Siyasət

İlqar Musayev: “Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb”

Sharing is caring!


“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində inamlı qələbədən və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən sonra Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb”.

Oxu.Az xəbər verir ki, bunu tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri general-leytenant İlqar Musayev deyib.

İ.Musayev əlavə edib ki, Azərbaycan postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkəyə, 21-ci əsrin qalib dövlətinə çevrilib:

“Bunu həzm edə bilməyən ölkələr digər sahələrdə olduğu kimi informasiya təhlükəsizliyi sahəsində də ölkəmizə qarşı müəyyən problemlər yaratmağa çalışırlar. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  ADA Universitetində “Orta Dəhliz boyunca geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda ekspertlərin suallarını cavablandırarkən hətta bizdən çox müasir texnologiyalara malik ölkələrin kiberhücumlara qarşı həssas olduğunu qeyd edərək kibertəhlükəsizliklə ciddi şəkildə məşğul olacağımızı bildirmişdir.

Belə genişmiqyaslı tədbirlərin keçirilməsi yeni irihəcmli layihələrin başlanğıcı kimi qiymətləndirmək olar. Bu isə bizim üçün yeni imkan və yeni məsuliyyətdir.

Son illər dünyada və ölkəmizdə baş verən hadisələr fonunda yeni reallıqlar kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin gücləndirilməsi məsələlərini də aktuallaşdırıb.

Qeyd edim ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda da kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsinə xüsusi yer verilmişdir. Həmçinin son illər bu istiqamətdə görülən işlər, qəbul edilən normativ hüquqi aktlar, yaradılan kiberməktəblər də bunun bariz nümunəsidir.

Bu baxımdan Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərinin kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışının keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirin təşkil olunmasında məqsəd dövlət qurumlarının kritik infrastrukturları, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək, təcrübələrini artırmaq, dövlət və özəl sektorlar arasında kommunikasiya və koordinasiyanı gücləndirməkdir.

Kiberfestivalın qonaqları bu 2 gün ərzində informasiya təhlükəsizliyi üzrə yerli və xarici ekspertlərin iştirakı ilə 10 təqdimat və 5 panel müzakirəsindən ibarət konfransda iştirak etmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, virtual yarışlarda iştirak edib topladıqları balları hədiyyələrə dəyişmək imkanı əldə edəcəklər. Kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək “Kibermüharibə” yarışında isə iştirakçı komandalar onlara təhkim olunmuş virtual informasiya sistemlərinin müdafiəsini quraraq verilmiş infrastrukturun kiberhücumlara qarşı təhlükəsizliyini təmin etməli olacaqlar.

Həmçinin tədbir çərçivəsində 6 müxtəlif istiqamət üzrə həm yeni başlayanlar, həm də peşəkarlar üçün master-klaslar təşkil olunub. Ümumilikdə 360 iştirakçının sertifikatlaşdırılmasını nəzərdə tutan ixtisasartırma təlimləri yerli və xarici ekspertlər tərəfindən keçiriləcək.

Bu konseptin növbəti illərdə də həm sahəvi kritik infrastrukturlar üçün xüsusiləşdirilmiş formada, həm də beynəlxalq səviyyəli kibermüharibə yarışı formatında yeni elementlər əlavə olunmaqla təşkili davam etdiriləcək.

Layihənin ərsəyə gəlməsində dəstəyi olan tərəfdaşlara, sponsorlara, könüllülərə, eləcə də tədbirin işıqlandırılmasında dəstəyini əsirgəməyən media nümayəndələrinə, təşkilat komitəsinə öz təşəkkürümü bildirirəm”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir