Siyasət

Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi ölkəmizə geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir

Sharing is caring!

Bu həftə növbəti beynəlxalq tədbirlə yadda qalıb. Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin təntənəli açılış mərasimi keçirilib. Paytaxtımızda 50 ildən sonra Bakı ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinin həyəcan və sevincini yaşayıb. Xatırladaq ki, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Ulu Öndər bu sahənin Azərbaycanda inkişafına xüsusi önəm vermişdir.
Bu həftə paytaxtımızda təşkil olunan Beynəlxalq Astronavtika Konqresi də özünün miqyasına görə diqqət çəkib. Tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı qoşulub. Dünya dövlətlərinin tədbirə bu qədər önəm verməsi də əbəs deyildir. Qeyd etmək lazımdır ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Hazırda bu peyklər yerli mütəxəssislər tərəfindən idarə olunur. Üstəlik, bizim idarə etdiyimiz peyklər təkcə Azərbaycana deyil, o cümlədən 45-dən artıq ölkəyə xidmət göstərir. Bununla da ölkəmiz dünya dövlətlərinə özünün xeyk xidmətlərini təklif edir. Bu xidmətlər respublikamıza kifayət qədər ciddi qazan gətirməkdədir. Ona görə də Azərbaycanın bu sahədə strateji prioritetləri vardır. Sözsüz ki, prioritet istiqamətlərdən biri də mövcud olan texnoilogiyanı müasirləşdirməkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Ona görə də Azərbaycan üçün bu sahəyə sərmayə qoymaq həm rentabellidir, həm də strateji əhəmiyyət daşıyar.
74-cü Beynəlxalq Astronavtika Konqresində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, Müstəqillik dövründə ölkəmiz beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Onun sözlərinə görə, respublikamızın siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Belə ki, Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülüb.
“Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir” – deyən cənab Prezident Azərbaycanın iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olmasına diqqət çəkib. Qeyd edilib ki, respublikamız eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir.
Ölkəmizin coğrafi mövqeyi də bir sıra regional layihələrin reallaşması istiqamətində də xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir. Bu baxımdan logistika imkanlarının genişlərndirilməsi istiqamətində çox ciddi tədbirlər görülüb. Artıq Azərbaycanın əldə etdiyi nəticələr region ölkələrinə bəllidir və ildən ilə daşımaların həcmi artmaqdadır. O da qeyd olunmalıdır ki, ölkəmiz Xəzər dənizində yük gəmilərinin sayına görə ən böyük donanmaya malikdir.
Azərbaycan coğrafiyanı bir fürsətə çevirib. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk. Bu istiqamətdə atılan addımlar mehriban və etibarlıq qonşuluq prinsiplərinə söykənir. Eyni zamanda o da qeyd olunmalıdır ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bu mövzuya da diqqət çəkərək bildirmişdir ki, Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Bu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edilib. “Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır”. – deyən dövlətimizin başçısı əlavə edib ki, Azərbaycan on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk dəfə idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirilib və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edilib.
Bakı Konqres Mərkəzində baş tutan 74-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycanın 30 il ərzində pozulmuş ərazi bütövlüyünün bərpa etməsinə də diqqət çəkilib. Tədbirdə iştirak edən 100-dən artıq ölkəninin təmsilçisinə bildirilib ki, xalqımız uzun illər təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkib və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət olub. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışmışıq. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl ölkəmizin suverenliyini tam bərpa edildi. İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq, biz ədaləti və beynəlxalq hüququ bərpa etdik: “Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir”.

Hafiz Mikayılov

Abşeron rayonu Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir