Siyasət

Qərbi Azərbaycan Xronikası: Arçut kəndi hansı bitki adı əsasında yaranıb? – FOTO/VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Pəmbək mahalının, Böyük Qarakilsə (keçmiş Kirovakan) rayonunun Arçut kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə Arçut kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, aqrar sahəsi, xalçaçılığı, mətbəxi, iqlimi, bayram ənənələri və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşən kənd Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilib. Ardıç bitkisi adı əsasında yaranan kəndi Arçut çayı 2 bölür və soyuq kontinental iqlimi var. Əkinçilik və heyvandarlıq daha geniş yayılıb. Buradakı tikiş fabrikində 1 230 nəfər çalışıb.

Qeyd olunub ki, kənddə 1711-ci ildən etibarən məscid olub:

“Kənddə 1831-ci ildə 137, 1873-cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914-cü ildə 759 nəfər azərbaycanlı yaşayıb. Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunublar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda biliblər. 1922-ci ildə 697, 1926-cı ildə 820, 1931-ci ildə 886, 1939-cı ildə 1 052, 1959-cu ildə 1 295, 1970-ci ildə 2 009, 1979-cu ildə 2 172 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ilə qədər burada azərbaycanlılar yaşayıb və 655 yaşayış evi, 6 545 nəfər əhalisi olub”.

Verilişdə Arçutda məzarlıqlar barədə də maraqlı məlumatlar verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir