Siyasət

“BMT Təhlükəsizlik Şurası islahatlara getmək əvəzinə, nüfuzunu sıfıra düşürür” – ŞƏRH + FOTO

Sharing is caring!


“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası öz funksionallığını çoxdan itirib. Qurumun hələ 1992-93-cü illərdə Azərbaycanla bağlı qəbul etdiyi dörd qətnamənin uzun müddət ərzində icra edə bilməməsini, icra etmək iqtidarında olmamasını misal göstərə bilərik. BMT faydasız, lazımsız və beynəlxalq hüququn təmin edilməsinə heç bir təsir göstərə bilməyən təşkilata çevrilib”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. O qeyd edib ki, dünyada sülhün, təhlükəsizliyin təmin və təşviq edilməsi məqsədi ilə yaradılmış BMT və ixtisaslaşdırılmış qurumları, xüsusilə, Təhlükəsizlik Şurası siyasi oyunlar meydanına çevrilib:

“Təhlükəsizlik Şurası münaqişədən asılı olmayaraq konkret bir qərara gələ bilmir, konsensus əldə edə bilmir və bu da həmin təşkilatın dünyada nüfuzunu itirdiyini nümayiş etdirir. Üstəlik, Şura heç bir məsələyə real cavab vermək, real qərar qəbul etmək və həmin qərarı icra etdirmək gücündə olmadığını göstərir.

Eyni zamanda, artıq bir çox dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının islahata getməsi təşəbbüsü ilə çıxış edirlər.

Prezident İlham Əliyev də bununla bağlı bir neçə çıxışında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatların həyata keçirilməsi zərurətini vurğulayıb. Halbuki, bu günə qədər təşkilat daxilində heç bir iş görülməyib, islahatlarla bağlı təşəbbüslər qəbul olunmayıb və artıq bu, təşkilatın beynəlxalq arenada nüfuzunun sıfıra yaxın səviyyəyə düşməsindən xəbər verir.

Bu gün də görürük ki, həm keçmiş Qarabağ münaqişəsi dövründə, həm Ukrayna müharibəsində, indi isə Yaxın Şərqdə baş verən hadisələrlə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, sadəcə, sözlərin deyildiyi məkana, real və təsirli tədbirlərin görülməsinə nail olmayan bir yığıncağa çevrilib. Dünyada silahlı münaqişələr, işğallar baş verir, Təhlükəsizlik Şurasının bu məsələlərlə birbaşa məşğul olmadığını, təsirli addımlar ata bilmədiyini görürük”.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanla əlaqədar məsələlərə gəlincə, Kamran Bayramov vurğulayıb ki, Ermənistan siyasi dəstək almaq üçün Qərbə müraciət etmişdi və artıq Qərbin, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin köməyini alır:

“Ayrı-ayrı təşkilatların, dövlətlərin parlamentlərinin anti-Azərbaycan siyasəti, bəyanatları, tövsiyə xarakterli qətnamələri o demək deyil ki, bütün Qərb Azərbaycana qarşıdır. Sadəcə olaraq, bu, Ermənistanın və erməni lobbisinin uydurma, saxtakarlıqla dolu məlumatları əsasında formalaşdırılmış durumdur. Buna baxmayaraq, Azərbaycan göstərdi ki, onun üçün qəbul edilən kağız parçaları o qədər də əhəmiyyətli deyil və heç bir təsir göstərmir. Ümumiyyətlə, Azərbaycanla bu cür – təsir, təzyiq və ultimatum dilində danışmaq əhəmiyyətsizdir, faydasızdır. Azərbaycan sübut etdi ki, o elə ən azından öz ərazisində hüququ öz gücü hesabına təmin edə bilir, bərpa edə bilir, tarixi ədaləti təmin edir. Bunu 44 günlük Vətən müharibəsi zamanı, lokal antiterror tədbirləri zamanı birbaşa sübut edə bildi.

Düşünürəm ki, Azərbaycan öz dəst-xəttini tutacaq, regionumuzda sülhün, təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin gətirilməsi və təmin edilməsi istiqamətində bütün zəruri addımları atacaq, buna nail olacaq. Buna heç kimin şübhəsi olmasın və olmamalıdır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir