Siyasət

Rəşad Sadiqov: “Komandanın adı tam təsdiqlənməyib, “Xankəndi” də ola bilər” – MÜSAHİBƏ

Sharing is caring!


“Komandanın adı tam təsdiqlənməyib. “Xankəndi” və ya başqa bir adla oynayacağı hələlik sual altındadır”.

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov “Xankəndi” minifutbol komandasına dəvəti barədə apasport.az saytına müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– Yeni yaradılan “Xankəndi” minifutbol komandasının hazırlıqları necə keçir?

– Komandamız artıq yığılıb. 15-20 gündür məşqlərə başlamışıq. Amma komandanın adı tam təsdiqlənməyib. “Xankəndi” və ya başqa bir adla oynayacağı hələlik sual altındadır. Biz isə oyunlara hazırlığı davam edirik.

– Sizin minifutbola marağınız necədir? Əvvəldən bu növdə təcrübəniz olub?

– Böyük futbolla minifutbol fərqli şeylərdir. Minifutbolda böyük futboldan fərqli olaraq meydan kiçik, adam sayı azdır. Burada hamı qaçmayanda digərlərinə bir az ağır olur. Düşünürəm ki, ikisi də çətindir. Futbolda böyük meydanda qaçırsan. Minifutbolda isə balaca meydanda oynasan da, çox qaçmalısan. Hansının daha maraqlı olmağı mənə görə mübahisə ediləsi bir məqam deyil. Çünki böyük futbol dünyada bir nömrədir. Onun yanında hansısa bir idman növünü qoymaq düzgün deyil.

– Dünya çempionatında uğurla çıxış edən Azərbaycanın minifutbol millisi 4-cü yeri tutdu. Komandanın oyununu necə dəyərləndirirsiniz?

– Azərbaycan millisi doğrudan da yaxşı çıxış etdi. Komandanın ən azından finala qədər gedəcəyini gözləyirdim.

– Futbol millimizdə oynamısınız. Gələcəkdə özünüzü minifutbol yığmasında görürsünüz?

– Bəli, millidə oynamışam, amma gələcəkdə minifutbol yığmasında özümü görməyim məndən də asılı ola bilər. Çünki bu məsələ nə qədər yaxşı formada olacağımla bağlıdır. Həmçinin millinin baş məşqçisinin də fikirləri əsas olacaq. Təbii ki, yaxşı formada olduqdan sonra bunu kim istəməz ki? Amma hələ ki, formadan uzağıq.

– Sizcə, minifutboldan fərqli olaraq, futbolda niyə uğur qazana bilmirik?

– Məncə, böyük futbolla minifutbolu bir-birinə qatmayaq. “Niyə burada olur, orada olmur?” kimi sözləri hamı deyir. Belədirsə, onda “Niyə boksda, nə bilim güləşdə hər şey olur, o birisində olmur?” barədə də düşünmək olar. Bizim azərbaycanlı olaraq azsaylı idman növlərində uğur qazanmağımız daha rahatdır. Böyük futbolda vəziyyət bir az fərqlidir. Digər komandaların oyunçuları, komandaların özləri, milliləri tam fərqli şeylərdir. Onların səviyyəsinə minifutbolda çatmaq daha asan, böyük futbolda isə bir az ağırdır. Ona görə də futbolla minifutbolu müqayisə etmək, böyük futbolda niyə olmadığını demək doğru deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir