Siyasət

Ruzveltin “məşhur” ifadəsi: Ermənistanın regionda oynadığı rol

Sharing is caring!


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

1939-cü ildə Vaşinqtonda Nikaraqua diktatoru Anastasio Somosa ilə görüşdən öncə prezident Franklin Delano Ruzveltin belə bir cümlə işlətdiyi deyilir (ifadə dilimizə tərcümədə yumşaldılıb): “Somosa əclafın oğludur, ancaq bizim əclafın oğludur” (“Somosa may be a son of a bitch, but he’s our son of a bitch”). Somosa diktator olsa da, Vaşinqtonun müttəfiqi rolunda çıxış edirdi, bu səbəbdən Ruzvelt administrasiyası onun idarəetmə metodlarına göz yumurdu.

Bu gün Ermənistan regionda ABŞ üçün “öz əclafımızın oğlu” rolunun mahir ifaçısıdır. Özü də yanaşmanı tək Paşinyan hakimiyyətinə münasibətdə tətbiq etmək düzgün olmazdı. Çünki aşkar rusiyapərəst olsalar da, Koçaryan və Sarqsyanın hakimiyyətləri dövründəki Ermənistan da ABŞ-dən az dəstək görmürdü. İrəvan Rusiyanın bölgədəki forpostu, Moskvanın orbitində formalaşmış hərbi-siyasi və iqtisadi blokların ayrılmaz hissəsi kimi çıxış edirdi. Ermənistan şirkətlərinin o illərdə İranla qadağan olunmuş və sanksiya altına düşən məhsulların alış-verişi ilə bağlı çoxsaylı təmasları məlumdur. Ancaq bu, Ermənistana, hətta separatçı “DQR”ə hər il Amerika büdcəsindən müxtəlif adlar altında sabit maddi yardım ayrılması üçün “diqqətə alınası” maneə deyildi. 

Dünən ABŞ senatında S.3000, yaxud “Erməniləri müdafiə aktı 2023” adlı sənədin qəbulu, yəni faktiki olaraq 907-ci maddənin fəaliyyətinin bərpasını tək son gedişatın nəticəsi saymamalıyıq. ABŞ də ən azı Fransa qədər 44 günlük müharibənin yekunları və bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını həzm edə bilmir. Vaşinqtonun ritorikasının sərtləşməsindən öncə ABŞ səfirinin azad edilmiş torpaqlara, konkret olaraq Şuşaya getməkdən boyun qaçırmasını xatırlamağımız yetərlidir. Fransa ilə yanaşı Amerikanın da bu mövqeyi aydın şəkildə göstərir ki, Vaşinqton keçmiş Dağlıq Qarabağ ərazisini Azərbaycanın hüdudlarında görmək istəmir. Hərçənd dövlət katibi Blinkenin moderatorluğu ilə kifayət qədər məhsuldar və sanki sülh müqaviləsinin bir addımlığında olan danışıqların keçirilməsi də faktdır. 

Ermənistan İranla sıx siyasi və iqtisadi kooperasiyadadır. İran Zəngəzur dəhlizini özünün “qırmız xətti” adlandırır, ABŞ isə “Ermənistanın ərazi bütövlüyünə təhdid”. İran Zəngəzurda konsulluğunu açan ilk ölkədir. İran antisemitizmi özünün rəsmi ideologiyasına çevirən yeganə dövlətdir. Zaman-zaman ABŞ-nin enerji maraqları olan Azərbaycanın ünvanına təhdidlərlə çıxış edir. Ancaq bu da Amerikanın Ermənistanı “öz əclafımızın oğlu” hesab etməsinə əngəl deyil.

Ermənistan iqtisadiyyatı bütövlükdə Rusiyanın nəzarətindədir. Yerli əhalinin gündəlik dolanışığına Rusiyadan edilən maliyyə transferlərinin əhəmiyyətli təsiri var. Ermənistanın büdcə artımına Rusiya-Ukrayna müharibəsi nəticəsində ölkəyə gəlmiş rus miqrantların qatqısı danılmazdır. Ermənistan hələ də Rusiyanın dominant olduğu hərbi-siyasi və iqtisadi birliklərin üzvüdür.

Ermənistanın Rusiyaya qadağan edilmiş məhsulların çatdırılmasında tranzit ölkə qismində çıxış etməsinə dair onlarla fakt mövcuddur və bu barədə ilk növbədə elə Qərb mediası yazıb. İrəvanın Rusiyaya ixrac göstəricilərinin son iki ildə kəskin artımı bunun aşkar sübutudur. Ermənistan hələ də Suriyada Rusiya ilə birgə hərbi missiyanın iştirakçısıdır. Ancaq yenə də ABŞ-nin “öz əclafının oğlu”dur. 
Vaşinqtonun dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Yuri Kimlə sərtləşən və xələfi Ceyms O’Brayenlə davam edən ermənipərəst ritorikasının pərdəarxasında daha miqyaslı geosiyasi gözləntilərin gizləndiyi aydındır. 3 min nəfərlik personalı olan ən böyük səfirliklərdən birinin İrəvanda “Qarabağ ermənilərinin hüquqları” üçün fəaliyyət göstərməsini düşünmək sadəlövhlük olardı. O’Brayenin “Qarabağda rusiyalı sülhməramlıları başqaları ilə dəyişdirmək” arzusu hədəfin Ermənistandakı Rusiya hərbi bazası olduğunu göstərir. İrana hələ toxunmamaq da olar, rusların bölgəni tərk etməsi təqdirində Tehran alternativ enerji mənbəyi rolunda çıxış edə bilər.

Qərb loyal Azərbaycan olmadan Orta Asiyaya çıxışı təmin edə bilməz. Bunu Fransa prezidenti Makronun Afrika müstəmləkələrindən əli üzülməyə başlayandan sonra uran dalınca Qazaxıstana və Özbəkistana səfəri də aktuallaşdırdı. Fransa uranı haradan aparacaq? Hazırda Azərbaycandan başqa alternativ yoxdur. Ancaq tez-tez belə təəssürat formalaşır ki, sanki Qərbdə, əsasən də ABŞ-də regiondakı reallıq, yaxud sadə coğrafiya barədə təfərrüatlı təsəvvür yoxdur. Ağ evin, yaxud Dövlət Departamentinin sözçülərinin narahat sual qarşısında “error pozası”na düşmələri deməyə sözlərinin olmaması ilə yanaşı məlumat qıtlığının və yaxud birtərəfli, qərəzli məlumatla təmin olunduqlarının göstəricisidir. Qərb başda ABŞ olmaqla Azərbaycana 30 il ərzində ermənipərəst iradəsini qəbul etdirə bilməyib. Ərazilərinin beşdəbiri işğalda olan, tənəzzül etmiş iqtisadiyyatı, bir milyon nəfərlik qaçqın və məcburi köçkün ordusu ilə humanitar böhranla üz-üzə qalmış Bakı üç fövqəlgücün ATƏT-in Minsk qrupu vasitəsilə edilən təzyiqlərinə baş əyməyib. İndi ərazi bütövlüyünü bərpa etmiş, dinamik iqtisadiyyatı və əlverişli siyasi mövqeləri olan Azərbaycana təzyiq göstərmək kontr-məhsuldar nəticələrə səbəb ola bilər. 

Qərb Ermənistana verdiyi dəstəyi geosiyasi maraqları ilə yanaşı həm də Paşinyan hökumətinin “demokratik obrazı” ilə pərdələyir. Ancaq bu günün özündə Ermənistanda həbsxanalarda hələ də 50-dək siyasi motivli məhbusun olması faktı var. Müxalifətin aksiyalarının qarşısı polis gücü ilə sərt şəkildə alınır. Həm də Paşinyan hələ “nə yatıb ki, nə də yuxu görsün”? Ermənistanda Paşinyana dəstək verən əhali kontingentindən savayı “Rusiyadan qurtulub Qərbə inteqrasiya etmək”lə yağ-bal içində yaşayacaqlarına ümid edən, müharibədən qorxan seçici kütləsi də var və az deyil. Zaman-zaman ümidlər daşa dəyəndə, reallıq qalib gələndə bu kütlədə azalma və fərarilik halları da artacaq. Göz önündə Gürcüstanda Qərbpərəst Saakaşvili təcrübəsi var. Onda, seçkiləri saxtalaşdırmaq məcburiyyətində qalanda Paşinyanın əsil demokrat olub-olmadığı bilinəcək. Hələlik isə “Pashinyan may be a son of a bitch, but he’s our son of a bitch”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir