Siyasət

Müstəqillik tariximizin yeni səhifəsi – “Kaspi”nin TƏHLİLİ

Sharing is caring!


Artıq yenilənən, qalib ölkənin vətəndaşlarıyıq. Azərbaycan erməni separatizminin kökünü birdəfəlik kəsdi. Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənddə dövlət bayrağımız dalğalanır. Paralel olaraq, Azərbaycan işğaldan azad edilən yaşayış məntəqələrinin sürətli məskunlaşmasını həyata keçirir. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Uzun illərdən sonra köksümüzdə, yaddaşımızda dərin yaralar buraxan separatizm bəlasının məskəninə çevrilmiş Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd rayonlarında dövlət bayrağımız dalğalanır. Prezident İlham Əliyevin bu rayonlara səfəri zamanı müqəddəs bayrağımızı dalğalandırması sanki əvvəlkilərdən tam fərqli idi. Bu səfər müstəqil dövlətçilik tariximizdə bütöv bir səhifənin bağlanışı, hesabatı, yeni səhifələrin açıldığının xəbərçisi idi. Xankəndidə dövlət bayrağımız qaldırılmaqla bir səhifə bağlanıldı, dövlət başçısının Füzuli səfəri ilə isə yeni bir səhifə açıldı. 

Xankəndidə dalğalanan Azərbaycan bayrağı

Bəlkə də çoxlarımız yaşadığımız bu tarixi günlərin mahiyyətini lazımınca dərk edə bilmirik. Xankəndidə dövlət bayrağını qürurla qaldıran Prezident İlham Əliyevin də dediyi kimi, bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir.
Bu qüruru, sevinci bizlərə yaşadan, qalib Azərbaycanın memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 20 il ərzində həyata keçirilən siyasətin yalnız bir amalı, məqsədi vardı – işğal faktına son qoyaraq suverenliyimizin tam bərpası. Bu prioritet Xankəndi səfərində prezident tərəfindən bir daha xüsusi vurğulandı:

“Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik”.

Göründüyü kimi, bu gün qalib sərkərdə vaxtilə xalqımıza qarşı etnik təmizləmə siyasətinin başladığı meydanda dalğalanan Azərbaycan bayrağının kölgəsində xalqı qarşısında qürurla, alnıaçıq şəkildə səmimi duyğuları ilə hesabat verir. 

Bu Qələbə bizim tariximizdə əbədi olacaq

Dövlət başçısının da vurğuladığı kimi, bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Artıq suveren ərazilərimizdə separatçılar yoxdur, minlərlə soydaşımızı qətlə yetirən, soyqırımına məruz qoyan qanunsuz hərbi birləşmələr, terrorçular mövcud deyil. İndi Vətən torpağının hər qarışında qalib Azərbaycan ordusunun əsgərləri xidmət edirlər. Biz müstəqillik tariximizin ən ağrılı, acılı bir səhifəsini bağladıq. 

Yeni hədəflər, məqsədlər

İndi üfüqdə yeni hədəflər, məqsədlər var. Bu hədəfləri yenə də Ali Baş Komandan açıqlayır. Bu dəfə illərlə yurd həsrəti çəkməsinə baxmayaraq, böyük sevinc hissi ilə doğma torpaqlarına qayıdan füzulililərlə görüşündə… 

Bəli, Azərbaycan bu gün qurur, yaradır, yaşadır. 30 illik işğalın dərin yaralarını sağaldır. Biz bunu işğaldan azad şəhərlərimizin, kəndlərimizin timsalında görürük. Laçının, Şuşanın, Kəlbəcərin, Ağdamın… İndi isə Füzulinin. Dövlət olaraq burada ilk milli şəhərsalma layihəsini icra edirik. Füzuli tamamilə yenidən qurulur. Bu yenilik həm də Azərbaycanın gələcək simasının əksidir. Prezidentin də qeyd etdiyi kimi, bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq. Bu torpaqlarda həyat qaynayacaq. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. “Böyük Qayıdış” proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Bu, ən minimal göstəricidir.

“Biz onların ruhu qarşısında baş əyirik”

Bütün bunların fonunda bir həqiqət isə heç bir zaman dəyişməyəcək. Biz xalq olaraq bu tarixi günləri şəhidlərimizə, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən vətən övladlarına borcluyuq. Onlar “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyərək bu yolda şəhid oldular. Bu gün qalib ordunun Ali Baş Komandanı müqəddəs amal uğrunda canlarından keçən qəhrəmanlar haqqında kövrələrək danışır:

“Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük. Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik”.

Artıq yenilənən, qalib ölkənin vətəndaşlarıyıq. Son 100 ildə xalqımızın üzləşdiyi bəlaya son qoyuldu. Prezident İlham Əliyevin də Xankəndidə vurğuladığı kimi, “Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir