Siyasət

“Bakının səyləri ilə Cənubi Qafqazda etibarlı sülhün bünövrəsi qoyulur” – ŞƏRH + FOTO

Sharing is caring!


“Bakının səyləri ilə Cənubi Qafqazda etibarlı sülhün bünövrəsi qoyulur. Azərbaycanın hazırki geopolitik durumu dövlətimizin regional liderliyini beynəlxalq arenada ən yüksək həddə çatdırıb. Son antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsi ilə Cənubi Qafqazda yaranmış yeni siyasi şərait ölkəmizin mövqelərini daha da möhkəmləndirib”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin yürütdüyü mükəmməl xarici siyasətin nəticəsi olaraq Azərbaycan regionda sabitliyin qarantı olmaqla yanaşı, həm də bu bölgənin iqtisadi yüksəlişinin təminatçısına çevrilib:

“İşğalçı Ermənistan illərlə regionun iqtisadi layihələrindən kənarda qaldığı halda, Azərbaycan və Gürcüstan Cənubi Qafqazın coğrafi mövqeyini və dünya siyasi xəritəsindəki geopolitik əhəmiyyətini yüksək dəyərləndirərək, bu üstünlüyü ölkələrin inkişafına yönəldib.

Azərbaycan və gürcü xalqları arasında tarixi köklərə dayanan mədəni əlaqələr müstəqillik illərində həm iqtisadi, həm də siyasi baxımdan yüksək səviyyəyə çatıb. Prezident İlham Əliyevin bölgədə və eyni zamanda dünya siyasi arenasındakı nüfuzu bu əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən Gürcüstan bunların fonunda bütün məsələlərdə ölkəmizin iqtisadi və siyasi dəstəyini hiss edib”.

Deputat bildirib ki, bugünkü Cənubi Qafqaz üçün yeni siyasi şəraitdə Prezident İlham Əliyevin Gürcüstana səfəri xüsusi əhəmiyyət kəsb edir:

“Bu, sıradan bir səfər deyil, hazırki həssas məqamda regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edən taleyüklü qərarların qəbul ediləcəyi bir tarixi görüş idi. Keçirilən görüşlər, verilən bəyanatlar bir daha onu göstərdi ki, İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində qələbə qazanan Azərbaycan Cənubi Qafqazın iqtisadi lokomotivinə çevrilir. Bu prosesdə Gürcüstanın Azərbaycanla birlikdə olması hər iki xalqa yüksək inkişaf və rifah vəd edir.

Ölkəmizin başçısı regionun iqtisadi durumunu dəyərləndirərək qeyd etdi ki, Azərbaycanla dost Gürcüstanın birgə həyata keçirdiyi layihələr bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyində mühüm xidmətlər göstərir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanının genişləndirilməsinə toxunaraq bunun əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini əminliklə qeyd etdi.

Bundan başqa, dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırıldığını bildirərək, bunun yaxın gələcəkdə Orta Dəhlizin güclənməsinə xidmət göstərəcəyini qeyd etdi. “Bir kəmər, bir yol” layihəsinin əsas seqmenti olan Orta Dəhlizin fəaliyyətə başlaması Azərbaycan və Gürcüstan dövlətlərinin və xalqlarının maraqlarına tamamilə uyğundur.

Prezident İlham Əliyev regionun təhlükəsizliyindən danışaraq, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırdı, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmağın vacibliyinə toxundu.

Azərbaycan Prezidenti əminliklə qeyd etdi ki, sülhə nail olduğumuz təqdirdə, Cənubi Qafqazda tamamilə yeni siyasi vəziyyət yaranacaq. Şübhəsiz ki, sülh sazişinin imzalanması regionun daha güclü inkişafına nəfəs verəcək.

Dost xalqlar və dövlətlərlə sülhə sonsuz sədaqətini əməli fəaliyyəti ilə sübut edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən söhbət açaraq vurğulayıb ki, bir neçə ölkə və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan arasında davamlı sülhün əldə olunmasına dəstəklərini ifadə edirlər. Belə dövlətlərdən biri də dost və qonşu Gürcüstandır. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistanın razılığından dərhal sonra aidiyyəti qurumlarımızın rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə bilərlər. Rəsmi Bakı Tbilisinin regionda sülhyaratma səylərini yüksək dəyərləndirir”.

Deputat sonda qeyd edib ki, Azərbaycan bütün platformalarda, diplomatik masalarda sülhü təşviq edir, bölgənin inkişafına çalışır, regionu sabitlik adası kimi görmək istəyir:

“Prezident İlham Əliyevin birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bunun sübutudur. Ölkə başçısının Gürcüstana səfəri bütövlükdə Cənubi Qafqazın inkişafı üçün mühüm hadisələrlə yadda qaldı. Çağdaş dünya siyasətinin xarizmatik liderlərindən olan Prezident İlham Əliyevin siyasi kursu təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün sülh, təhlükəsizlik, inkişaf və rifah gətirmək məramı daşıyır. Regionda reallaşdırılan bütün qlobal miqyaslı beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistan bu həqiqəti dərk etməlidir. Cənubi Qafqazın tərəqqi yolunu Azərbaycan cızır və işğalçılıq hikkəsindən əl çəkməyən Ermənistan isə uğursuzluq zolağında çabalamaqda davam edir. Reallıq onu göstərir ki, inkişafa gedən yol Azərbaycandan keçir! Ermənistan üçün hələ də gec deyil”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir