Siyasət

Tokayevin “hazır olun” bəyanatının pərdəarxası – TƏHLİL

Sharing is caring!


Zəngin sərvətlərə malik Mərkəzi Asiya regionu, deyəsən, növbəti münaqişəli hadisələrə şahidlik etmək ərəfəsindədir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu yaxınlarda “Batıl Toytarış-2023”adlı hərbi təlimdə çıxış edərkən verdiyi bəyanatdan regionla bağlı barıt qoxusunu hiss etmək elə də çətin olmamalıdır.

Cənab Tokayev bildirib ki, qlobal müdafiə sistemində genişmiqyaslı dəyişikliklər baş verir, müasir döyüş üsulları və texnikaları, xüsusən də hibrid döyüş növləri getdikcə geniş yayılır.

Hibrid müharibələrin davam etməsi və kəskinləşməsi fonunda Tokayevin Qazaxıstan ordusuna istənilən situasiyaya hazır olması tapşırığını verməsi geosiyasi toqquşmaların hansı regiona sıçrayacağını vurğulayır.

Bəli, bu, Mərkəzi Asiyadır. Yəqin ki, Tokayev regiondakı həssaslığın müşayiətində beynəlxalq nəqliyyat dəhlizlərində əhəmiyyətli yerə sahib olan Qazaxıstanla bağlı planların mövcud olduğunu qeyd edir.

Qazaxıstan xarici siyasətdə ehtiyatlı davranır, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, Rusiya-Qərb-Çin çəkişməsinin arasında manevretmə qabiliyyətini qoruyub-saxlayır.

Hərçənd ki, Tokayevin hakimiyyətinin möhkəmlənməsində KTMT qüvvələrinin rolu danılmazdır – məhz 2022-ci ilin yanvarında Qazaxıstandakı iğtişaşlar KTMT-nin iştirakı ilə yatırıldı və cənab Tokayev iqtidar pilləsindəki rəqiblərini ofsaydda qoydu.

Böyük ölçüdə Qazaxıstanda baş verən hadisələr qlobal oyunçuların, ələlxüsus Qərb, Rusiya və Çinin rəqabətinin “təntənəsi” idi. Qazaxıstandakı proseslər Mərkəzi Asiyada bundan sonra planlaşdırılan hərəkətlərin başlanğıc meydançası roluna malik idi.

Mərkəzi Asiya ABŞ, Böyük Britaniya, Rusiya və Çinin qlobal, Türkiyə, İran kimi oyunçuların regional profillərini qaldıran region kimi diqqətləri üzərinə çəkir.

Qlobal siyasətdə Mərkəzi Asiya Qərb, Rusiya və Çinin qlobal prioritetlərinin itilənməsi üçün şərait yaradan regiondur, Ankara və Tehrana gəlincə, onlar həmin beynəlxalq mübarizənin daxilində səmərəli əməkdaşlıq formatları axtarırlar.

Rusiyanın Ukraynadakı müharibə səbəbilə qarşılaşdığı maneələr onun Mərkəzi Asiyadakı nüfuzuna ciddi təsir etməyib, hərçənd, ABŞ regionda Moskvanın və Çinin təsirinə qarşı şübhələri artırmaq üçün imicini gücləndirir.

Ancaq regionda ABŞ-nin Rusiya və Çini üstələməsi ideyaları bir qədər sönükdür, ən azından buna görə ki:

1. Rusiya Mərkəzi Asiyanı SSRİ-dən miras qalan ərazi münaqişələrini idarə etməklə öz poliqonuna çevirə bilib;

2. Rusiyanın geosiyasi təsirləri və iqtisadi alətləri öləziməyib;

3. Çinin Ukraynadakı müharibə başlayandan bəri ABŞ-nin maraqlarını sıxışdırması istiqamətində irəliləyişlər əldə etməsi Mərkəzi Asiya regionunda da təzahür edir.

Buna görə də ABŞ düşünülmüş yanaşmaları əsas tutub, regiona iqtisadi alətlərlə, böyükhəcmli investisiyalarla daxil olmağı, nəhəng gəlirlər əldə edə biləcək sahələri inkişaf etdirməyi bacarmalıdır.

Cəlbedici görünən meyillərdən biri Qazaxıstanın Rusiyanın təsirlərini azaltmağa ən çox hazır olan ölkə kimi görünməsidir – yəqin ki, Tokayevin bəyanatının gizlinləri Kremlin buna cavab olaraq atacağı addımlar barədə xəbərdarlıq motivlərinə dayanır.

Qeyd olunmalıdır ki, beynəlxalq siyasətdə ölkəsinin səlahiyyətlərini, seçimlərini mühafizə etməyə çalışan Tokayevin ara-sıra Rusiya ilə bağlı ritorikası Astananın mütləq mənada Qərbə əyilməsi kimi qəbul oluna bilməz. Ola bilsin ki, Qazaxıstan Çinə doğru yön alır, Pekinlə münasibətlərin ruhunu qlobal nizamdakı mövqe dəyişiklikləri fonunda təzələmək istəyir.

Astananın belə xətti Qərbin də, Rusiyanın da mövqeyini tətikləyir, hərçənd ki, Qazaxıstan Çinlə Avropa arasındakı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) işləkliyi üçün əsas ölkələrdən biridir.

Başqa bir ölkədəki hadisələr də Mərkəzi Asiyaya təsiredici gücə malikdir, söhbət Əfqanıstandan gedir.

ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra qlobal və regional aktorların “Taliban”la görüşləri regiondakı seçim imkanlarını sövdələşmələr əsasında inkişaf etdirəcək.

ABŞ-nin Əfqanıstan teatrını tərk etməsindən sonra regionda reputasiyasını necə bərpa edəcəyi ilə bağlı proqram hazırlıqları var, hərçənd, Rusiya və Çinin də əlverişli variantları mövcuddur…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir