Siyasət

Putin-In danışıqları: Şimali Koreya Ukraynaya “gəlir”? – TƏHLİL + FOTO

Sharing is caring!


Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın “Vostoçnı” kosmodromunda baş tutan müzakirələri ikitərəfli əlaqələrdə tərəfdaşlığın yüksələn xəttinin davam edəcəyi ehtimalını gücləndirir. 

Rusiyanın şərqində baş tutan görüşdən sonra Şimali Koreya lideri Kremlin Ukraynada həyata keçirdiyi hərbi kampaniyasını müqəddəs mübarizə kimi qələmə verərək ona tam dəstəyini ifadə etdi.

Qəribə deyil, Rusiya Şimali Koreyanın raket proqramlarını, atom sualtı gəmilərini kritik və qabaqcıl texnologiyalarla təkmilləşdirməkdən ötrü Pxenyana köməklik edəcəyini söz verir.

Hiss olunacaq dərəcədə görünür ki, Şimali Koreya-Rusiya hərbi əlaqələrinin yenilənməsi Pxenyanın çoxdan arzuladığı texnologiyalara çıxışını reallaşdırmağa yaxşı şərait yaradır.

Bu, tez-tez ballistik raketlərin sınağını keçirən, lakin ən müasir silahlar üzrə dünya reytinqində o qədər də yüksəkdə olmayan Şimali Koreyanın BMT qərarlarına itaətsizlik göstərməsini davam etdirəcək stimuldur. 

Putinə gəlincə, o, bunun müqabilində Kim Çen Indan Ukraynadakı müharibəyə görə Moskvaya dəstəyini davam etdirməyi, hətta Kiyev-Qərb oxuna qarşı strateji və taktiki əməkdaşlığın çərçivələrində əhəmiyyətli yer tutmağı istəyir.

Burada qlobal siyasi nizamın dağıdılıb onun yenisi ilə əvəzlənməsi prosesində Şimali Koreyanın arta biləcək rolunu qeyd etmək məntiqli səslənir.

Çünki Putin-In görüşünün nəticəsi olaraq Şimali Koreyanın Ukrayna əleyhinə Rusiyanı həddindən artıq silah-sursatla təmin etməsi üçün böyük bir hərbi müqavilə imzalanması baş tuta bilər.

Bu məsələ regional yox, qlobal tablonu qarışdırır, çünki Moskva ilə Pxenyanın Ukraynaya qarşı birliyində Çinin də yer alacağı ehtimalları zəif versiya deyil. Üstəgəl, Rusiya ilə Şimali Koreyanın əlaqələri ABŞ-Cənubi Koreya-Yaponiya üçtərəfli formatındakı əməkdaşlığa təkan verir.

Beləliklə, Ukraynadakı müharibənin gedişatı Rusiya-Şimali Koreya arasında hərbi, siyasi ehtiyacların və maddi maraqların yaxınlaşmasına, Çinin həmin çərçivələrdə möhkəmlənməsinə, alternativ olaraq isə Qərb-Cənubi Koreya-Yaponiya bucağındakı dərəcələri artırmağa zəmin yaradır.

Ancaq Rusiya-Şimali Koreya isti münasibətlərinə Çinin cəlb edilməsi cəhdləri üçtərəfli formatda istənilən nəticələri bəxş etməyə bilər. Ona görə ki, mümkün Rusiya-Şimali Koreya-Çin koalisiyasının strateji dərinlikdə qalması Pekin üçün məqbul sayılmır.

Bu fikri söyləyəcək məntiq bu amilə söykənir ki, Çin özünün alternativ güc kimi böyüməsini fərqləndirici xüsusiyyətlərlə həyata keçirir, bunu iqtisadi-ticari layihələrə sızmaqla inkişafa qərq edir.

Hər halda, Rusiya-Şimali Koreya əlaqələrinin çoxtərəfli koalisiyaya keçid edib-etməməsindən asılı olmayaraq, ABŞ narahatdır. ABŞ öz narahatlıqlarını diqqət mərkəzinə salmaqdan ötrü Rusiya-Şimali Koreya oxuna qarşı təzyiqlərinin ölçüsünü böyüdəcək.

Çünki Vaşinqton onu quyuya sürükləmək üçün qeyri-adekvat hərbi imkanların görünməsinə imkan verməməyi öhdəsinə götürüb.

ABŞ və onun müttəfiqləri Şimali Koreyanın Rusiyaya dəstək məqsədilə Ukraynaya göndərə biləcəyi hərbi texnikalara qarşı çıxmaq üçün iqtisadi və informasiya əməliyyatlarını inkişaf etdirə bilər.

ABŞ-nin iştirak etdiyi ittifaq və tərəfdaşlıqlar müdafiə məqsədlərinə diqqət yetirdiyindən Vaşinqtonun çətiri altındakı koalisiyalar Rusiya-Şimali Koreya münasibətlərindən doğa biləcək təhdidlərin qarşısını almaq üçün Vaşinqtondan yardımlar istəyə bilərlər. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir