Siyasət

Vətən müharibəsində əldə etdiyimiz zəfərdə “Əsrin müqaviləsi” mühüm pay sahibidir

Sharing is caring!


Azərbaycanın müstəqil dövlət kimi dayanıqlı və sabit inkişafının təməlini təşkil edən “Əsrin müqaviləsi”nin imzalanmasının 29 ili tamam olur. Ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi, gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin 20 sentyabrında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş” imzalandı. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib. Həmin il, dekabrın 12-də “Əsrin müqaviləsi” Azərbaycan parlamentində ratifikasiya olunub.

“Kaspi” qəzetinin “Əsrin müqaviləsi”nə həsr etdiyi məqaləsində deyilir:

“Əsrin müqaviləsi” dünyaya sübut etdi ki…

Müəllifi ümummilli lider olan bu sazişlə Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub. Hansı ki, sonrakı illərdə ölkəmizin iqtisadi inkişafının lokomotivini təşkil edib. “Əsrin müqaviləsi” bütün dünyaya bir daha sübut etdi ki, bundan sonra təbii sərvətlərimizin əsl sahibi Azərbaycan xalqıdır. Bu sərvətlər ölkəmizin suverenliyinin, milli mənafeyinin qorunmasına, iqtisadi və strateji maraqlarımızın təmininə xidmət edəcək. Dövlətimizin təhlükəsizliyinin təminində əsas qarantlardan biri olacaq. Zaman keçdikcə bu hədəflər reallaşdı və Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi. Bu gün “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminat vasitələrindən biridir.

Sonrakı uğurların təməlini qoyan saziş 

Qeyd edək ki, “Əsrin müqaviləsi” həm maliyyə yatırımları, həm də karbohidrogen ehtiyatlarının həcminə görə enerji sektorunda bu zamana qədər imzalanmış ən böyük beynəlxalq layihələr sırasında yer alır. Bunun məntiqi nəticəsi olaraq “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlərlə Azərbaycan dövləti arasında neft-qaz yataqlarının işlənməsi sahəsində daha 34 saziş imzalanıb. Nəticədə 2010-cu ildə Azərbaycanda neft istehsalı, tarixində rekord həddə çatıb. Ölkəmizin neft-qaz siyasəti sonrakı illərdə daha da genişləndi və qlobal əhəmiyyət daşımağa başladı. Avropa ölkələrinin neftə olan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri inşa edildi. Azərbaycan iqtisadiyyatının əsas maliyyə arteriyalarından olan bu kəmər “Əsrin müqaviləsi” adını alan sazişin imzadan praktik fəaliyyətə köçürüldüyünün isbatı idi.    

Ölkəmiz qarşısında açılan geniş imkanlar 

“Əsrin müqaviləsi”nin ölkəmizin qarşısında açdığı geniş imkanlar nəticəsində Bakı hədəflərinə doğru inamla irəliləyir. Bu gün Azərbaycan ardıcıl olaraq qlobal enerji təhlükəsizliyinin təmininə əhəmiyyətli töhfələr verən mühüm beynəlxalq layihələrə imza atır. TANAP, TAP kimi meqalayihələr məhz Azərbaycanın təşəbbüsü və maliyyə imkanları hesabına reallaşıb. Artıq ölkəmiz tək neft ixracatçısı yox, həm də qaz ixracatçısıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq yeni inkişaf mərhələsindədir. Burada yaşıl enerji ixracı ilə bağlı imzalanan sazişlər xüsusilə qeyd edilməlidir. 

Tarixi zəfərdə “Əsrin müqaviləsi”nin payı

30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdə də “Əsrin müqaviləsi” mühüm pay sahibidir desək, yanılmarıq. Neft-qaz ixracından əldə edilən gəlirlər sayəsində müasir ordu quruculuğunun həyata keçirilməsi, beynəlxalq münasibətlər sistemində haqq səsimizin davamlı olaraq eşidilməsi və işğalın aradan qaldırılması istiqamətində beynəlxalq hüquqi baza rolunu oynayan çoxsaylı qətnamələrin, qərarların, bəyanatların qəbulu buna misaldır. 

Ulu öndərin söylədikləri reallığa çevrilir

“Əsrin müqaviləsi”nin Azərbaycan üçün əhəmiyyətini ulu öndər belə dəyərləndirmişdi: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Həqiqətən də, ümummilli liderin illər öncə dediyi bu fikirlər artıq reallıqdır. Son üç ildə Azərbaycan qalib ölkədir. Artıq “işğal altında qalan torpaqlar” anlayışı yoxdur. İndi Yuxarı Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işləri həyata keçirilir. İllərlə öz doğma el-obalarına həsrət qalan soydaşlarımızın böyük qayıdışı yaşanır. Milyardlarla vəsait hesabına həyata keçirilən bu işləri Azərbaycan öz daxili maliyyə imkanları ilə reallaşdırır. Dayanıqlı və sabit iqtisadi inkişaf hesabına formalaşan bu müstəqil imkanların əsas özülünü isə 29 il əvvəl ulu öndər tərəfindən imza atılan “Əsrin müqaviləsi” təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir