Siyasət

Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunacaq

Sharing is caring!


Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” (“Сердце лидера”) sənədli filminin təqdimatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu film ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

Film ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.  

Filmin təqdimatı üçün 10 oktyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 10 oktyabr ümummilli lider Heydər Əliyevin 1993-cü ildə birinci dəfə Prezident seçildikdən sonra andiçmə mərasiminin keçirildiyi gündür.

Heydər Əliyev Azərbaycan xalqının tarixində mühüm rol oynayıb, dünya siyasətində silinməz iz qoyub. “Liderin ürəyi” sənədli filmində Mixail Qusmanın vaxtı ilə Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya siyasətçiləri ilə Heydər Əliyev barədə apardığı söhbətlər də yer alıb.  

Məhz Heydər Əliyevin dövründə rəsmi Bakı beynəlxalq arenada öz mövqeyini gücləndirərək strateji tərəfdaşlarının sayını artırıb, ATƏT və BMT kimi təşkilatlarda Azərbaycan diplomatiyası intensiv xarakter alıb. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici şirkətlərin Azərbaycana irihəcmli sərmayələr yönəltmələrinə, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub.

Filmdə Heydər Əliyevin Mixail Qusmanla eksklüziv müsahibələrini, dəyərli fikirlərini dinləmək, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları görmək mümkündür. 

Çəkilişlər Moskva, Bakı və ulu öndərin doğulduğu Naxçıvanda aparılıb.

“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir. Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu isə film üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib. 

Film Azərbaycan və rus dillərində hazırlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir