Siyasət

Rece Abdalcalil: “Bakıda Fələstin dövlətinin yaradılma zərurətindən danışırlar, bu, ağıllı siyasətdir”

Sharing is caring!


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ər-Riyad şəhərində baş tutan Ərəb Dövlətləri Liqası (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə birgə sammitində növbəti dəfə Fələstin-İsrail münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bəyan etdi.

Ceyhun Bayramov Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması ilə müstəqil Fələstin dövlətinin yaradılmasının beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinə uyğun olduğunu bəyan etdi.

Rəsmi Bakı yeni böhran başlamazdan xeyli əvvəl də bu mövqeyinə sadiq idi.

Bəs Fələstin dövlətinin yaranması gərginliyi azaldacaqmı?

Fələstinli analitik, doktor Rece Abdalcalil Oxu.Az-ın bu sualını cavablandırarkən deyib:

– Dünyada çoxları belə düşünürlər. Amma bu məsələ (Fələstin dövlətinin yaradılması – red.) uzun onilliklər ərzində həllini tapmayıb və çətin ki, onun yaxın gələcəkdə də həll olunma ehtimalı olsun.

– Üstəlik, hətta Fələstin cəmiyyətinin daxilində də ziddiyyətlər və qarşıdurmalar var. Misal üçün, Fələstin Milli Azadlıq Hərəkatı (FƏTH) ilə Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) arasında.

– Fələstin dövlətinin yaradılması beynəlxalq ictimaiyyətin birgə səylərindən sonra mümkün olacaq. Bu, FƏTH, HƏMAS və ya İsraildən asılı deyil.

– Niyə Misir və İordaniya Qəzzadan olan fələstinli qaçqınları qəbul etmək istəmirlər?

– Qahirə və Əmman doğru qərar veriblər. Əgər onlar qaçqınları qəbul etsələr, o zaman Fələstində Fələstin xalqı qalmayacaq və Fələstin ərazisi yox olacaq. Fələstinlilərin özləri də bunu istəmirlər. Ona görə də Misir və İordaniya Fələstin xalqına bu formada dəstək verir. Eyni zamanda, çoxları hesab edirlər ki, misirlilər və iordaniyalılar bizi qəbul etmək istəmirlər. Bu, səhvdir.

“Nəkbə” (1948-ci ildə 800 minə yaxın fələstinlinin öz torpaqlarını tərk etməsi – red.) zamanı İordaniya və Misir Fələstin xalqını qəbul etsə də, Fələstinin ərazisi 90%-dən çox kiçildi. Sizin başa düşməyiniz üçün deyim ki, Qəzza zolağı tarixi Fələstinin ərazisinin bir faizini təşkil edir. İordan çayının qərb sahili isə digər yeddi-səkkiz faizi təşkil edir. Yəni indi fələstinlilər 1948-ci ildən əvvəl sahib olduqları torpaqların 10 faizindən də azına sahibdirlər. Təsəvvür edirsinizmi, Misir və İordaniya hakimiyyəti sərhədləri açsa və İsrail ordusu Qəzza əhalisini sıxışdırıb çıxarsa, nə baş verəcək? Hər şey bir anda bitəcək, Fələstin dövlətinin yaradılması məsələsini müzakirə edəcək heç nə qalmayacaq.

1948-ci ildə Fələstini tərk edən insanlar artıq geri dönə bilmədilər, onları heç kim oraya buraxmadı. Onların evləri artıq yox idi, yaxud da oraya israillilər köçürülmüşdülər. 11 milyondan çox fələstinli xaricdə yaşayır. Fələstinin özündə dörd-beş milyon insan qalıb. Əgər siz onları getməyə məcbur edirsinizsə, deməli, daha heç kim Fələstin və Fələstin xalqı haqqında heç nəyi müzakirə etməyəcək.

– Qəzza zolağının gələcək taleyi ilə bağlı Qərbdə ortaya çıxan təkliflər barədə nə düşünürsünüz? ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib ki, Qəzza Fələstin torpağı olaraq qalmalıdır. ABŞ Dövlət katibi Antoni Blinken hesab edir ki, müharibə bitdikdən sonra Qəzzanı nə İsrail, nə də HƏMAS idarə etməlidir. Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə HƏMAS-ın mümkün məğlubiyyətindən sonra və Fələstin Muxtariyyətinin bərqərar edilməsinə qədər keçid dövrü üçün Qəzzaya Misir qoşunlarının yerləşdirilməsini təklif etdi, hərçənd ki, Qahirə bununla razılaşmadı.

– Onların, əslində, nə baş verdiyindən və HƏMAS-la məsələ həll olunsa belə, gələcəkdə nələrin baş verəcəyi ilə bağlı vahid mövqeyi və ümumi anlayışı yoxdur. Halbuki, söhbət 2,5 milyon əhalidən gedir. Orada məktəblər, xəstəxanalar, çox kiçik də olsa, bir dövlət var. Bu ərazini su, ərzaq, dərmanla təmin etmək lazımdır. İndi sual budur ki, “Qəzza zolağına bundan sonra kim rəhbərlik edəcək?” Bu, ara mərtəbələrdən yan keçərək birinci mərtəbədən onuncu mərtəbəyə tullanmaq kimidir.

BMT-nin 1967-ci il qətnaməsi var. Bu qətnaməyə görə, Fələstin dövləti yaradıla bilər. Bayaq qeyd etdiyiniz HƏMAS və FƏTH arasında münaqişə o qədər də ciddi deyil, əgər beynəlxalq oyunçular bunu istəsəydilər, sözügedən problemi həll etmək olardı. Bundan əlavə, İsrail 15-16 ildir ki, bizə seçki keçirmək imkanı vermir, namizədlər həbs ediliblər, seçki məntəqələri qapadılıb. Ona görə də məsələnin nə qədər qarışıq olduğunu və bu məsələdə nə qədər müxtəlif oyunçuların olduğunu başa düşməlisiniz. Hamı ilə eyni anda razılığa gəlmək o qədər də asan deyil.

– Azərbaycan da dünyanın bir çox ölkələri kimi zorakılığa son qoymağa çağırır və Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır. Amma belə bir qənaətə gəlmək olur ki, bəzi dövlətlər, o cümlədən ərəb ölkələri nədənsə iki dövlət prinsipindən çıxış etmirlər.

– Bir çox ərəb siyasətçiləri və liderləri İsrailin bu ərazilərdə olmamasından və fələstinlilərin geri qaytarılmasından danışırlar. Bu fikir Suriya, Livan və Əlcəzairdə səsləndirilir. Çoxları hələ də İsraili dövlət kimi tanımırlar. Əgər onlar müvafiq olaraq, iki dövlət prinsipi ilə razılaşsalar, bu, faktiki tarixi ərazisinin yalnız 20-30%-də müstəqil Fələstinin yaranması anlamına gələ bilər. Ona görə də heç də hamı Fələstin dövlətinin yaradılmasından danışmır, “hamı geri qaytarılmalıdır” deməyə üstünlük verir və sair. Bu cür səs-küylü bəyanatlar siyasətçilərə seçkilərdə kömək edir. Ərəb dünyasında 23 ölkə var, onların yanaşmaları əhəmiyyətli dərəcədə fərqli ola bilər, lakin hər birinin öz məntiqi və məsələ ilə bağlı anlayışı var.

Azərbaycana gəlincə, Bakı bütün baş verənlərə məsafədən baxır və bilir ki, BMT-nin iki dövlətin yaradılması haqqında qərarı var. Azərbaycanın tutduğu mövqe bir çox ölkələr tərəfindən dəstəklənir. Sizin ölkəniz İsraillə yaxşı münasibətlər saxlayır və eyni zamanda, islam dünyasının dəstəyini də itirmir, Bakıda Fələstin dövlətinin yaradılmasının zəruriliyindən danışırlar. Bu, ağıllı siyasətdir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir