Siyasət

Fransanın bədbəxt etdiyi Ermənistan – Tarix yazan Azərbaycan – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənddə Azərbaycan bayrağını ucaltmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyi prosesini tam yekunlaşdırdı. Bu addımla dövlət başçısı həm də postsovet məkanında bir ilkə imza atdı. Belə ki, ərazisində yaradılan qondarma və separatçı qurumu məhv edən dövlət oldu.

2003-cü il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçilən İlham Əliyevin verdiyi ilk bəyanat məhz Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqların azad olunması ilə bağlı idi. Son 20 ildə regional və qlobal müstəvidə mövqelərini inamla möhkəmləndirən Azərbaycan bu illər ərzində güclü iqtisadiyyata və orduya malik dövlətə çevrildi, beynəlxalq münasibətlər sistemində nüfuzlu və ciddi təsir imkanlarına malik önəmli ölkələr sırasında yer aldı. Azərbaycan Prezidenti İlham Əliyev dövlətin ərazi bütövlüyünü və ölkənin bütün əraziləri üzərində suveren hüquqlarımızı təmin etməklə onu tək Cənubi Qafqazda deyil, bütövlükdə postsovet məkanında ən qüdrətli dövlətə çevirdi. Artıq nə “Qarabağ münaqişəsi”, nə də “Dağlıq Qarabağ anlayışı” var, necə deyərlər, bunlar tarixin arxivinə gömülüb. Bu ideyanı ortaya atan daşnak-faşist rəhbərliyi tək Azərbaycana qarşı deyil, elə erməni xalqı üçün də saysız-hesabsız problem yaratmışdılar.

“Xalqlar həbsxanası” ifadəsi ilə anılan keçmiş SSRİ-nin yaranması tək Azərbaycanın müstəqilliyini deyil, həm də onun əzəli torpaqlarını itirməsi ilə nəticələndi. Tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət, indiki Azərbaycan ərazisində isə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. 70 il Azərbaycan ərazisində yaşayan ermənilər və Ermənistan ümid etdi ki, bu torpaqlarda ikinci dövlət qurmağa müvəffəq olacaqlar. Tarixə “fürsətcil” xalq kimi düşən ermənilər üçün belə fürsət SSRİ-nin dağılması ərəfəsində yarandı. SSRİ rəhbərliyinə gətirilən Mixail Qorbaçovun ermənipərəst siyasəti nəticəsində ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar. Separatçı çıxışı səsləndirən də elə Qorbaçovun erməni müşaviri Abel Aqanbekyan oldu. Qarabağın Azərbaycanın tabeliyində olmasının mümkünsüzlüyünü iqtisadi cəhətdən əsaslandırmağa çalışdı. Maraqlıdır ki, Qarabağ avantürasını ortaya atan müşavir bununla bağlı müsahibəsini sovet mediasına deyil, Fransa nəşrlərindən birinə verdi. Bəli, yenə də Fransa! Onda da Fransa, indi də! Göründüyü kimi, erməni bədbəxtliyinin əsasını qoyan da, indi davam etdirən də Fransadır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən Xankəndidə oktyabrın 15-də etdiyi çıxışda məhz bu məsələni qabartması da təsadüfi deyil. Ölkə Prezidenti bildirdi ki, məhz ümummilli lider Heydər Əliyev 1987-ci ildə vəzifəsindən kənarlaşdırıldıqdan sonra cəsarətə gələn ermənilər DQMV-nin Azərbaycandan Ermənistana verilməsi təşəbbüsü ilə çıxış etdilər:

“Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər, bax, bu meydanda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilmişdir və bütün bunlar millətçiləri daha da ruhlandırırdı. Ermənistandan buraya durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı”.

Dahiyanə fikirlərdir.

İşğal Ermənistan üçün nə ilə yadda qaldı? 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamaqla ümid etdi ki, bu, əbədi davam edəcək. Lakin hər zaman olduğu kimi, bu dəfə də yanıldı. Ermənistan bu illər hətta cürət edib Azərbaycan ərazisində yaratdığı qondarma və separatçı qurumu tanımadı da. Əvəzində barbarcasına Azərbaycan torpaqlarını talan etdi, yerlə-yeksan etdi. 44 günlük müharibədən sonra azad edilən torpaqlarda çıxış edən Prezident İlham Əliyev bunu aydın şəkildə izah edib: “Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”.

Bəli, budur erməni xisləti, erməni mədəniyyəti!

Əlbəttə ki, Ermənistanı işğala sövq edən dövlətlər sırasında Fransanın da bədnam rolu olub. Məhz bu ölkədən Ermənistana silah və sursat daşındı, terrorçular məskən saldılar. Fransanın keçmiş müstəmləkələrində törətdiyi soyqırımı və etnik ayrı-seçkilikdən ilhamlanan erməni terrorçu təşkilatları Azərbaycan torpaqlarında eyni dəsti-xətlə hərəkət etdilər. Reallıq odur ki, Ermənistanı hər addımda uçuruma sürükləyən dövlət də məhz Fransa olub. İndi də Fransa hakimiyyəti ölkəsində olan xaosu gizlətmək məqsədilə problemləri Ermənistana ötürür. Əli milyonlarla əlcəzairlinin qanına batmış Fransa törətdiyi soyqırımlarının unudulduğunu düşünərək 20-ci əsrin ən faciəli hadisəsi olan Xocalı soyqırımını törədənlərə dəstək nümayiş etdirir. Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri daxilində öz suverenliyini bərqərar etmək kimi hüquqi addımının qarşısında dayanmağa cəhd edir. Fransanın Qərbdə cəhd etdiyi və ölkəmizə qarşı əməlləri tam qanunsuzdur, həm də ki, nəticəsizdir. Təbii ki, Fransa bunu bilir, yeganə məqsədi törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaqdır.

Ermənistana gəldikdə, heç olmasa, dönüb keçmişinə baxsa, yaxşı olar. Fransanın onu yenə müharibəyə sövq etmək üçün apardığı siyasəti kənara atmalı, düzgün və praqmatik qərarı özü qəbul etməlidir. İrəvan mövcudluğunu davam etdirmək istəyirsə, Azərbaycanla sülh müqaviləsinə imza atmalıdır. Çünki regionda kimin haqlı və real siyasət apardığı göz önündədir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir