Siyasət

Kamran Əliyev: “Azərbaycan qədər sürətli inkişaf yolunu keçən başqa ölkə yoxdur” – FOTO

Sharing is caring!


“Ölkə başçısının 20 illik siyasi fəaliyyətinə həsr olunan tədbirdə çıxış etmək mənim üçün həm şərəflidir, həm də çətindir. Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə qazanılan uğurlar, görülmüş işlər göz qabağındadır”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev Prezident İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.

O bildirib ki, müstəqil dövlətin qurulması, müstəqil dövlətin atributlarının yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:

“Prezident İlham Əliyev isə ulu öndərin siyasi davamçısıdır. 2003-cü ili bugünkü kimi xatırlayıram. Ulu öndər Heydər Əliyev Prezident İlham Əliyev üçün çox gözəl bir söz işlətdi ki, “Mən əminəm ki, yerinə yetirilməli olan bütün məsələlər mütləq öz həllini tapacaq”. Ölkə olaraq istər iqtisadiyyat, istər təhsil, istər səhiyyə, istər digər sahələr davamlı olaraq inkişaf edir.

İlham Əliyevin diplomatik məharəti, balanslaşdırılmış xarici siyasəti nəticəsində bu gün Azərbaycan yerləşdiyi ən mürəkkəb geosiyasi məkanda üstün pilləyə sahibdir. O dövr ilə indiki zamanı müqayisə edirəm. Bu cür sürətli inkişaf yolunu keçən başqa ölkə yoxdur. Bunu xüsusilə qeyd etməyi özümə borc bilirəm”.

“Ordu quruculuğu asan məsələ deyil və iqtisadiyyatla bağlıdır. Bu, ölkənin suverenliyinin qorunmasına xidmət edir. İkinci Qarabağ müharibəsi zamanı, 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı uğur, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi çox mühüm məsələdir. Biz daim düşünməliyik ki, bütün bunların arxasında ölkə başçısının müdrik siyasəti və gərgin iş rejimində çalışması dayanıb. Bu əməliyyat elə bir zamanda həyata keçirildi ki, heç bir xarici dövlət, beynəlxalq təşkilat irad, tənqidi fikir bildirə bilmədi. Bəzi ermənipərəst dövlətlər, təşkilatlar hər zaman olub, olacaq. Onlar Azərbaycanın gördüyü işlərə kölgə salmağa çalışırlar, lakin heç vaxt buna nail ola bilməyəcəklər.

Ölkədə təhlükəsizliyin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, stabillik və qanunun aliliyinin təmin edilməsi olmasa, nailiyyətlər əldə edilə bilməz. Digər dövlətlərdə cinayətkarlıqla mübarizə bizim kimi aparılmır. Xarici qonaqlar Azərbaycana gəlməzdən qabaq kriminogen durumu öyrənirlər. Onlar digər ölkələrlə müqayisədə Azərbaycanda gecə saatlarında rahatlıqla küçəyə çıxa bilirlər. Bu, təbii ki, Azərbaycanın uğurudur”, – deyə K.Əliyev qeyd edib.

Daha çox şəkil burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir