Siyasət

Qərbi Azərbaycan İcması ABŞ və Aİ-ni insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə çağırıb

Sharing is caring!


“Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqının (Aİ) 2023-cü il 20 oktyabrda keçirdikləri zirvə görüşünün Birgə Bəyanatında Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə yol verilmiş ayrı-seçkilikdən dərindən təəssüflənir”.

Bu barədə İcmanın yaydığı məlumatda bildirilib.

“Sənəddə Azərbaycanın Qarabağ bölgəsinin ermənilərinin “hüquq və təhlükəsizliyi”, o cümlədən, onların geri qayıtmasına dəstək ifadə edilsə də, Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı oxşar dəstəyin ifadə edilməməsi etnik əsasda ayrı-seçkilikdir və bölgədə sülhün bərqərar olmasına əngəl törətmək məqsədi daşıyır. Keçmiş münaqişənin təsirinə məruz qalmış insanların əhatə dairəsinin daha geniş olmasına baxmayaraq, ancaq Qarabağ ermənilərinin hallandırılması, həmin bölgədə olmuş separatizmi yenidən dirçəltmək məqsədi daşıyır. 

Bəyanatda suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülhün təşviq olunmasına ifadə olunan dəstəyi ilk baxışda müsbət hesab etmək olar. Lakin, Azərbaycan ərazilərinin 30 il işğal altında saxlandığı dövrdə niyə bu cür birmənalı dəstək ifadə edilməməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq sual doğurur. 

Qərbi Azərbaycan İcması ABŞ və Aİ-nin Ermənistan və Azərbaycan arasında münaqişənin 30 il ərzində həll edilməmiş qalması ilə bağlı məsuliyyətini xatırladır və onları münaqişənin nəhayət Azərbaycanın səyləri sayəsində həll edilməsindən sonra bölgədə davamlı sülh üçün yaranmış unikal imkanı məhv etməməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına dəstək verməyə çağırır”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir