Siyasət

Azərbaycan səfiri: “Təəssüf ki, Haaqa regionumuzdakı vəziyyəti obyektiv qiymətləndirməyə hələ hazır deyil”

Sharing is caring!


“Niderlandın Nümayəndələr Palatasının dünən qəbul etdiyi Ermənistana hərbi dəstək çağırışı hökumət və parlamentin razılaşdırılmış aksiyasıdır”.

Bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev bildirib.

“Bu sənəd layihəsinin müzakirəsi mərhələsində parlamentdəki debatlar zamanı Niderlandın xarici işlər naziri onu fəal dəstəkləyərək bildirmişdi ki, Aİ çərçivəsində Ermənistana daha çox dəstəyi rəhbər tutacaq və “European Peace Facility” kontekstində Ermənistanın mümkün müraciətlərini müsbət qiymətləndirəcək. Niderlandın Xarici İşlər Nazirliyində keçirdiyimiz görüşlərdə bu müraciətin praktiki olaraq həyata keçirilməsinin regionun daha da hərbiləşdirilməsinə gətirib çıxara biləcəyi və danışıqlar prosesinə, eləcə də Ermənistanın özünün mövqeyinə mənfi təsir göstərəcəyi barədə dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Xarici İşlər Nazirliyi və parlament onlara məhəl qoymadı”, – o deyib.

Səfirin sözlərinə görə, beynəlxalq hüququn və ədalətin paytaxtı olmağa iddialı olan Haaqa təəssüf ki, beynəlxalq hüququn mövqelərini nəzərə alaraq obyektiv, balanslı şəkildə regionumuzdakı vəziyyəti qiymətləndirməyə hazır deyil.

“Azərbaycan tərəfinin bu sənədi əsaslı şəkildə mənfi qiymətləndirməsi ilə yanaşı, Niderlandla işi davam etdirmək, dialoq aparmaq və onları inandırmaq lazımdır. Hesab edirəm ki, sülh prosesinin məntiqi və Avropanın aparıcı paytaxtları, o cümlədən Haaqa ilə iş Niderland parlamentinin bu təhlükəli təşəbbüslərini neytrallaşdırmağa kömək edəcək”, – R.Mustafayev söyləyib.

Niderlandın Nümayəndələr Palatasının uydurma etnik təmizləmə ilə bağlı ikinci müraciətini şərh edən Azərbaycan səfiri bildirib ki, oktyabrın 12-də parlamentdə keçirilən müzakirələrdə Niderlandın xarici işlər naziri etnik təmizləmənin olub-olmamasını təhlil edərkən iki amili – məcburiyyət və zorakılıq faktorunu nəzərə almağın vacib olduğunu söyləyib:

“Onun sözlərinə görə, BMT-nin Qarabağ bölgəsinə göndərdiyi iki missiya bu amillərin mövcudluğunu təsdiqləməyib, ona görə də Qarabağda “etnik təmizləmə” iddialarının heç bir əsası yoxdur. Niderlandlı deputatların xoşuna gəlsə də, gəlməsə də, çətin ki rəsmi Haaqanın bu mövqeyi dəyişəcək, bunu hakim partiyanın bütün fraksiyasının – bu isə palatanın ən böyük fraksiyasıdır – dünən bu sənədin qəbulunun əleyhinə səs verməsi əyani şəkildə sübut edir. Ona görə də yalnız çağırışın olduğu bu müraciət “boş atış”dan başqa bir şey deyil”, – Azərbaycan səfiri vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir