Siyasət

Sentyabr döyüşləri Ermənistanın planlarını alt-üst etdi: Ordumuzun növbəti tarixi Zəfəri – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlikdən bir il ötür. Ötən il sentyabrın 12-14-də Ermənistan tarixinin növbəti fiaskosu, acı məğlubiyyəti ilə üzləşdi. 2020-ci il noyabrın 10-da imza atdığı Üçtərəfli Bəyanatın şərtlərini kobud şəkildə pozan Ermənistan üstündən iki il keçəndən sonra sərhəddə təxribatlar törətməyə çalışsa da, layiqli cavabını aldı. Ermənistan təxribat törətməklə qarşısına çox ciddi hədəflər qoymuşdu – beynəlxalq havadarlarını münaqişəyə cəlb etmək, revanşist siyasətlə mövcud vəziyyəti öz xeyrinə dəyişmək.

Açıq görünürdü ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya apararaq sülh danışıqları, kommunikasiyaların açılması, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj etməklə yanaşı, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının icrasından boyun qaçırır. Ermənistanda revanşist ab-hava qızışdırılaraq “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s. kimi iddialar süni şəkildə stimullaşdırılırdı.

Ermənistan hakimiyyəti tərəfindən ordunu bərpa etmək istiqamətində Rusiya, ABŞ, Hindistan və Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparılırdı. Eyni zamanda, Qarabağa hərbçilər və silah göndərilir, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı.

Nikol Paşinyan hökuməti sərhəddə irimiqyaslı hərbi təxribat törətməklə ümid edirdi ki, beynəlxalq birliyin diqqətini cəlb edəcək. İlk növbədə Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını (KTMT) prosesə cəlb edəcək. Əlində də arqument o olacaqdı ki, Azərbaycan onun ərazisinə hücum edib. Halbuki, iki ölkə arasında sərhədlər müəyyən edilmədiyindən hansısa bir sərhəddən danışmağa dəyməz. Bəs nə baş verdi? Azərbaycan tarixdə misli görünməmiş formada və qısa müddət ərzində Ermənistanın mənfur planını alt-üst etdi.

Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi yeddi saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Nəticədə bu döyüşlər də Azərbaycanın növbəti Zəfəri kimi tariximizə yazıldı. Həmin tarixdə Azərbaycan növbəti dəfə mühüm Zəfər qazandı, düşmən təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısını aldı.

Düşmənin xeyli sayda hərbi texnikası, milyard dollardan artıq dəyəri olan raketləri, rəsmi məlumata görə, 224, əslində isə 400-ə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi, yüzlərlə hərbçisi yaralandı. Ermənistan növbəti sarsıdıcı zərbə aldı. Faktiki olaraq sentyabrın ortalarında baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə uyğundur.

Azərbaycan növbəti dəfə təcavüzkar ölkənin hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Ermənistanın hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoyacağı da puç oldu. Təəssüf ki, ermənilərin bu təxribatı nəticəsində 80 əsgər və zabitimiz ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksəldi. Şəhidlərimizin qisası artıqlaması ilə alındı və onların qanı yerdə qalmadı. Hər bir şəhidimizin qarşılığında düşmən ağır zərbələr aldı.

Beləliklə, ermənilər bir daha əmin oldular ki, növbəti təxribatlara əl atsalar, daha da acınacaqlı vəziyyətə düşəcəklər. Onlar öz qəhrəmanlığını, igidliyini, şücaətini bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir