Siyasət

Gürcü politoloqlar: “Fransa Cənubi Qafqazda yeni münaqişə yaratmaq istəyir” – FOTO

Sharing is caring!


“Zirehli texnikanın Gürcüstan ərazisindən Ermənistana tranziti rəsmi Bakı ilə Tbilisi arasında müdafiə sahəsində bu il aprelin 24-də Bakıda imzalanan əməkdaşlıq haqqında sazişin məzmununa ziddir”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında “Şəffaf Qafqaz” Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri Mübariz Qarayev deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti bu məsələ ilə bağlı öz mövqeyini bildirməli və bu faktla bağlı tutarlı arqumentlər gətirməlidir:

“Çünki Azərbaycanla imzalanan sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək, habelə hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki əsas yaratmaqdır. Yəni qarşı tərəfin hərbi texnika ilə təmin edilməsinə şərait yaradılmamalıdır. Əgər hadisələr belə davam etsə, Qafqazda geosiyasi dəyişikliklər sabitliyi pozacaq və region ölkələrinin maraqlarına zərər verəcək. Ümid edirəm ki, region ölkələrinin liderləri Qafqazda sabitliyin qorunması və möhkəmləndirilməsi üçün hər şeyi edəcəklər”.

Yeni Xristian Demokratlar Partiyasının sədri, siyasi şərhçi Levan Çxeidze isə bildirib ki, Fransanın Ermənistana silah göndərməsinə daha geniş aspektdən nəzər yetirmək lazımdır:

“Fransa dünyada yaranmış geosiyasi vəziyyətdən istifadə edib Qafqazda yeni müharibə yaratmaq istəyir. Başa düşməliyik ki, güc Azərbaycan tərəfindədir. Fransa silah göndərməklə tək Azərbaycanı hədəf almayıb. Bununla İrana və Türkiyəyə də mesaj göndərmək istəyir. Rəsmi Paris regionda aktiv rol oynamağa başlayıb. Bu səbəbdən deyə bilərəm ki, atılan addımı tək Azərbaycan-Ermənistan müstəvisindən yox, dünyada baş verən geosiyasi fonda digər ölkələrə olan münasibətlərdən incələmək lazımdır. Fransa elə bir dövlət deyil ki, kimə gəldi silah satsın. Burada tək iqtisadi yox, həm də siyasi layihələrdən söhbət gedir. İlk olaraq bu sual bizi maraqlandırmalıdır. Qarabağ münaqişəsinin bitdiyi, Gürcüstan sülh müqaviləsinin imzalanacağı məkan olacağını açıqladığı zaman Fransa niyə bizim regiona silah satır?”

Ekspert Vaso Kapanadze vurğulayıb ki, Qəzzada müharibə getdiyi zamanda İsrail-Azərbaycan münasibətlərini nəzərə alaraq Paris Təl-Əvivin diqqətini çəkmək istəyir:

“Türkiyənin də hazırkı vəziyyətdə İsraillə gərgin münasibətlərini nəzərə alan Emmanuel Makron hökuməti regionda çaxnaşma yaratmaq istəyir. İrəvana silah göndərilməsi məsələsində ilk olaraq Fransanı tənqid etməliyik. Çünki onlar bilirdilər ki, bu addım ölkələr arasında münasibətlərə ziyan vura bilər. Ermənistanı silahlandırmaq heç doğru hərəkət deyil. Regionda sülh müqaviləsinin imzalanmasına şərait yaratmaq əvəzinə, İrəvan silahlandırılır. Bu, çox səhv addımdır. Fransa öz problemləri ilə məşğul olmaq əvəzinə, Qafqazda aranı qatmaq üçün çalışır. Fransada erməni lobbisi güclü olmasına baxmayaraq, ölkə rəhbərliyinin etdiyi heç doğru hərəkət deyil”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir