Siyasət

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin 52-ci Milli Günü qeyd edilib – FOTO

Sharing is caring!


Bakıda Birləşmiş Ərəb Əmirliklərinin 52-ci Milli Günü qeyd edilib.

APA xəbər verir ki, bu münasibətlə təşkil edilən tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən səfir Əl Bluşi qeyd edib ki, bu gün hər bir BƏƏ vətəndaşının qəlbində əziz xatirə olan gün – Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranmasının 52-ci ildönümü qeyd olunur:

“Birliyin şəfəqi 1971-ci ilin bu günündə parladı. Mən BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətləri təqdir etmək istərdim. Hər iki dövlət liderlərinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir”, – diplomat vurğulayıb.

Səfirin sözlərinə görə, iki ölkə vətəndaşları vizadan azad edilib, bundan başqa, bərpa olunan enerjinin istehsalı, neft-qaz və digər sahələrdə 40 sənəd, anlaşma memorandumu və sazişlər imzalanıb:

“Bu, iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmliyini əks etdirir,” – deyə Əl Bluşi qeyd edib.

Diplomat həmçinin fəxri qonaq qismində iştirak edən azərbaycanlı nazirə, eləcə də BƏƏ-nin 52-ci Milli Günü münasibətilə tədbirə verdiyi dəstəyə görə, Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkürünü bildirib.

Səfir əlavə edib ki, ölkəsi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi altında regional və beynəlxalq arenalarda mövqeyini, fəal rolunu gücləndirməklə, inkişaf və iqtisadi yüksəliş yolunu davam etdirir:

“BƏƏ dünya ölkələri ilə qarşılıqlı hörmət əsasında möhkəm əlaqələr qurmağa, ölkələr arasında mübahisələrin dialoq və dinc vasitələrlə həllinə sadiqliyinə, beynəlxalq sabitliyin, sülhün dəstəklənməsinə, insanların birgə yaşayışının təşviqinə töhfə verməyə müvəffəq olub. BƏƏ rəhbəri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkədə 2023-cü ili “Sabah üçün bu gün” şüarı altında “Davamlılıq İli” elan edib. “Davamlılıq İli” BƏƏ-nin davamlılıq problemlərini həll etmək üçün beynəlxalq kollektiv fəaliyyətin gücləndirilməsində göstərdiyi səyləri və daha firavan gələcək qurmaq üçün hər kəsə fayda verən innovativ həllər axtarışında rolunu vurğulamaq məqsədi daşıyır”, – səfir bildirib.

“Bu gün BƏƏ dünya miqyasında davamlı iqtisadi inkişaf sahəsində aparıcı modelə çevrilib və iqtisadi artım, rifah və ətraf mühitin mühafizəsi arasında tarazlığa nail olmağa yönəlmiş iddialı strategiyalar qəbul edir. BƏƏ kosmosa və müxtəlif elmlərə olan marağını davam etdirir, bu sektorda qabaqcıl nəticələr əldə etməyə çalışır. Keçən ilin sentyabrında ölkə, BƏƏ astronavtı Sultan Əl Neyadinin uzun sürən kosmos səyahətindən sonra Yerə qayıtmasını, Beynəlxalq Kosmik Stansiyada uzun müddət qalan, kosmosda gəzinti həyata keçirən ilk ərəb astronavtı kimi böyük nailiyyətini qeyd edib. BƏƏ, həmçinin ən böyük və ən qabaqcıl peyklərdən biri olan “Mohammed bin Zayed sat” (MBZ-SAT) peykini 2024-cü ildə orbitə çıxarmağa hazırlaşır. Ölkəmiz kosmos sahəsində tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində elmi töhfələrini artırmağa davam edəcək. BƏƏ, ekoloji problemlərin həllinin təşviqini və iqlim dəyişikliyi ilə bağlı problemlərin həllini öz prioritetləri sırasına qoyur. BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin konfransının iyirmi səkkizinci sessiyası COP28 BƏƏ-də 30 noyabr – 12 dekabr tarixlərində “Expo City Dubai”da keçiriləcək, dünya liderləri və ekspertləri planetimizin üzləşdiyi riskləri azaltmaq istəyi ilə bir araya gələcək”, – diplomat əlavə edib.

Səfir BƏƏ-in BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətinə də toxunub:

“BƏƏ Təhlükəsizlik Şurasına üzv olduğu müddətdə münaqişələrin dinc yolla həllini təşviq etmək, humanitar yardıma üstünlük vermək, sülhü qorumaq, qlobal səhiyyə və sağlamlıq böhranlarını həll etmək, bəşəriyyətə xidmət etmək üçün innovasiya imkanlarından istifadə etmək, terrorizmlə mübarizə üçün beynəlxalq sistemin inkişaf etdirilməsi kimi dövrümüzün bəzi vacib çağırışlarının həllində mühüm rol oynayıb”.

Diplomat həmçinin vurğulayıb ki, BƏƏ beynəlxalq miqyasda yardımların ən böyük donorlarından biri qismində iştirak edir.

“BƏƏ yarandığı gündən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməklə beynəlxalq əlaqələrini gücləndirmək və genişləndirməkdə maraqlıdır. Ölkə çoxtərəfli əməkdaşlığa möhkəm sadiqliyini əks etdirməklə və bütün sektorlarda beynəlxalq prioritetlərə nail olmaqla 150-dən çox təşkilata üzv olub. BƏƏ dünya ölkələrinin ümumi maraqlarına əsaslanan və sülhün, sabitliyin, firavanlığın, xalqların rifahının təşviqinə yönəlmiş xarici siyasətini davam etdirəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir