Siyasət

“Elektron vəkil orderi” pilot layihə kimi tətbiq edilir – FOTO

Sharing is caring!


Cari ilin oktyabr ayının 27-də Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım və Tədris Mərkəzində Dünya Bankının dövlət sektoru üzrə mütəxəssisi, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin tapşırıq üzrə qrup rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdən əvvəl qonaqlar mərkəzin inzibati binası ilə tanış olub, fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.

Daha sonra görüşü giriş sözü ilə açan VK-nın sədr müavini – Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları Vəkillər Kollegiyasının sədri Anar Bağırovun adından salamlayaraq, VK-da 2017-ci ilin dekabrından etibarən bütün sahələrdə aparılan köklü islahatların innovasiya tətbiqindən də yan keçmədiyini bildirib.

O diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələrək VK tərəfindən vəkillik fəaliyyətinin elektronlaşdırılması, vətəndaşların vəkillərə çatımlılığı və hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində çoxsaylı işlər görülüb.

Sədr müavini VK tərəfindən başladılan “Elektron vəkil orderi” də daxil olmaqla, vəkillik sahəsindəki digər xidmətlərdə innovasiyaların tətbiqinin ötən ildən etibarən Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində gücləndirilməsindən, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əlaqəli xidmətlərin elektronlaşdırılmasının bütün tərəflər üçün faydalarından, təqdirəlayiq olmasından bəhs edib.

O vurğulayıb ki, artıq bu əməkdaşlıq çərçivəsində “Elektron vəkil orderi” bir vəkil bürosunda pilot layihə kimi başlanılıb, beş vəkil bürosunun isə yaxın günlərdə qoşulması gözlənilir. Bunun artıq özünü doğruldacağına ümid etdiyini deyən Ş.Məmmədov qısa zaman ərzində bütün respublikanı əhatə edəcəyini söyləyib.

Daha sonra E.Melis çıxışında VK ilə sıx əməkdaşlıqdan məmnun olduğunu və kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini bildirib.

Görüşdə kollegiyanın baş katibi Bayram Orucov, VK-nın üzvü, Elektron Vəkil Komitəsinin sədri Nihad Əliyev və “Professional IT” şirkətinin direktoru Emin Babayev həm ötən dövr ərzində, həm də birgə əməkdaşlıq çərçivəsində görülən işlərin hesabatlılığını təqdim edib, onların effektivliyini diqqətə çatdırıb, eyni zamanda, hər bir işin hansı mərhələdə olduğu barədə ümumi məlumat verib, o cümlədən layihə başa çatandan sonra da əməkdaşlığın davam edəcəyinə ümid etdiklərini dilə gətiriblər.

Görüşdə, həmçinin, bankın dəstəyi ilə həyata keçirilən layihə barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir