Siyasət

Ukraynalı nazir müavini: “Azərbaycanla strateji əməkdaşlığın daha səmərəli mərhələsinə doğru gedirik”

Sharing is caring!


“Ukrayna ilə Azərbaycan arasında həmişə konstruktiv dialoq və güclü əməkdaşlıq olub. Bu gün ölkəmizə qarşı silahlı təcavüz şəraitində bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyevlə görüşündə Ukrayna Baş nazirin müavini İrina Vereşuk söyləyib.

Onun sözlərinə görə, indi iki ölkə strateji tərəfdaşlığın daha səmərəli mərhələsinə doğru gedir.

Görüşdə tərəflər ölkələrimiz arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Səfir Seymur Mərdəliyev bildirib ki, Ukraynaya humanitar yardım məsələsi diqqət mərkəzindədir. Azərbaycan müharibədən zərər çəkmiş uşaqlara tibbi və psixoloji reabilitasiya yardımını davam etdirəcək və Ukraynanın bərpası üçün layihələr həyata keçirəcək. Hazırda Azərbaycan İrpen və Buçada infrastruktur obyektlərinin bərpası üçün beş layihə həyata keçirir.

Digər məsələlərlə yanaşı, Bakı Ukraynada enerji sektorunun bərpasına qoşulub. Azərbaycan Prezidenti artıq 7,6 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb ki, bu da Ukraynanın ehtiyacları üçün generatorların və yüksəkgərginlikli kabellərin alınmasına sərf olunacaq.

Bundan başqa ərazilərin minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq inkişaf etdirilir.

Görüş zamanı ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün Ukraynanın və Azərbaycanın işgüzar dairələrinin onlayn görüşlərinin keçirilməsi barədə razılıq əldə olunub.

Həmçinin işğal olunmuş ərazilərin reinteqrasiyası və bərpası sahəsində Azərbaycan təcrübəsinin müzakirəsi üçün iki ölkənin dövlət qurumlarının birgə iclasının keçirilməsi razılaşdırılıb.

Tərəflər gələn il Bakıda keçiriləcək Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının 13-cü birgə iclasına hazırlaşdıqlarını vurğulayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir