Siyasət

Azərbaycan gənclər və könüllülər təşkilatları bəyanat yayıblar

Sharing is caring!


Azərbaycan gənclər və könüllülər təşkilatları İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar.

Oxu.Az bəyanatı təqdim edir:

“Azərbaycan Respublikası XXI əsrə bütün istiqamətlərdə sürətli inkişaf tempi ilə qədəm qoyub. Son 20 il ərzində ölkədə iqtisadiyyat, hərbi quruculuq, elm, təhsil, mədəniyyət, sosial rifah və digər sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də ciddi irəliləyişlərə nail olunub. Bütün bu nailiyyətlər, birmənalı olaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən və qətiyyətli, müdrik liderlik keyfiyyətlərinə söykənən uğurlu siyasətin nəticəsidir. Dövlət başçımızın rəhbərliyi altında ötən 20 il ərzində Azərbaycanın dövlətçilik tarixi misli görünməmiş parlaq qələbələrlə zənginləşib.

20 il bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq” söyləyən Prezident ali siyasi rəhbər funksiyalarının icrasına başladığı ilk gündən Azərbaycanı və Azərbaycan xalqını bəyan edilmiş bu hədəfə doğru inamla aparıb.

Azərbaycanda ötən illər ərzində aparılan iqtisadi, siyasi və hərbi islahatlar hər bir azərbaycanlı kimi, biz gənclərin də ülvi arzusu olan ərazi bütövlüyümüzün bərpasını təmin edib. 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində parlaq qələbəmiz məhz bu islahatların və qətiyyətli liderliyin sayəsində mümkün olub.

Sözün əsl mənasında müstəqil olan, öz xarici və daxili siyasətini özü müəyyən edən dövlətimiz ötən 20 il ərzində mühüm iqtisadi tərəqqiyə nail olub, ümumi daxili məhsulumuz dəfələrlə artıb, nəticədə Azərbaycan yoxsul və yardım qəbul edən ölkədən inkişaf etmiş donor ölkəyə çevrilib. Təbii ki, iqtisadi artım biz Azərbaycan gənclərinin də rifahına və inkişafına müsbət təsir edib və gənclər qarşısında geniş imkanlar açıb. Dövlət başçımızın rəhbərliyə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə və könüllülərə mühüm yer ayırması və onların himayədarı kimi çıxış etməsinin nəticəsi idi ki, gənclərimiz istər torpaqlarımızın 30 illik işğaldan azad olunmasında, istərsə də ölkəmizin iqtisadi, elmi, mədəni inkişafında mühüm töhfə vermək qabiliyyətini layiqincə nümayiş etdiriblər.

Biz, ətrafında yüzminlərlə gəncləri və könüllüləri birləşdirən gənclər və könüllülər təşkilatları liderimizin bütün istiqamətlərdə fəaliyyətini dəstəkləyir və atılan hər bir addımda həmrəyliyimizi ifadə edirik. Qalib dövlətin gəncləri və könüllüləri olaraq biz ölkəmizin gələcəyinin dünya miqyasında sayılan və hörmət edilən güclü liderlə bağlı olduğunu anlayır və ölkəmizi növbəti parlaq zəfərlərə doğru aparan yolda müzəffər Ali Baş Komandanla hər zaman olduğu kimi, yanaşı addımlamağa hazır olduğumuzu bəyan edirik. İlham Əliyev-gənclər birliyi sarsılmazdır!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir