Siyasət

Rəşad Məmmədov: “Ermənistandan müharibə cinayətlərinin hesabı bir-bir soruşulacaq”

Sharing is caring!


“Ermənistan dövlətinin və ayrı-ayrı şəxslərin törətdiyi müharibə cinayətlərinin beynəlxalq hüquq çərçivəsində bir-bir hesabı soruşulacaq. Amma qonşuluq münasibətləri çərçivəsində gələcək nəsillərimizə kini, nifrəti də miras qoymamaq üçün bütün məsələlər çözüləcək”.

“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada keçirilən “Qarabağ zəfərindən sonra Azərbaycan” adlı paneldə çıxış edərkən bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü pozulduğu müddətdə Ermənistan dövlət əmlakına, şəxsi əmlaklara ciddi zərər vurmaqla yanaşı, Azərbaycanın tarixi-mədəni abidələrinin məhvində, qətllərdə, terrorda da cinayət məsuliyyəti daşıyır:

“Yeddi rayonumuz yerlə-yeksan edilib, milyonlarla insan Ermənistan təcavüzündən zərər görüb. Bu sahədə böyük təcrübəsi olan beynəlxalq hüquq şirkətləri ilə də danışıqlar aparılıb”.

Məcburi köçkünlərə, həmçinin Ermənistandan zorla deportasiya olunmuş Qərbi azərbaycanlılara dəymiş maddi və mənəvi zərərlərin olduğunu qeyd edən səfir bütün bunların hesablanması üçün hüquqi proseslər olduğunu diqqətə çatdırıb:

“Hazırda qiymətləndirmə prosesi gedir. Burada siyasi qərar da qəbul oluna bilər. Amma bəşəri dəyərləri qorumayan, humanizmi pozan, insanlığa zidd dəhşətli cinayətləri törədənlər bir-bir cəzalarını alacaqlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir