Siyasət

Bazarda hökmran mövqedən sui-istifadə qadağan olunur

Sharing is caring!


Bazarda hökmran mövqedən sui-istifadə qadağan olunur.

Oxu.Az xəbər verir ki, bununla bağlı Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin layihəsində qeyd edilib.

Məcəlləyə əsasən, bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir.

Təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulan rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları qadağan edilir.

Hökmran mövqedən rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları aşağıdakılardır, lakin bunlarla məhdudlaşdırılmır:

– aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi; 

–  müştərilərin mənafeyinə zidd olaraq istehsalın, satışın və ya texniki inkişafın (o cümlədən yeni texnologiyanın tətbiqinin) məhdudlaşdırılması;

–  müqavilənin bağlanılmasının onun predmeti ilə birbaşa əlaqəsi olmayan, yəni mahiyyətindən və kommersiya istifadəsindən asılı olmayan əlavə öhdəliklərin daxil edilməsi ilə şərtləndirilməsi, o cümlədən bir məhsulun satışı üçün digər məhsulun əldə edilməsinin məcburi şərt kimi müəyyən edilməsi və (və ya) məhsulun məcburi əlavə çeşidlə satışı;

– iqtisadi və ya texnoloji əsaslar olmadan uyğun ödəniş müqabilində məhsulun təqdim edilməsindən, əqli mülkiyyət hüquqlarından istifadədən, yaxud şəbəkədən (ümumi istifadə üçün yaradılmış hər hansı bir sistemdən) birgə istifadə mümkün olduqda ona çıxış imkanının yaradılmasından imtina edilməsi;

– hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən digər təsərrüfat subyektlərinin ona üstünlük verməyə məcbur edilməsi və ya hər hansı məhsulu onun rəqiblərindən deyil, yalnız ondan almağa sövq edilməsi;

– iqtisadi və ya texnoloji əsaslar olmadan satıcı və ya müştəri ilə bağlanılmış müqavilələrə xitam verilməsi, yaxud məhsulun təqdim edilməsi mümkün olduğu təqdirdə və qanundan irəli gələn hallar istisna olmaqla müqavilənin bağlanılmasından imtina edilməsi;

– müvafiq bazarda rəqabətin məhdudlaşdırılması ilə nəticələnən aşağı qiymətlərin, yaxud rəqiblərə davamlı olaraq rentabelli fəaliyyət göstərməyə imkan verməyən qiymətlərin tətbiq edilməsi (bu maddə hasilat və ya topdansatış bazarında hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən yuxarı qiymətlər tətbiq edilməklə həmin məhsulu ondan alan və emal və ya pərakəndə bazarında onunla rəqabət aparan təsərrüfat subyektlərinin fəaliyyətini məhdudlaşdıran davranışa da tətbiq edilir);  

– fiziki və mənəvi köhnəlmiş mallar, istifadədən çıxarılmış əsas və dövriyyə vəsaitləri istisna olmaqla, iqtisadi və ya texnoloji əsaslar olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılması;

–  iqtisadi cəhətdən mümkün və əlverişli olmasına baxmayaraq, rəqibin mühüm əhəmiyyətli resursdan istifadə etmək imkanından məhrum edilməsi;

– tələbat olan və bazarda qıtlığı müşahidə edilən xammalın, materialın və ya yarımfabrikatların hökmran mövqe tutan təsərrüfat subyekti tərəfindən onun istehsal və ya istehlak tələblərindən artıq həcmdə, yəni bazara təsir edən həcmdə alınması;

– hökmran mövqedə olan təsərrüfat subyektinə rəqib olmayan, lakin bir-biri ilə rəqib olan təsərrüfat subyektləri ilə bağlanılan eyni növ müqavilələrə obyektiv əsaslar olmadan fərqli şərtlərin (ayrı-seçkilik hallarının) tətbiqi ilə onların rəqabətdə əlverişsiz vəziyyətə salınması;

– bu məcəllənin 16.2.11-ci maddəsində nəzərdə tutulmuş hallarda eyni məhsulun alıcılarına münasibətdə aşağıdakılardan birinə gətirib çıxaran qiymət ayrı-seçkiliyinə yol verilməsi:

– rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına;

– eyni növ və eyni keyfiyyətli məhsul oxşar məzmunlu müqavilələr vasitəsilə müxtəlif alıcılara satıldıqda, qiymət və (və ya) satış ilə bağlı şərtlərin (hər hansı güzəşt, kompensasiya, kredit və ya ödəniş şərtlərinin) həmin alıcılar arasında ayrı-seçkilik yaratmasına.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir