Siyasət

“Şər imperiyası”: Vaxtilə SSRİ-yə vurulan damğa indi ABŞ-nin özüdür – ŞƏRH + FOTO

Sharing is caring!


Yerli xalqları məhv edib milyonlarla insanın qanı üzərində qurulan dövlət – Amerika Birləşmiş Ştatları (ABŞ) 300 ilə yaxındır ki, mahiyyətini dəyişmir, yaxud dəyişmək istəmir. Qonşuların torpaqlarına göz dikmək, daha çox torpaq ələ keçirmək, “parçala və hökm sür” siyasəti əsas prinsip olaraq qalır. ABŞ yerli aborigen xalqlara qarşı soyqırımı həyata keçirən bir dövlət kimi də tarixə düşüb.

Öz daxili problemlərini həll etmək əvəzinə, başqa dövlətlərin daxili işlərinə qarışır, demokratiya adı altında çevrilişlər, “rəngli inqilablar” törədir. Nəticə də göz qabağındadır. Dünyanın müxtəlif yerlərində milyonlarla insan ev-eşiyindən didərgin salınıb, məhv edilib. Bu proses hələ də davam edir.

Nüfuzlu “Global Times” nəşri yazır ki, müharibə ABŞ-nin öz siyasi, hərbi və iqtisadi üstünlüyünü qorumaq üçün mühüm alətə çevrilib. İkinci Dünya müharibəsinin bitməsindən 2001-ci ilə qədər dünya üzrə 248 silahlı münaqişədən 201-i onun payına düşüb. Özünü “fövqəldövlət” kimi qələmə verən ölkə törətdiyi cinayətlərlə bağlı bir dəfə də olsun üzrxahlıq etməyib. Əksinə, əməllərinə haqq qazandırıb.

İndiki Birləşmiş Ştatlara çevrilmək də ona asan başa gəlməyib; təqribi hesablamalara görə, 100 milyona yaxın hindunu qətlə yetirməklə, mövcudluğunun ilk illərindən başlayaraq bütöv xalqları torpaqlarından qovub rezervasiyalarda məhv etməklə ad çıxaran dövlətin indi durub kimisə “etnik təmizləmə”, “soyqırımı” törətməkdə ittiham etməsi məntiqsizlikdir.

İttiham varsa, ortaya sübut da qoyulmalıdır. Götürək elə Qarabağda baş verən son hadisələri, Azərbaycan 19-20 sentyabr antiterror tədbirlərindən sonra özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu tədbirlər gedişində bir dinc sakinin burnu belə qanamadı. Bunu bölgəyə səfər edən BMT kimi təşkilatın missiyası da təsdiqlədi. Qurumun Qarabağda iki monitorinq missiyası ilə bağlı hesabatında “etnik təmizləmə” və “kütləvi qırğınlar” barədə bir fakt da yox idi. Lakin Birləşmiş Ştatların rəsmi dairələrinin bu hesabata reaksiyası birmənalı olmadı. Erməni lobbisinə xoş gəlmək üçün guya Qarabağda insanların hüquq və azadlıqlarının pozulduğunu iddia edildi. Hətta Ermənistanın özündən gələn sülh çağırışlarını belə qulaqardına vuraraq bölgədə qarşıdurma, xaos yaratmağa çalışdılar. Təəccüblü də deyil. Çünki insan hüquqlarını pozmaq, hegemonluq etmək ABŞ-nin əsas xislətidir. Bunlar soyqırımlar həyata keçirən, qonşu dövlətlərin torpaqları hesabına imperiya quran, ilk dəfə atom silahını tətbiq edib yüzminlərlə insanın həyatına son qoyan ABŞ-nin tarixdə yol verdiyi çoxsaylı hadisələrdən sadəcə bir neçəsidir.

Bu dövlətin Birinci və İkinci Dünya müharibələrində oynadığı rola nəzər salaq. Tərəf kimi müharibələrdə iştirak etsə də, onun bir-biri ilə döyüşən dövlətləri silahla təchiz etməsi və qazanc götürməsini sübut edən faktlar mövcuddur.

Ən acınacaqlı hal həm də ondan ibarətdir ki, ABŞ 300 ilə yaxın müddətdə törətdiyi qanlı cinayətlərə görə üzr istəmək əvəzinə, riyakar və çirkin siyasətini davam etdirib. Təəccüblü olan odur ki, aborigen xalqların hüquqlarını ən çox pozan ölkə kimi tarixə düşən “fövqəldövlət” son illərdə “ABŞ-nin köklü xalqlar Günü”nü təsis edib. Uzun illər hüquq və azadlıqları uğrunda mübarizələri nəticəsiz qalan bu xalqlar da bir çox hallarda çıxış yolunu silahlı üsyan və etiraz aksiyalarında görüblər. Bu çıxışlar da hər dəfə ABŞ hakimiyyəti tərəfindən qanla və zorakılıqla yatırılıb.

Belə aksiyaların sayı-hesabı yoxdur. Bu dövlətin əsl mahiyyətini ortaya qoyan faktlardan daha birinə nəzər salaq. Söhbət 1973-cü il fevralın 27-də baş verən hadisədən gedir. 50 il bundan öncə yerli hindu xalqı Cənubi Dakota ştatında bir qəsəbəni ələ keçirib “müstəqil dövlət” qurdu. Hindular pozulan hüquqlarına bu yolla etiraz etmək qərarına gəlmişdilər. Həmin illərdə yaradılan hərəkatın üzvlərinin sayı qısa zamanda 400 minə çatmışdı. Hakimiyyət bunu cavabsız qoymayaraq onlara qarşı zorakı addımlara start verdi. Hərəkatın ardıcılları qorxudulur, döyülür, həbs edilirdi. Buna cavab olaraq da hindular güc yolu ilə hərəkət etmək qərarına gəldilər. Korrupsiya, qanunsuzluq, ayrı-seçkilik hinduları silahlı hərəkətə keçməyə məcbur etdi. Onlar 80 günə yaxın kiçik Vunded-Ni qəsəbəsini ələ keçirib, hakimiyyətə qarşı çıxdılar. Bu, ABŞ tarixinə “qırmızıdərililər” adı ilə düşüb. Hakimiyyət əvvəlcə ona sərt formada reaksiya versə də, cəmiyyətdə artan narazılıqlardan sonra güzəştə getməyə məcbur oldu. Sözügedən hadisə Amerika qitəsinin yerli xalqları ilə müstəmləkəçilər arasında 300 ildən çox davam edən qanlı müharibələrin sonuncu epizodu idi.

Sonda bir məsələyə də toxunmaq yerinə düşərdi. Vaxtilə SSRİ-yə “şər imperiyası” damğası vuran Birləşmiş Ştatlar indi fəxrlə özünü bu kateqoriyaya daxil edə bilər. Ayaq basdığı hər yerdə müharibə, xaos, qarşıdurma yaradır. Bir məsələni də başa düşməlidir ki, imperiya təfəkkürü ilə uzun müddətli idarəçiliyə nail olmaq mümkün deyil. Bu siyasət gec-tez onun sonunu yaxınlaşdıracaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir