Siyasət

“Qondarma rejimin özünü buraxması ilə dünya erməniliyinin iflası başladı” – ŞƏRH

Sharing is caring!


“Sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan dövlətinin şərtlərini qəbul edən, xarici yardımlarla yaradılmış qondarma qurumun özünü buraxması böyük məna kəsb edir. Bu, hər şeydən əvvəl Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin gücünün, qüdrətinin göstəricisidir”.

Bu fikirləri Oxu.Az-a Qarabağda separatçı rejimin sentyabrın 28-də özünü buraxması haqqında danışarkən Milli Məclisin deputatı Musa Qasımlı deyib. O qeyd edib ki, baş verənlər öz miqyasına görə Azərbaycan coğrafiyasını, Cənubi Qafqazı və dünyanı əhatə edir:

“Qazanılan qələbə bir neçə mərhələdən keçdi. 44 günlük Vətən müharibəsinə qədər hazırlıq mərhələsi, müharibədə qazanılan qələbədən sonra ərazi bütövlüyünün bərpası, Laçında, Həkəri çayının üzərində sərhəd-keçid məntəqəsinin yaradılması ilə bütün sərhədlərimizə nəzarətin bərpa edilməsi və nəhayət, lokal xarakterli antiterror tədbirləri nəticəsində diz çökən düşmənin, separatçıların məğlub edilməsi ilə dövlətimizin suveren hüquqlarının bütün ərazimizdə bərpa edilməsi addımları növbəti qələbəni gətirdi.

Bu zəfər böyük əhəmiyyət daşıyır, regionda yeni reallıqlar yaradır. Nəhayət, bölgəyə sülh gəlir, əməkdaşlıq üçün yeni imkanlar açılır. Azərbaycanın qələbəsi təcavüzkar Ermənistana, onun daxilindəki qüvvələrə böyük bir zərbədir. Bu, planetar, tarixi əhəmiyyətə malikdir. Bu qələbə ilə 200 ildən bəri planlar quran dünya erməniliyinə öldürücü zərbə vuruldu. Artıq dünya erməniliyinin iflası başladı. Həmçinin, Ermənistana havadarlıq edən qüvvələrə də zərbə endirildi. Qazanılan qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası, sərhədlər üzərində tam nəzarətin həyata keçirilməsi, suverenliyimizin təminatı deyil, bu, Yer üzündə ədalətsizliyə, haqsızlığa son qoyulmasında dövlət başçımızın müstəsna xidmətidir. Tarixi qələbənin memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir”.

Musa Qasımlı onu da deyib ki, Azərbaycanın qazandığı qələbə həm də erməni terror təşkilatlarına vurulan ağır bir zərbəyə çevrildi:

“Eyni zamanda, mövcud durum dünyadakı erməni zənginlərinin rahat nəfəs almasına kömək edəcək. Ermənistan dövləti yaradılandan bu yana dünya ermənilərinin qarşısına şərt qoyublar ki, “ümumi erməni işi üçün” pul verməlidirlər. Həmin vəsaiti mütəmadi olaraq ödəməyən ermənilər terror təşkilatları tərəfindən məhv edilir, təhdid olunurlar. Bununla bağlı onlarla fakt söyləmək olar. Artıq qondarma qurum yoxdur. Azərbaycanın sayəsində dünyadakı zəngin ermənilər erməni lobbisinin gəlir mənbəyi olmaqdan qurtulmaq imkanı qazandılar”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir