Siyasət

Hacıbəy Heydərli: “TikTok”un ölkə ərazisində məhdudlaşdırılması tamamilə düzgün addımdır”

Sharing is caring!


“Düşünürəm ki, indiki mərhələdə “TikTok”un ölkə ərazisində məhdudlaşdırılması tamamilə düzgün addımdır. Çünki ordumuzla, əsgərlərimizlə bağlı ən çox dezinformasiya, feyk xəbər, hərbi sirrlər məhz “TikTok”da paylaşılırdı”. 

Oxu.Az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli deyib.

O bildirib ki, ermənilər “TikTok”dan informasiya mənbəyi kimi istifadə edirdilər:

“TikTok”un məhdudlaşdırılması ilə ermənilərin də informasiya mənbələri bloklanmış oldu. Çünki son günlər şahidi olurduq ki, Ermənistan mətbuatı “TikTok”un Azərbaycan seqmentində paylaşılan bəzi videolardan istifadə edərək, ölkəmiz əleyhinə kampaniya aparırdılar. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bəzi istifadəçilər yenə də hərbi sirr hesab edilən məlumatları sosial şəbəkədə paylaşırdı. Bir daha sosial media istifadəçilərini ölkə qanunvericiliyinin tələblərinə riayət etməyə, dəqiqləşdirilməmiş informasiya yaymamağa, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.

Xatırladaq ki, bu gündən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir