Siyasət

“Azərbaycan son 20 ildə qarşısına qoyduğu bütün məqsədlərə nail olub” – RƏY + FOTO

Sharing is caring!


“Azərbaycan son 20 ildə qarşısına qoyduğu bütün məqsədlərə nail olub”.

Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Münasibətlər və İqtisadiyyat kafedrasının müəllimi, politoloq Sultan Zahidov deyib.

Onun sözlərinə görə, xarici siyasət hər bir ölkənin beynəlxalq münasibətlər sistemində möhkəmlənməsi, müəyyən nüfuza və statusa malik olması, habelə milli maraqlarını təmin etməsi üçün vacib alətlərdəndir:

“Hər bir ölkənin uğurunun, xalqının rifahının arxasında duran məqamlardan biri də məhz doğru xarici siyasət kursunun seçilməsidir. Dövlətlərin özünəməxsus xarici siyasət məqsədləri var. Əgər ölkə bu məqsədlərin reallaşması uğrunda müəyyən addımlar atıbsa, bu ölkənin xarici siyasətini uğurlu hesab etmək olar”.

S.Zahidov vurğulayıb ki, Azərbaycan müstəqilliyinin ilk günündən etibarən öz xarici siyasət kursunu müəyyənləşdirib:

“Bura ərazi bütövlüyümüzün və enerji təhlükəsizliyimizin təmin olunması, müstəqilliyimizin gücləndirilməsi, eyni zamanda dövlətin beynəlxalq arenada yüksək statusa malik olması və digərləri daxildir. Azərbaycan bu məqsədlərin hər birini reallaşdırıb. Dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması üçün atılan addımlar həm ulu öndər Heydər Əliyevin, həm də onun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə özünü doğruldub. Bakı- Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi, Azərbaycanın TANAP layihəsinin vacib iştirakçılarından birinə çevrilməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi bu istiqamətində atılan addımların məqsədyönlü nəticəsidir”.

Ekspert qeyd edib ki, bu gün Azərbaycan nəinki daxili enerji tələbatını ödəyir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır:

“Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın Azərbaycanın enerji potensialına ehtiyacı olduğunu aydın gördük. Rəsmi Bakı son 20 il ərzində iştirak etdiyi bütün tədbirlərdə, təmsil olunduğu bütün qurumlarda təşəbbüskarlıq göstərib. 2012-2013-cü illərdə Azərbaycanın BMT-nin qeyri-daimi üzvlərindən biri olub. Ölkəmiz vacib qlobal proseslərdə daim aparıcı rol oynayıb. Qoşulmama Hərəkatına uğurlu sədrlik, bu dövrdə Azərbaycanın xüsusilə vaksinasiya prosesi ilə bağlı təşəbbüskarlığı beynəlxalq aləmdəki nüfuzumuzdan xəbər verir. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı (TDT) kimi təşkilatların aparıcı üzvlərindəndir. Beynəlxalq təşkilatlar daxilində artan nüfuzumuz haqq səsimizin daha yaxşı eşidilməsinə də şərait yaradıb. Təsadüfi deyil ki, İƏT, TDT Qarabağ məsələsində daim Azərbaycanın xeyrinə ədalətli bəyanatlarla çıxış edib. Ən mühüm məqam isə ərazi bütövlüyümüzün təmin olunması idi. Biz 30 ildən sonra bu məqsədimizə çatdıq. Ötən müddət ərzində məsələni daim diplomatik yolla həll etməyə çalışdıq. Amma həm Ermənistanın destruktiv fəaliyyəti, həm də vasitəçilərin uğursuzluğuna görə işimizi özümüz görməyə məcbur olduq. Beləliklə, Azərbaycan 2020-ci ildəki Vətən müharibəsinin nəticəsində BMT-nin məlum qətnamələrini özü icra etdi. Ermənistan sülhə məcbur oldu və torpaqlarımız işğaldan edildi”.

Politoloq söyləyib ki, Prezident İlham Əliyev Vətən müharibəsi zamanında müsahibələri ilə əsl diplomat kimi məharətini növbəti dəfə dünyaya sübut edib:

“Belə ki, dövlət başçımız müsahibələrində Azərbaycanın haqq səsini dünyaya çatdırdı, hətta bəzi hallarda qeyri-adekvat iddiaları da iflasa uğratdı. Azərbaycan artıq suverenliyini tam bərpa edib. Bu gün Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan bayrağı dalğalanır. Artıq dünya Azərbaycanla hesablaşır, müxtəlif dövlətlər ölkəmizin maraqlarını nəzərə alır. İndi rəsmi Bakı dünyada etibarlı tərəfdaş, sözünə sadiq partnyor kimi tanınır. Bütün bunlar Azərbaycanın xarici siyasət kursunun uğurlarındandır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir