peşəkarlıq nümayiş olundu. Kənar güclərin prosesə müdaxiləsinə imkan verilmədi. Daha dəqiq desək, buna fürsət verilmədi. Çünki Azərbaycan həm 44 günlük müharibə dövründə, həm də birgünlük antiterror əməliyyatlarında bütün humanitar hüquqi normalara əməl etdi. Mülki infrastruktur və dinc əhalinin zərər görməməsi üçün maksimum səy göstərildi. Təəssüf ki, qarşı tərəf eyni reaksiyanı vermədi.

Yada salmaq yerinə düşər ki, müharibə dövründə Ermənistan müharibə bölgəsinə aid olmayan Gəncə və Bərdəyə raket atdı. Həmin dövrdə təkcə Gəncəyə beş dəfə ayrı-ayrı vaxtlarda hücum oldu. Nəticədə 30 nəfər mülki şəxs həlak oldu.

Bərdəyə hücum nəticəsində 26 nəfər şəhid oldu. Məktəblər, evlər dağıdıldı.

Ukraynada davam edən müharibədə indiyə qədər 10 minə qədər mülki şəxs ölüb, ölkə isə faktiki olaraq xarabalığa çevrilib.

Bu nümunələrdən fərqli olaraq Azərbaycan hərbi əməliyyatlar zamanı yalnız hərbi hədəfləri vurub. Odur ki, fəxarətlə və əminliklə demək olar ki, Azərbaycan dünya üçün həm də nümunədir.

Təsadüfi deyil ki, nə Ermənistan, nə də Qərb ölkələri və təşkilatları Azərbaycanın ünvanına səslənən ittihamlarla bağlı heç bir fakt, sübut ortaya qoya bilmir. Rəsmi Bakı dəfələrlə ittiham olunur. Müharibə dövründə və ondan sonra Azərbaycan Ordusunun guya fosforlu bombalardan istifadə etməsi, həmçinin muzdlu döyüşçülərdən istifadə etməsi kimi bir çox şayiələr, ittihamlar yayıldı. Amma bunların heç biri ictimai rəydə özünə yer ala bilmədi. Heç ittiham edənlərin özləri də sübut və faktları olmadığından dediklərinin arxasında dura bilmədilər.

Bu bir daha göstərir ki, sözünün güclü olması, ədalətli tərəf olmaq üçün bütün hərb qaydalarına əməl etməlisən. Azərbaycan bunu bacardı. Ordu yüksək peşəkarlıq nümayiş etdirdi. Bu isə danışıqlar masasında da rəsmi Bakının güclü olmasına töhfə verdi. Odur ki, Azərbaycanın antiterror əməliyyatı analoji əməliyyatlar üçün bir nümunə olmalıdır.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir