Siyasət

Mixail Qusman Prezident İlham Əliyev haqqında film üzərində apardığı işdən bəhs edib

Sharing is caring!


TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, Əməkdar mədəniyyət işçisi, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusman bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev haqqında film üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, Mixail Qusman CBC telekanalında “Aktualno seqodnya” verilişinin efirində deyib:

“Heydər Əlirza oğlu Əliyevin yüzillik yubileyi ilində biz onun xatirəsinə həsr olunmuş “Liderin ürəyi” adlı film hazırladıq. Bu filmi çəkdiyimiz zaman biz özümüz üçün qərara gəldik və xeyir-dua istədik ki, İlham Heydər oğlu Əliyev haqqında da film hazırlayaq. Bu ekran əsəri iş prosesində “And: 20 ildən sonra” adlandı. Mənim şüurumda ötən 20 il ərzində İlham Heydər oğlunun üç əsas nitqi olub: birincisi – düz 20 il əvvəl, 2003-cü il oktyabrın 31-də, onun inauqurasiya nitqi; digər ikisi bu il. İkincisi – mayın 20-də Şuşada, bu, bir növ görülən işlərə yekun vurulması və gələcək üçün and içilməsi idi; üçüncüsü – bu günlərdə (oktyabrın 15-də – red.) Xankəndidə. Zənnimcə, onun çıxışlarının bu triadası, hər şeydən əvvəl, özünün daxili əhvali-ruhiyyəsini, daxili aləmini, düşüncəsinin dərinliyini göstərir”.

Prezident İlham Əliyevin birinci müddətə dövlət başçısı vəzifəsinə seçilməsinin 20-ci ildönümündən bəhs edən aparıcı Sənan Rzayevin həmsöhbəti qeyd edib ki, “İlham Heydər oğluna demək olar ki, yekdilliklə səs verən (2003-cü il oktyabrın 15-də) Azərbaycan xalqının əsas motivasiyası Heydər Əlirza oğlunun sözünə olan inam idi”.

Mixail Qusman vurğulayıb:

“Çünki xalq başa düşürdü ki, Heydər Əlirza oğlu İlham Heydər oğlunu prezident vəzifəsinə onun öz oğlu olduğuna görə tövsiyə etmir, hətta onun oğlu olması ən axırıncı növbədə olan məsələ idi, – ona görə ki, bu onun şəxsən etimad etdiyi insan idi və onu siyasi mübariz kimi yoxlamışdı, onun şəxsi məktəbini keçmişdi, Heydər Əlirza oğlunun köməyi ilə siyasi mübarizənin müdriklik zirvəsinə yüksəlmişdi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çox gözəl təhsil almışdı. Təsadüfi deyil ki, İlham Heydər oğlu Heydər Əliyevin ilk inauqurasiya mərasimindən tam 10 il sonra and içdi. Bu iki siyasətçinin öz andına, öz xalqına və bayrağına sədaqəti bu gün öz təzahürünü konkret qələbələrdə göstərir”.

Tanınmış rusiyalı jurnalistin sözlərinə görə, bu gün xalqın Prezident İlham Əliyevə tam etimadının sirlərini izah etmək üçün onun dövlət başçısı vəzifəsində rəhbərliyi altında Azərbaycanın bütün böyük nailiyyətlərini təhlil etmək lazımdır.

Diqqəti həmişə zamanla ayaqlaşan Prezident İlham Əliyevin siyasi müdrikliyinə çəkən TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini deyib ki, məhz Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bu təşkilata yeni həyat, nəfəs verib. Studiyanın qonağı əlavə edib:

“Bu təşkilatdan danışmağa başladılar, o, beynəlxalq arenada daha çox böyük rola malik oldu, həm BMT-də, həm Qərbdə, həm də Şərqdə onun rəyi ilə hesablaşırlar. Təsadüf elə gətirib ki, dəhşətli koronavirus pandemiyası dünyanı məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi vaxtda cənginə alıb. Burada tam əminliklə deyə bilərəm ki, İlham Əliyev dünya liderinə çevrildi, çünki hər kəs eqoistik şəkildə öz ölkəsi ilə məşğul idi, bunu da başa düşmək olardı, çünki hər bir ölkədə fəlakət var idi. Amma o, (Prezident İlham Əliyev – red.) ədalətsizlik mövzusunu qaldırdı, çoxlu sayda ölkələr üçün vaksinlərin, tibbi təchizatın və başqa vasitələrin əlçatmaz olması məsələsini gündəmə gətirdi. Siz hətta təsəvvür belə edə bilməzsiniz ki, Qoşulmama Hərəkatına üzv ölkələrdə və Böyük Cənub adlandırılan ərazilərdə İlham Əliyevin adı necə populyar oldu! Bax, böyük siyasət budur və böyük lider də belə olmalıdır!

Prezident İlham Əliyevin 2003-cü il oktyabrın 31-də öz xalqına “Azərbaycan nəyin bahasına olursa-olsun öz torpaqlarını azad edəcək” vədi haqqında sualı cavablandıran Mixail Qusman vurğulayıb ki, “bu illər ərzində onun bunu unutduğu, bu sözlərin onun ürəyini narahat etmədiyi bir saat, bir gün belə olmayıb”.

Mixail Qusman deyib:

“Ona görə də bu sözün bütün mənalarında onun 2020-ci il noyabrın 8-də Heydər Əliyevin məzarına gələrək ümummilli liderə onun – Heydər Əlirza oğlunun vəsiyyətinin və İlham Heydər oğlunun özünün andının yerinə yetirildiyini məruzə etməyə tam haqqı var idi. İlham Əliyev bununla sübut etdi ki, o, həqiqi liderdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir