Siyasət

“Səfirin açıqlaması İranın Azərbaycana qarşı qeyri-səmimi davranışının təzahürüdür” – RƏY + FOTO

Sharing is caring!


“Biz İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin timsalında xalqları, dövlətləri sülhə deyil, müharibəyə səsləyən diplomatların, səfirlərin də olduğunu müşahidə edirik”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, səfirlərin ölkələr arasında münasibətlərin normallaşmasına, sülhə xidmət edən şəxs sayıldıqları danılmaz həqiqətdir və bu baxımdan peşələrinin humanistliyi ilə fərqlənirlər:

“Lakin bəzən başqa cür də olur. Məsələn, İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin timsalında xalqları, dövlətləri sülhə deyil, müharibəyə səsləyən diplomatların, səfirlərin də olduğunu müşahidə edirik. Belə ki, Mehdi Sübhani bu günlərdə bir daha öz peşəsinə xəyanət edərək üçüncü dövlətin qanuni ərazisi barədə reallıqdan kənar bəyanatlar verib. Məlumata görə, səfir erməni jurnalistin “Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı İran İslam Respublikasının rəsmi mövqeyi nədir?” sualına: “Qarabağ əhalisinin və hər bir sakininin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz”, – şəklində cavab verib”.

Mehdi Sübhani

Milli Məclisin üzvü bildirib ki, bu, bir tərəfdən, M.Sübhaninin bütün diplomatik etiketləri pozmasıdırsa, digər tərəfdən, rəsmi Tehranın Azərbaycana qarşı qeyri-səmimi davranışının növbəti nümunəsidir:

“Mən bunu sıradan bir kəlmə kimi işlətmirəm. Cəmi bir neçə gün öncə İran Prezidenti İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə görüşündə səsləndirdiyi bəyanatı yada salmaq istəyirəm. İran Prezidenti həmin görüş zamanı tamamilə birmənalı bəyanat verərək Qarabağın uzun illər sonra əzəli ərazisinə – Azərbaycana qovuşmasına çox sevindiklərini söyləyib və: “Biz çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq”, – deyə bəyan edib. Amma İran dövlətinin səfiri prezidentin bu mövqeyinə daban-dabana zidd olan fikirlər səsləndirir. Hesab edirəm ki, tez bir zamanda rəsmi Tehran bu anlaşılmazlığa, daha dəqiq desək, bu oyuna aydınlıq gətiməlidir. Əgər səfir başından böyük danışıbsa, yəni rəsmi Tehranın mövqeyinə zidd fikirlər səsləndiribsə, o zaman hakim rejim buyursun, onun cəzasını versin”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir